Məşhur professor Bakıda iti insana çevirdi - REPORTAJ/FOTO

Məşhur professor Bakıda iti insana çevirdi - REPORTAJ/FOTO
17:03 20 İyun 2019
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrında rejissor Asiman Ağa Rövşənin məşhur rus yazıçısı Mixail Bulqakovun parlaq “İt ürəyi” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşasının təqdimat mərasimi baş tutub. Əlbəttə ki, məşhur əsərləri səhnələşdirmək çətindir, üstəlik ona artıq güclü bir film çəkilib. Odur ki, çoxlarına məlum olan klassikanı ərsəyə gətirmək ikiqat məsuliyyətdir. Bununla belə yeni başlayan rejissor ədəbi materialın hazırlanması və direktorluğu öhdəliyini cəsarətlə öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, rolları əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə canlandırıb.

Bulqakov “İt ürəyini” 1920-ci illərin ortalarında “rus inqilabı" ideyası üzərində Rusiya hakimiyyətinə qarşı siyasi satira kimi yazıb. “İt ürəyi” povestini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya kimi, təbiət işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciyyələndirmək olar.

Tamaşa kimsəsiz sakinin şaxtalı bir qış gecəsində soyuqdan donaraq ölməsi, daha sonra qocanın (Ayşad Məmmədov) səhnəyə çıxaraq dünyanın dağılacağını elan etməsi və “Tanrı yolundan başqa nicat yolu yoxdur. Eşidin, məni! Gözəl insanlar, eşidin məni - Dünya dağılacaq” deyə fəryad edərək ümid dilənməsi ilə başlayır. Qocanın səsi hər kəsi vahiməyə salıb tamaşaçıları bəşəriyyətin gələcəyi haqqında düşünməyə vadar edir.

Əsərin qəhrəmanı - xeyirxah professor ­Filipp Filippoviç Preobrajenski (Qasım Nağı) öz tələbəsi Bermontal (Vüsal Murtuzəliyev) ilə yerdə yatan səfilə yardım etmək istəsə də, görürlər ki, o, canını bir neçə dəqiqə əvvəl tapşırıb. İnsan təbiətinin yaxşılaşdırılması barədə elmi axtarışlar edən professor dərhal ölmüş cəsəd üzərində xain planlar qurur və onu evinə gətizdirir. Əsas hadisələr də Preobrajenskinin 7 otaqlı sadə bəzədilmiş mənzilində, daha doğrusu, onun qaranlıq kölgəsi fonunda baş verir.

Bu illərdə elmin qabaqcıl nailiyyətlərinin köməyilə insanı cavanlaşdırmaq ideyaları çox populyar idi. Sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanmaqla məşğul olan professor görünməmiş təcrübə həyata keçirməklə insan modelinin ali varlığını yaratmaq iddialarına qapılır. Amma eksperiment üçün ona daha bir canlı, dəqiq desək, it lazım idi. Bir rubla aldığı kolbasa və nəvazişlə küçə iti Şariki tovlayan Filipp Filippoviç onu yeddi otaqlı mənzilə gətirir.

O, iti ona görə evə gətirmir ki, ona yazığı gəlir, yaratmaq ehtirası alimi görünməmiş elmi naliyyətləri həyata keçirməyə sövq edirdi. Onun təcrübəsi fantastikdir: insan beyninin bir hissəsini itə köçürməklə yeni bir insan yaratmaq. Professor Preobrajenski elmi fəaliyyətində o qədər irəli gedir ki, insan hipofizinin küçə itinə transplantasiyası ilə görülməmiş bir təcrübə keçirmək qərarına gəlir. Nəticələr bütün gözləntiləri aşmaqla qalmır, yaradıcısını da heyrətə gətirir. Şarik zahirən insan siması alır, xeyirxah it ürəyi isə təəssüf ki, zamanla bəsit insana ürəyindən fərqlənir.

Tamaşanın gedişatında küçə iti üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu "insanın" yaramaz bir məxluqa dönməsi təsvir olunur. Vətəndaş Şarikov müasir sovet cəmiyyətinə uyğunlaşır, hətta bir mövqe tutmağı və qalxmağı bacara bilir. Bununla belə Şarik təbiət qanunlarına qarşı çıxan sahibini cəzalandırır və çox sayda insanın evsiz qaldığı bir dövrdə yeddi otaqlı mənzildə tək yaşayan professorun evini əlindən alaraq onu həbsə göndərir. Tamaşada Nurlan Süleymanlının oynadığı Şarikov, yəni insana çevrilən it obrazı həm də öz səmimiyyət çarəsizliyilə xüsusi rəğbət oyadır. Gündən-günə daha çox insana çevrilən Şarikov elmi sınaqların aparıldığı bu mənzili professordan alaraq göstərir ki, təbiətə qarşı çıxmaq olmaz. Bu, əslində dəhşətli təcrübənin qurbanı olan Şarikin öz azadlığı üzərində çaldığı qələbə idi. Adətən, bu əsərin ideyasını onda görürlər ki, guya it insana çevrilsə də, it olaraq qalacaq. Lakin povestin mənası daha dərindir və o, əslində insana çevrilən itə qarşı deyil, sosializm rejiminə qarşı yazılmışdır. Çünki insana dönən iti pozğun, oğru, əxlaqsız və yaramaz məxluqa çevirən onun it ürəyi deyil, rejim və mühit, onun nümayəndələridir.

Bulqakov povestində bu, tarixi həqiqət və ziyalıların siyasi oyunlarından doğan yeni insanın tragikomik taleyini göstərmək istəyirdi. Təxminən bir əsr sonra, gənc rejissor Asiman Ağa səhnə dekorasiyasında qurduğu güzgü ilə tamaşaçını üz-üzə qoyaraq “Ədalət hardadır? Elm budurmu? Bəs sonra?” kimi suallara cavab tapmağa səsləyib. Oyunun ideyasında belə və ya digər sualların cavabı sona qədər qaranlıq qalır, lakin cavabların qeyri-müəyyənliyi professorun "mənasız təcrübəsi"ndə öz əksini tapır.

Tamaşanın quruluşçu rejissoru Asiman Ağanın əsərdə ifa etdiyi Şvonder obrazı xüsusilə seçilir. Şvonder sovet hökumətini bütün varlığı ilə dəstəkləyən tipik obrazıdır. Professora inqilabın sinfi düşməni kimi baxan və nifrət edən, onun mənzilinin bir hissəsini əlindən almağa çalışan Şvonder, bundan ötrü Şarikovdan istifadə edir, ona mənzil üzərində hüquqları olduğunu deyir, sənədlər hazırlayır və onu Preobrajenskidən donos yazmağa vadar eləyir. Şvonder professora mümkün qədər çox ziyan vurmaqdan ötrü əlindən gələni edir və buna müvəffəq olur.

Rejissor bildirib ki, bu əsər müəyyən mənada dövrümüzlə səsləşir:

“Şarikov insan modeli bütün dövrlərdə olmuş və olacaq personajdır. Bu persanaj ilk dəfə Bulqakovun əsərində meydana çıxmayıb. O, “Faust”, hətta “Pinokio”, “Buratino” kimi uşaq əsərlərində də istifadə olunub. Nəticədə Şarikov özü də bu model üzərində çıxış edir. O, heç nədən böyük insan məqamına çatır. Amma kiçik olduğu üçün o, böyük məqamda xarakterin zəifliyi özünü göstərir. Mahiyyəti xırda olduğu üçün özünü böyük dünyaya sığdıra bilmir. Odur ki, böyük məkan içərisində özünü itirir, yoxa çıxır. Şarikov modeli bütün dövrlər üçün aktualdır. İnsan bəzən bilmədən öz düşmənini yaradır. Yazıçının vurğulamaq istədiyi əsas mesajlardan biri də bundan ibarətdir”.

Rejissor tamaşada böyük alqışlarla qarşılanan Nurlan Süleymanlının təsirli rolu haqqında bunları deyib:

“Baş rolu ona verəndə düşündük ki, öhdəsindən gələ bilər. Bu uğuru təxmin etmişdik, təxmin etdiyimizi Allah bizə yetirdi”.

Tamaşada professorun tələbəsi və ya sadiq qulu Bormental obrazını oynayan Vüsal Murtuzəliyevin süjet boyu dəyişməz olaraq qalır və digər qəhrəmanlardan fərqli olaraq karikatura formatına keçmir. Professor Bormentalı dünyada yeganə sevginin elm olduğunu inandırmağa və onu sevgilisindən ayırmağa məcbur edir. Preobrajenski hesab edir ki, sevgi elmdə nailiyyətlər əldə etməyə mane olan əsas amildir. Onun üçün sevgi düşmən cildində çıxış edir. Lakin sonda məlum olur ki, Bormental sevdiyi qadına ən az professora olduğu qədər vəfalıdır. O, müəlliminin təkidi ilə Zinadan nəinki uzaqlaşmır, onunla ailə qurub övlad sahibi olmağa hazırlaşır, amma professordan xəbərsiz. Yazıçı burda onu göstərmək istəyib ki, tənhalıq karyerada böyük uğurlar qazanmağa kömək etsə də, realda heç kimə xoşbəxtlik gətirmir.

Sonda küçədə yaşayan qoca yenidən səhnədə peyda olur və bu dəfə vəd edir ki, dünya dağılmayacaq, ən azəndan proletar rejim icazə verməyənə qədər...

Aytən Məftun,

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/282439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR