İrəvanda aclıq, Tbilisidə siyasi xaos, Bakıda sosial inqilab - Regionun MƏNZƏRƏSİ

İrəvanda aclıq, Tbilisidə siyasi xaos, Bakıda sosial inqilab - Regionun MƏNZƏRƏSİ
17:18 25 İyun 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

“Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır”.

Prezident İlham Əliyevin inkişafın mənbəyi olaraq göstərdiyi bu aksioma bu gün Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsində bir daha ön plana çıxır. Gürcüstan siyasi çaxnaşma yaşayır, Ermənistan klan müharibəsinin ortasındadır və insanlar ac qalmamaq üçün mübarizə aparır, Azərbaycan isə...

Ötən həftə Azərbaycan sosial sferada daha bir inqilabi addıma imza atdı. Prezident İlham Əliyevin sərəncamları ilə minimum əmək haqqı 40 faiz artırıldı. Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı. Bu, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin start verdiyi sosial inqilabın növbəti mərhələsidir və hazırlanmış sosial paketə görə, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində addımlar davam edəcək. Misal üçün, Prezidentin təşəbbüsü ilə oktyabrın 1-dən etibarən əmək pensiyaları minimum 200 manat olacaq.

Bu, son 6 ayda sosial sferada ikinci inqilabi addımdır. Cəmi bir neçə ay öncə dövlət başçısının sərəncamları ilə minimum əmək haqları və pensiyalar 38 faiz artırılmışdı. Vətəndaş üçün ən böyük çətinliklərdən olan problemli kreditlər həll edildi, çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsinə start verildi. 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi və s. Sosial istiqamətdə atılan addımların siyahısı kifayət qədər böyükdür və əsas hədəf vətəndaşın yaxşı yaşamasıdır.

Son 6 ayda atılan addımlar milyonlarla vətəndaşın sosial rifahına müsbət təsir göstərib.

Sabitlik, iqtisadi inkişaf və dövlət gəlirlərinin artması, vətəndaşın sosial rifahının yüksəlməsi.

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində bu amillər dayanır və dövlət başçısının bəyan etdiyi kimi, sabitlik iqtisadi inkişafı, iqtisadi inkişaf isə vətəndaşın yüksək səviyyədə yaşamasını təmin edir.

Azərbaycanla müqayisədə regionun digər iki ölkəsindəki vəziyyət ürəkaçan deyil.

Gürcüstan: iyunun 20-də Tbilisidə parlament binasının önündə başlanan etiraz aksiyası qonşu ölkədə siyasi böhran yaratdı. Artıq parlamentin spikeri istefa verib, lakin etirazçılar hökumətin istefasını tələb edirlər və hadisələrin gedişatı Gürcüstanda vəziyyətin asanlıqla sakitləşməyəcəyini göstərir.

Baş verənlər Gürcüstan iqtisadiyyatına da ciddi təsir göstərir, əslində etirazların kütləvi hal almasına səbəb də sosial problemlərdir. Hazırda qonşu ölkə növbəti böhranla üz-üzədir və gürcülər bunun ağrısını uzun müddət hiss edəcəklər.

Ermənistan: Azərbaycan torpaqlarını işğal edən Ermənistan düşdüyü blokada vəziyyətində illərdir çapalayır. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra “ağ günə” çıxacaqlarını düşünən ermənilər yanıldıqlarını anladı.

Erməni biznesmenlər ölkədəki pullarını çıxarır. Ermənistanın Milli Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb. 2018-ci ilin yanvarında Ermənistanın dövlət borcu 6 milyard 951 milyon dollar idi, 2018-ci ilin dekabrında bu borc 28,1 milyon dollar artıb. İnqilabdan sonra maaşların artırılması gözlənilsə də, hökumət iş yerlərinin ixtisarına başlayıb. İndiyə qədər 150 min iş yeri ixtisar edilib və proses davam edir. Son 1 ildə intiharların sayı 20 faiz artıb.

Erməni şərhçi Samvel Ohanesyan yazır ki, Ermənistanda əvvəlki kimi məmurlar öz qohumlarını vəzifələrdə yerləşdirir, valideynlər övladlarının orduya getməsinə qarşıdırlar: “Paşinyanın komandasında təmsil olunan milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan enerji sektorunda biznes qurur, İrəvandakı tenderlərdə nədənsə həmişə mer Ayk Marutyan qalib gəlir”,

Paşinyan parlamentdə çıxışı zamanı “hökumətin indiyə qədər öz işini yerinə yetirdiyini, iqtisadi inkişafa nail olduqlarını” desə də heç kim ona inanmır.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Qevork Petrosyan Paşinyanı sərt tənqid edib.

“Miqrasiya azalmadı, məşğulluq problemləri kifayət qədərdir, sosial problemlərin həllində heç bir irəliləyiş yoxdur”, - deyə Petrosyan Paşinyanı yalan danışmaqda günahlandırıb.

Erməni şərhçi Tevos Arşakyan yazır ki, çox az adam Paşinyanın dediklərinə inanır: “Çünki Paşinyanın dedikləri ilə reallıq arasında uçurum var. İnqilabdan sonra ilk aylarda cəmiyyətdə yeni hökumətə inam var idi, lakin 2018-ci ilin sonlarına doğru bu inam sönməyə başladı. Daha sonra məlum oldu ki, yeni hökumət son 20-25 ildə Ermənistanda müşahidə olunan sosial-iqtisadi böhranın öhdəsindən gələ bilməyəcək. Buna baxmayaraq, Paşinyan və komandası yeni vədlər verməyə davam edir, o haqda illüziya yaradırlar ki, ölkədə həyat yaxşılaşmağa başlayacaq. Əfsus, bu gün məlum olur ki, vədlərin hamısı yalandır. Hətta ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün heç bir ilkin şərt yoxdur. Miqrasiya, işsizlik, on minlərlə evsiz, məmur aparatında korrupsiya, Koçaryan-Sarkisyan dövründən qalmış oğurluğun davam etməsi, infarkt vəziyyətdə olan kənd təsərrüfatı və saydıqca bitməyən problemlər. Bu gün fermerlər təsərrüfatlarını genişləndirmək üçün kreditlər ala bilmir. Xarici və daxili investisiya yoxdur. Ermənistanın blokada vəziyyətdə olması iqtisadi çətinlik üçün səbəb kimi göstərilə bilər. Lakin razılaşaq ki, daxili amillər iqtisadi vəziyyətə daha çox neqativ təsir edir”.

Paşinyan hökuməti sosial problemləri həll etmək əvəzinə vergiləri artırır. Ermənistan parlamentinin bu gün keçirilən iclasında vergi kodeksinə dəyişiklik ikinci oxunuşda qəbul edilib. Dəyişikliyə görə, gəlir vergisi 23 faizə qaldırılıb, həmçinin, kredit təşkilatlarına və müəyyən növ sahibkarlığa dövlət vergisi artırılıb.

Bu, ictimai narazılığa səbəb olub. Dünən səhər isə Texut kənd sakinkəri işsizliyə etiraz olaraq, magistral yolu bağlayıblar. Onların etirazı Paşinyanın parlamentdə “Deməyə şadam ki, Texutda yeni iş yerləri açılıb, bir neçə yüz insan işə qəbul ediləcək” sözlərindən bir neçə saat sonra başlayıb. Çünki baş nazir yalan danışır.

Kənd icmasının rəhbəri David Qumaşyan heyrətlə soruşub: “Baş nazir hansı yüz insanın işlə təmin edildiyindən danışır, əgər bu doğrudursa, onda niyə sakinlər etiraz edirlər?!”.

Ermənistanda sosial-iqtisadi problemlərə paralel olaraq, “Qarabağ klanı” ilə Paşinyan hökuməti arasında davam edən qarşıdurma da siyasi xaosun yaranmasına səbəb olub.

Bu, Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsidir. Tbilisidə siyasi çaxnaşma yaşanır, İrəvanda ermənilər aclıqla mübarizə aparır, Bakıda isə sosial inqilab həyata keçirilir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/282917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR