Onlar makarona sitayiş edirlər - FOTO

Onlar makarona sitayiş edirlər - FOTO
21:17 15 Yanvar 2015
205 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kanzas ştatının Təhsil Şurası 2005-ci ildə məktəblərin dərs proqramına təkamül nəzəriyyəsi ilə birlikdə “Ağıllı dizayn” təliminin də salınmasına qərar verir. Amerikanın Oregon əyalət Universitetinin Fizika fakültəsinin məzunu Bobbi Handerson isə Kanzas ştatının Təhsil Şurasının verdiyi bu qərara etiraz olaraq Uçan Spagetti Qulyabanısı Kilsəsini (The Church of the Flying Spaghetti Monster) və Pastafaryanizm dinini yaratdığını elan edir. Şuraya yaratdığı dini təlimin də tədris proqramına salınması ilə bağlı açıq məktub göndərir. 2006-cı ildə Handersonun məktubunun bir hissəsi populyar “Playboy” jurnalında işıq üzü görür. Getdikcə özünə tərəfdar toplayan Handerson və Uçan Spagetti Qulyabanısı Kilsəsi populyarlaşmağa və parodik bir dinə çevrilməyə başlayır. Uçan Spagetti Qulyabanısı kilsəsinin tərəfdarları özlərini pastafaryanlar adlandırır. Uçan Spagetti Qulyabanısının gövdəsi makarondan, gözləri kotletdəndir. Pastafaryanizm sözü italyan dilindəki “pasta” (makaron) və Efiopiyada qədim inanclardan biri olan “Rastafaryanizm” sözündən yaranıb.
Milli.Az kulis.az-a istinadən bildirir ki, pastafaryanizm nə qədər ironik və parodik bir din olsa da, ətrafına xeyli tərəfdar toplamağı bacarıb. Pastafaryanizmin populyarlığı o qədər artır ki, Riçar Daukinz kimi məşhur ateist alimlər, yazılarında və müsahibələrində bu din haqqında danışmağa başlayır.
 
Cənnətdə pivə vulkanları və striptizçi vəd edən din
 
Handerson yaratdığı dinin əsas qanunlarını “ağıllı dizayn” tərəfdarlarının irəli sürdüyü tezislərə parodik olaraq hazırlayır və təqdim edir:
 
- Kainat, dağlar, ağaclar və bir cırtdanla birlikdə görünməyən və naməlum Uçan Spagetti Qulyabanısı tərəfindən yaradılmışdır.
 
- Kainat haqqında bütün dəlillər Uçan Spagetti Qulyabanısı tərəfindən yerləşdirilib. USQ ətrafımızdakı bütün şeyləri olduğundan daha yaşlı göstərərək, pastafaryanların inanclarını imtahan etməkdədir.
 
- Pastafaryan inancına görə cənnət:
 
a) Ucsuz-bucaqsız pivə vulkanları ilə doludur...
 
b) Striptizçi fabriki var.
 
- Pastafaryan dinin mətnlərinə “Səfeh” deyilir. Yəhudilikdəki “On əmr”ə parodik olaraq, əxlaqi cəhətdən daha zəif “Etməsəniz çox məmnun olaram” başlıqlı, 8 maddədən ibarət qaydalar var.
 
- Pastfaryanlar duaların və müqəddəs mətnlərinin bəzilərinin sonunda “RAmen” deyirlər. Bu söz musəvilikdə, xristianlıqda və islamda istifadə edilə “Amin”(ing. Amen) sözü ilə, bir makaron növü olan “ramen” adının birləşməsindən yaranıb. 
 
80.000 dollara yazılan müqəddəs kitab
 
Pastafaryanizmin populyarlaşması Bobbi Handersonun işinə yarayır. 2005-ci ildə Uçan Spagetti Qulyabanısının müqəddəs kitabını yazmaq üçün ona 80. 000 dollar təklif edirlər. Puldan imtina etməyən Handerson işə başlayır və “Uçan Spagetti Qulyabanısının müqəddəs kitabı” adlı ironik bir roman qələmə alır. Kitab eyni zamanda Pastafaryanların müqəddəs kitabına çevrilir və USQ kilsəsini daha da məşhurlaşdırır. Handerson kitabın satışından qazanacağı pulla dəniz qulduru gəmisi alacağını, bu gəmi ilə dünya səyahətinə çıxıb, kafirləri pastafaryan dininə dəvət edəcəyini bəyan etdi və “Uçan Spagetti Qulyabanısının müqəddəs kitabı” 28 mart 2006-cı ildə işıq üzü gördü. “Uçan Spagetti Qulyabanısının müqəddəs kitabı”nı xristianların müqəddəs kitabı “İncil”ə parodiya hesab edənlər də var. “İncil”də tez-tez adı çəkilən Musa peyğəmbər obrazı, bu kitabda Kapitan Mosey kimi verilib. Eyni zamanda Musanın “On əmr”inə parodiya olan 8 maddəlik “Etməsəniz çox məmnun olaram” başlıqlı qaydalar da bu kitaba əlavə edilib. Pastafaryan inancına görə dəniz quldurları “mütləq müqqəddəslikdəki insanlar”dır və həqiqi pastafaryanlardır. “Quldur və oğru” insanlar olması fikri isə, orta əsrlərdə xristian din xadimlərinin ortaya atdığı səhv iddialardır. Pastafaryanizmə görə onlar “sülhsevər səyyahlar və xoşniyyətli elçilər”dir, uşaqlara şirniyyat paylayırlar. Handerson dəniz quldurları ilə bağlı fikirlərini Kanzas Təhsil Şurasına göndərdiyi məktubda da bildirir. O yazır ki, “Qlobal istiləşmənin, zəlzələlərin, tufanların, quraqlığın və başqa problemlərin səbəbi 1800-cü ildən bu yana dəniz quldurlarının sayının kəskin şəkildə azalmasıdır”. Hətta məktuba əlavə etdiyi bir sxemdə dəniz quldurlarının sayı azaldıqca, qlobal istiləşmənin artdığını göstərirdi. 
 
Yaradarkən sərxoş olan tanrı
 
Kanzas Təhsil Şurasına Handersonun etirazının qısa bir müddətdə bir “din”ə çevrilməsinin əsas səbəbi elektron media və internetdir. Handerson Təhsil Şurasına yazdığı məktubları və aldığı cavabları öz saytında dərc edir, bloggerlər də bu yazıları həvəslə paylaşır və şərh edirdilər. Bu həm də bir əyləncə mövzusuna çevrilir və yayılırdı. 2005-ci ildə oxuculardan birinin etirazını əsas götürən BoingBoing.net İsa Peyğəmbərin Uçan Spagetti Qulyabanısının oğlu olmadığını faktlarla sübut edə biləcək şəxsə 250.000 dollar mükafat təyin etdi. Daha sonra mükafatın miqdarı bir milyon dollara qədər artırıldı.
 
Handersonun “Uçan Spagetti Qulyabanısının müqəddəs kitabı”nda “Alternativ fikir” adlı xüsusi fəsildə “Ağılsız dizayn” adlı bir ehtimal irəli sürülür. Kitaba görə dünyadakı bütün problemlərin səbəbi Uçan Spagetti Qulyabanısı ilk canlıları yaradarkən içkili və diqqətsiz olmasıdır. Bu fikri dəstəkləmək üçün on sübut göstərilir. Bu sübutların içərisində diskoteka musiqisi, Jar Jar Binks (Corc Lukasın “Ulduz müharibələri” serialında yaratdığı xəyali obraz), ABŞ-dakı McDonalds şəbəkəsində satılan McPidgin(Mac Göyərçin) sendviçlərinə işarə edən köçəri göyərçinlərin azalması da var.
 
Pastafaryanların qadağaları: “Etməsəniz çox məmnun olaram”
 
1. Əgər mənim Makaroni varlığımdan bəhs edərkən sofuluk göstərməzsənsə, "mən səndən daha müqəddəsəm" kimi axmaq davranışların olmazsa çox məmnun olaram. Əgər bəzi insanlar mənə inanmazsa, problem deyil. Həqiqətən də o qədər eqoist deyiləm. Ayrıca məsələmiz onlar deyil, ona görə mövzunu dəyişdirməyək.
 
2. Əgər mənim varlığımı başqa insanları incitmək, təsir altına almaq, cəzalandırmaq, öldürmək, və ya kobud davranmaq üçün istifadə etməsəniz çox məmnun olaram. Mən qurban tələb etmirəm və saflıq suda olar, insanda yox.
 
3. Əgər başqa insanları mühakimə etmək üçün necə göründüklərinə və ya necə geyindiklərinə və ya necə danışdıqlarına baxmazsansa... Və ya sadəcə yaxşı davran, olarmı? Hə, bir də bunu küt beyninizə yerləşdirin: Qadın = insan. Kişi = insan. Eyni = eyni. Biri digərindən daha yaxşı deyil, təbii mövzumuz moda deyilsə, çünki inciməyin onda üstünlük qadınlardadır, hə, bir də bənövşəyi ilə narıncı arasındakı fərqi bilən bəzi kişilərdə. 
 
4. Əgər sizin və qarşınızdakının qanuni yaş həddi və ruhi yetkinliyə çatması sizi incidirsə və ya yoldaşınızın könülünün və iradəsinin razı olmadığı əlaqələrə girməsəniz çox məmnun olaram. Etirazı olanlara isə bunu söyləyə bilərəm: gedin özünüzü s….! (əsas mətndəki kimi senzuralara tətbiq edilib). Əgər bu cavabdan xoşları gəlmirsə gedib televizorlarını bağlasınlar, gəzməyə-zada çıxsınlar.
 
5. Əgər başqalarının fanatik, qadın düşməni, nifrət ehtiva edən fikirləriylə mədən boşkən mübahisə etməyə çalışmasan çox məmnun olaram. Əvvəl yemək ye, sonra nə p… yeyirsənsə ye!
 
6. Əgər Makaroni varlığıma özünü həsr etmək üçün milyon dollarlıq kilsələr /məbədlər/məscidlər/sinaqoqlar/türbələr tikmək əvəzinə pulu daha yaxşı məqsədlərlə xərcləsən çox məmnun olaram (istədiyini seç):
 
a) Kasıblığı ortadan qaldırmaq
 
b) Xəstəliklərə əlac tapmaq
 
c) Sülh şəraitində yaşamaq, ehtirasla sevmək və kabelli televiziya qiymətini ucuzlaşdırmaq. Mən kompleks karbohidratlı, sonsuz qüdrətli bir varlıq ola bilərəm, amma həyatdakı kiçik şeyləri sevərəm. Mənə inan. Axı yaradan mənim.
 
7. Əgər orada-burada qabağına çıxana səninlə danışdığımı deməsən çox məmnun olaram. O qədər maraqlı biri deyilsən. Bu qədər lovğalanma. Eyni zamanda sənə insanları sevməyini əmr etdim, bu ipucu sənə kifayət etmir?
 
8. Əgər, maraqlandığın mövzuda, yəni kapitulyasiya/sürüşkən/Kayzer Vilhelm kimi bir mövzuda, özünə rəva görmədiyin işləri başqalarına rəva görməsən çox məmnun olaram. Əgər qarşındakının könülü razıdırsa, (maddə 4-ə görə) əyil və Miki Fare eşqinə, KONDOM TAX! Ciddi deyirəm, bu yalnız bir rezin parçasıdır. Əgər özünü yaxşı hiss etməyinə mane olmaq istəsəydim onu tikanlı yaradardım.
 
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR