Altay Göyüşovun altı-beş vuran əfqan arzusu

Altay Göyüşovun altı-beş vuran əfqan arzusu
21:22 15 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Avraam Linkoln öz ata-anasını öldürüb məhkəmədə “mən indi yetiməm, əfv edin” deyə aman diləyən adam haqda eşidəndə onun ağlına lap birinci kim gəlmişdi? Bəli, siyasətçilər.

Bizim haqqında danışacağımız adam isə ReAl hərəkatının üzvü, tarix elmləri doktoru, professor Altay Göyüşovdur. Göyüşov Vaşinqtonda keçirilən “Azərbaycanda azad səsi necə boğurlar” adlı dinləmələrin iştirakçılarından biridir. Bu tədbiri Demokratiyaya Yardım Milli Fondu (NED) təşkil etmişdi.

Çox maraqlıdır, baxın görün KİV azadlığı haqda kim danışır? Arxeoloq, türkoloq-tarixçi... Əgər bu cənab heç olmasa işin mahiyyətindən danışsyadı, mövzunu sürüyüb əfqan çöllərinə aparmasaydı, buna yenə birtəhər dözmək olardı. Necə deyərlər, amma adam qaş qayırmaq istədiy yerdə vurub lap gözü də tökdü...

Yox, mən əslən erməni işğalındakı Ağdamdan olan cənab Göyüşovu ABŞ Dövlət Departamentində çıxış etmək fürsətindən diqqəti ABŞ-ın Qarabağ separatçılarına illik maliyyə yardımları göstərməsinin yersiz olduğuna yönəltmək üçün niyə istifadə etmədiyinə görə ittiham etmirəm.

Göyüşovu Krımın ilhaqına görə Rusiyaya dərhal sanksiya tətbiq edən, Ermənistanın işğalçılığına göz yumub əvəzində bütün diqqətini erməni işğalının qurbanına - Azərbaycana yönəldən Qərbin istifadə etdiyi “ikili standartlar”dan niyə təəccüblənməməsinə görə də günahlandırmıram.

Aydındır, ABŞ cənab Göyüşovu ona görə öz ağuşunda saxlamır ki, dəvət etsinlər, o da gəlib belə haqlı və məntiqli suallarla hamının ovqatını təlx eləsin, qanını qaraltsın.

Lakin bu cənabın məntiqinin və gətirdiyi “dəlil”lərin dərəcədə spesifik olmasına da heyrətlənməyə bilmirəm. Arxeoloq-politoloq Vaşinqton dinləmələrindəki çıxışından dərhal sonra öz facebook səhifəsində əfqan gerçəkliyindən danışmağa, bu gerçəkliyi vəsf etməyə başlayıb.

Bəli, bəli, səhv eşitmədiniz, söhbət Əfqanıstandan gedir. Bizim bu arxeoloq-orator Azərbaycanla Əfqanıstanı qarışdıran Leonid İliçin ənənələri ruhunda davranaraq amerikalıların xoşuna gəlmək üçün “Roma papasından da artıq katolik olmağa” çalışdı.

Cənab Göyüşov öz facebook səhifəsində amerikalıların Əfqanıstana müdaxiləsindən əvvəl neçə əfqanın məktəbə getdiyini yazıb, sonra isə indi neçə əfqan uşağının təhsil almasından söz açıb. Arxeoloq bunu d qeyd etməyi əşhədübillah vacib sayıb ki, bəs, 2002-ci ildə Əfqanıstanda orta ömür müddəti 42 il idisə, 2014-cü ildə bu rəqəm 64-ə çatıb.

Şübhəsiz ki, bu, gerontologiyada yeni tapıntıdır! “Göyüşov qanunu”na görə, orta ömür müddətini 12 il ərzində nə az, nə çox - düz 20 il artırmaq olarmış sən demə!..

Arxeoloq-politoloq bu “resept”in sirrini açmır. Lakin dünyanın aparıcı gerontoloqları onun bu bəyanatı ilə mütləq məşğul olmalıdır.

Mən arxeoloq-gerontoloqu elmi fantastikaya böyük töhfələr verdiyi üçün hətta mükafatlandırmağı da təklif edirəm. Axı bu cənab səhhəti ilə risk edərək bərk çalışır. Onda artıq amneziya inkişaf edir. Haradasa hallüsinasiyalar, qarabasmalar da başlayıb.

Bunun nəticəsidir ki, Göyüşov çox şeyi nə xatırlamır, nə də görmür. O cümlədən bunu da görmür və susur ki, “İndependent” qəzetinin versiyasına görə, Əfqanıstanda yalnız 2011-ci ilin iyununa olan məlumatlarda dinc əhali arasında itkinin 14-34 min nəfər arasında dəyişdiyi göstərilib. “Amnesty İnternational” təşkilatının 2012-ci ilə aid hesabatında deyilirdi ki, müharibədən xilas olmaq üçün doğma yurdundan qaçqın düşən 500 min əfqan öz ölkələrinin hökuməti və beynəlxalq birlik tərəfindən taleyin ümidinə buraxılıb. Göyüşov bunu da görmür.

Ən əsası odur ki, bizim bu dill-dilavər natiq ABŞ-ın Əfqanıstana dair rəsmən bəyan olunmuş ilkin məqsədlərinin nədən ibarət olduğunu da “unudub”. Bu məqsəd Taliban rejimini devirmək və Əfqanıstanı talibanların təsirindən xilas etmək idi. Bəs sonda nə gördük? Bu məsələdə tam iflasın şahidi olduq.

Əgər cənab Göyüşovun bundan xəbəri yoxdursa, onda deyək, bilsin ki, Barak Obama Taliban üzvlərini terrorçu kimi yox, leqal siyasi qüvvə kimi tanıyıb, onlara üçüncü ölkələrdə diplomatik nümayəndəliklər açmağa icazə verib. Bundan başqa, Obama taliblərə 2014-cü ildə Əfqanıstanda keçirilən prezident seçkilərində iştirak etməyə icazə verib. Bu isə Ağ Evin məğlubiyyətini boynuna alması və Əfqanıstanda hakimiyyəti amerikalıların 10 ildən çox müddətdə döyüşdüyü rəqiblərinə verməsi demək idi.

“REAL arxeoloq” bütün bu aşkar həqiqətlərin fonunda bugünkü reallıqlardan uzaq ağlagəlməz söhbətlər edir. Cənab Göyüşov faktiki olaraq yeni cildə - ABŞ-ın vəkili cildinə girməyə qərar verib. Əlbəttə, bu, onun hüququdur.

Lakin əgər cənab Göyüşov bu məntiq və əqli nəticə “bacarığı” ilə durub “ABŞ Xirosima və Naqasakiyə atom bombası atdığı üçün Yaponiya ona minnətdar olmalıdır, çünki bu bombalar atılmasaydı, yapon avtomobil sənayesi çiçəklənməz, dünya “Sony” şirkətinin məhsullarından məhrum olardı” desə, buna da heyrətlənmərəm.

Bu “məntiq ustası” durub “əgər avropalı müstəmləkəçilər ABŞ-ın köklü əhalisi olan hinduların kökünü kəsməsəydi, onları qırıb çatmasaydı, hindular Avropa sivilizasiyasının nümayəndələrini rezervasiyalarda çürüdəcəkdilər” desə, buna da təəccüblənmərəm. Buna heç gülməyim də gəlməz...

Axı bu adam çox qəribə siyasi bəyanatlar verir. Özünü yazının əvvəlində xatırlatdığımız Linkolnun qiymətləndirdiyi peşənin nümayəndəsi kimi aparır. O, açıq-aşkar dağıdılmış, qarət və talan edilmiş bədbəxt Əfqanıstanı “ABŞ-ın uğurunun nümunəsi” kimi sırıyır...

Elə təəssürat yaranır ki, cənab Göyüşov Azərbaycanı ikinci Əfqanıstana çevirməyi arzulayır. Xam “Altay xəyalı” budur. O isə heç vaxt həyata keçməz, keçə bilməz...

virtualaz.org

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR