Bakıda Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib

Bakıda Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib
12:29 24 İyun 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Ümümdünya İrs Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova açıq elan edib.

G.Məmmədova forumun əhəmiyyətini qeyd edərək bildirib ki, tədbir Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim etməyə imkan verir.

Rektor qeyd edib ki, bu gün Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində mədəni irsimizə çox ziyan dəyib: “Bu təhlükələr barəsində forumda iştirak edən 30 ölkənin nümayəndəsinə məlumat vermək imkanımız olacaq”.

Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək forumun dünya üçün əhəmiyyətli olduğunu qeyd edib.

Nazir bildirib ki, forum gənclərin yeni təcrübə qazanmasına imkan verir:

"Forumda gənclər bu sahədə qarşıda dayanan mühüm məsələləri müzakirə edəcək, təcrübə və fikir mübadiləsi aparacaq. Forum yeni ideyaların meydana çıxmasına səbəb olacaq.

Nazir forumun təşkil edilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra açılış mərasimində Dünya İrs Mərkəzinin direktoru Meştild Roslerin iştirakçılara videomüraciəti səsləndirilib. Müraciətdə M.Rosler forumun vacibliyini qeyd edərək tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Qeyd edək ki, Dünya İrs Komitəsinin bu ilin 30 iyun - 10 iyul tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edir. Belə ki, dünyanın 30 ölkəsindən açıq müsabiqə yolu ilə seçilmiş 30 gənc irs mütəxəssisi bu Forumda iştirak edir. Builki Forum 24 iyun – 02 iyul tarixində baş tutacaq, mövzusu “Ümümdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar” olacaq.

Forumun ümumi məqsədi 21-ci əsrdə dünyada irsin idarəedilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Forumun proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, tədbirin ilk 4 günü fərqli məkanlarda baş tutacaqdır: Memarlıq və İnşaat Universiteti, İçərişəhər Administrasiyası, Qobustan qoruğu və tarixi Qəbələ-İsmayıllı-Lahıc bölgəsi. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər və həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.

Açılış mərasiminin ardınca Mədəniyyət Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3080569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR