İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş olub (FOTO)

İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş olub (FOTO)
18:29 25 İyun 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artırılıb, Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək iqtidarındadır.

C.Məmmədov qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri onların vətənpərvər ruhda tərbiyə olunmasıdır. Bu məqsədlə, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində müxtəlif tədbirlər – konfranslar, “dəyirmi masa”lar, seminarlar, görüşlər həyata keçirilir.

İnstitut rəhbəri vurğulayıb ki, gənclərdə Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi, həmçinin müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda, milli-mənəvi dəyərlərin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Kamil Musəvi Aprel döyüşlərini qələbə kimi xarakterizə edərək, gəncləri daima vətənin keşiyində durmağa hazır olmağa səsləyib.

Döyüş tapşırığını yerinə yetirən zaman ağır xəsarətlər almış K.Musəvi keçdiyi döyüş yolundan söhbət açıb. Qarabağ qazisi tələbələrin diqqətinə çatdırıb ki, Vətəni sevməyin, onu qorumağın başlıca yolu dərin biliklərə yiyələnib, savadlı kadr kimi yetişməkdir.

Kamil Musəvi tələbələrin suallarına dolğun cavab verərək, onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsi üçün dəyərli tövsiyələrini bildirib.

Qeyd edək ki, Qarabağ qazisi Kamil Musəvi döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə, “Vətən Naminə” və “General Həzi Aslanov” medalı ilə təltif olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3081342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR