Məşhur türk aktyor: "Yaxşı insanam, tanısanız, çox sevərsiniz" - FOTO

Məşhur türk aktyor: "Yaxşı insanam, tanısanız, çox sevərsiniz" - FOTO
20:57 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən türk aktyor Ümit Bülent Dinçerlə müsahibəni təqdim edir
– Aktyor olmaq öz istəyiniz idi, ya təsadüf?
 
– Əlbəttə, öz istəyim olub. 
 
– Bu peşədə sizin marağınızı cəlb edən nə idi ki, aktyor olmaq istədiniz?
 
– Hər zaman özümü bir çox sahədə inkişaf etdirmək istəmişəm. Eyni zamanda da daha çox şey öyrənmək məcburiyyətində qaldığım bir peşəmin olmasını arzulamışam. 
 
– Aktyorluq sənəti ilə tanışlığınız neçə yaşınızdan başlayıb?
 
– İlk dəfə teatrda aktyor kimi fəaliyyətə başladım. O zaman 14 yaşım var idi. Amma professional peşə həyatıma isə 28 yaşımdan başlamışam. 
 
– Bu sənətə gəldiyiniz zaman oxşamaq istədiyiniz aktyor var idi, yoxsa özünüzə xas olan obrazları yaratmaq niyyətində idiniz?
 
– Hər hansı bir idealım olmayıb. Amma sənətini layiqincə yerinə yetirən ustadların hər birindən fərqli-fərqli öyrəniləcək nələrsə tapıram. Onların həyat hekayələrindən ilham alıram. 
 
– Aktyorluqdan əlavə başqa bir məşğuliyyətiniz var?
 
– Musiqi ilə də məşğul oluram.
 
– Maraq dairənizdən danışın. Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
 
– Səyahət etməyi, foto çəkməyi və idmanla məşğul olmağı sevirəm. 
 
– Hansı universitet və hansı fakültədən məzunsunuz?
 
– Anadolu Universitetinin İqtisad və İctimai İdarəçilik fakültəsinin məzunuyam. 
 
– Teatr həyatınızdan bəhs edin. Canlandırdığınız ən vacib obrazları realdakı sizlə müqayisə edəndə necə görüntü yaranır?
 
– Canlandırdığım obrazlara da özümə uyğun olan xüsusiyyətləri qatmağa çalışıram. Amma mən daha çox bunun əksini düşünürəm. Bu, yəqin ki, daha çox mənim ifa etdiyim rolları nə dərəcədə oynamağımdan asılıdır.
  
– Hansı sizə daha doğmadır: teatr yoxsa kino?
 
– Hər ikisi də mənə doğmadır. İkisi də aktyorluq sahəsinə aiddir və hər biri də ayrı-ayrılıqda peşəkarlıq tələb edir. 
 
– Necə birisiniz? Xasiyyətinizi necə ifadə edərdiniz?
 
– Bu ümumi sualdı, amma qısa olaraq deyə bilərəm ki, yaxşı insanam, tanısanız, çox sevərsiniz. 
 
– Nələrdən xoşunuz gəlir, yaxud da tam tərsi – nifrət etdiyiniz şeylər hansılardır?
 
– Səmimiyyət, təbiilik və reallıqdan, eləcə də, yaxşılıq etmək kimi xüsusiyyətlərdən çox xoşum gəlir, amma bunların əksini etməyə nifrət edirəm. 
 
– Yəqin ki, futbol həvəskarı olarsınız, nə də olsa, oğlanların ümumi sevgisi futboldur. Hansı futbol komandasına azarkeşlik edirsiniz?
 
– Beşiktaş tərəfdarıyam.
 
– Hansı müğənninin mahnıları sizin ruhunuzdan xəbər verir?
 
– Olduqca çoxdur, hansı birini sayım? Amma təbii ki, Sezen Aksunun mənim üçün yeri bir başqadır. 
 
– “Dabbe – 5 Zehr-i cin” kimi qorxu filmində iştirak etmək necə duyğudur?
 
– Fərqli hisslərdir. Fövqəladə hadisələrlə dolu filmdir və bu cür filmlərdə təcrübələrimizdən yola çıxma şansımız heç olmur. Demək olar ki, xəyal gücümüzə güvənib, rejissora əmanət olub oynayırdıq. 
 
– “Dabbe”dən qorxmadınız? “Ya bütün bu yaşadıqlarımız doğrudan olsaydı?” – deyə heç ağlınızdan keçirdiniz?
 
– Qorxmadım, amma doğrusu, realda “Dabbe”nin ola bilmə ehtimalını düşünmədim desəm, yalan olar. 
 
– Yəqin ki, həyatda nədənsə qorxma ehtimalınız var. Bir az da qorxularınızdan danışın.
 
– Hündürlükdən deyil, amma ümumiyyətlə, düşmək ehtimalından hər zaman qorxmuşam. 
 
– Hazırda aktyorluq fəaliyyətiniz necə gedir? Canlandırdığınız yeni obrazlar var?
 
– Aktyorluq fəaliyyətim yaxşı gedir. İstanbul Şəhər Teatrlarında bir-birindən gözəl rolları ifa etmə şansı qazanıram. 
 
– Bəs irəliləyən zamanlarda nə kimi planlarınız var?
 
– Rejissor kimi öz filmlərimi çəkməyi və tamaşa ssenarisi yazıb həmin tamaşanı səhnələşdirməyi düşünürəm. 
 
– Bu günə qədər dünyanın bir çox ölkələrində gəzdiniz. Müqayisə etdiyinizdə nələrin “kaş ki bizdə də belə olsaydı, yaxud da bizdə bu daha yaxşıdır” – deyə düşündünüz?
 
– Bir başqadır mənim məmləkətim. (gülür)
 
– Yeni ili harda və necə keçirdiniz?
 
– Evdə, sevdiklərimlə birgə keçirdim. 
 
– Azərbaycanda olmusunuz? “Azərbaycan” deyəndə ilk ağlınıza gələn nə olur?
 
– Heç olmadım. Amma “Azərbaycan” deyəndə ilk ağlıma gələn şey oranın gözəl ləhcəsi, bir də çox sevdiyim xalq mahnılarıdır. 
 
– Azərbaycanın məşhur simalarından kimi tanıyırsınız?
 
– Məlahət Abbasovanı. 
 
– İştirak etdiyiniz “Aşk tesadüfleri sever”, bir də “Dabbe Zehr-i Cin” Azərbaycanda demək olar ki, ən çox izlənən filmlərdəndir. Bura gəlməyi düşünürsünüz?
 
–Bu günə qədər ora gəlmək şansım olmayıb, amma gəlməyi çox istərdim. Hər kəsə sevgi və hörmətlərimi bildirirəm. Ümid edirəm ki, neçə-neçə film, serial, tamaşa və mahnılarla onlara könül dostu olaram.
 
Milli.Az
 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR