Neftin ucuzlaşması Azərbaycan üçün Rusiya qədər qorxulu deyil

Neftin ucuzlaşması Azərbaycan üçün Rusiya qədər qorxulu deyil
21:41 15 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

“Deutsche Welle”nin (“Alman dalğası”) rus redaksiyası “Neftin qiymətdən düşməsi Azərbaycan üçün Rusiya üçün olduğu qədər qorxulu deyil” sərlövhəli analitik material dərc edib. Materialda deyilir ki, neftin qiymətlərinin aşağı düşməsi Azərbaycanda təlaş yaratmır. Əsas ixrac məhsulu az qala iki dəfə ucuzlaşan bu ölkə ucuz qiymətlər şəraitində uzun müddət yaşaya bilər. Neft bazarlarından gündəlik məlumatlar Azərbaycanda əhvalı yüksəltməsə də, hər halda təlaş da yaratmır.

Müxtəlif valyutaların neftin qiymətlərinin ucuzlaşmasına reaksiyasının təhlil olunduğu məqalədə bildirilir ki, Rusiya rublu 2004-cü ildə dollara nisbətdə dəyərinin 40 faizini itirib. Rubl ucuzlaşmağa davam edərək, inflyasiyanı sürətləndirir. Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru və idarə heyətinin üzvü Florian Şreder hesab edir ki, Azərbaycan manatı öz dəyərini faktiki olaraq nəinki saxlayır, hətta dollara nisbətdə möhkəmləndirir. Məzənnənin düşməsi üçün elə bir səbəb görməyən F.Şreder deyib: “Hətta devalvasiya olsa da, zənnimcə, yüngül olacaq”.

Azərbaycanda vəziyyət Rusiyadakından əsaslı şəkildə fərqlənir. Rusiyada rublun qiymətdən düşməsinin əsas səbəblərindən biri kapital axını və xarici investorların çıxıb getməsidir. F.Şreder deyib: “Azərbaycanda buna bənzər vəziyyət müşahidə olunmur”.

Daha sonra məqalədə deyilir ki, Bakı bu gün də yetərincə yüksək iqtisadi göstəricilər nümayiş etdirir. Bu, 2000-ci illərin ortalarında müşahidə olunan 20 faizlik sıçrayış deyil. Dünya Bankının hesablamalarına görə, 2015-ci ildə ümumi daxili məhsulun artım proqnozu 4,3 faizdir. Azərbaycan iqtisadiyyatının xarici şoklardan müdafiə olunması onun fərqləndirici xüsusiyyətidir.

Almaniya Ticarət Sənaye Palataları Federal Birliyinin Şərqi Avropa şöbəsinin başçısı Tobias Bauman deyib: “Qiymətlərin aşağı düşməsi Azərbaycanı yeni irimiqyaslı layihələrə hazırlığın ən qızğın çağında yaxalayıb. Heç kəs bu layihələri dayandırmaq niyyətində deyil. Bəlkə də buna görə Almaniya şirkətləri Azərbaycanda heç bir böhranlı vəziyyət görmür.

Almaniya ekspertləri hesab edir ki, hətta ən bədbin ssenaridə Azərbaycan öz makroiqtisadi sabitliyinə görə ciddi narahatlıq keçirməyə bilər. L.Şreder fikrini belə yekunlaşdırıb: “Azərbaycan adambaşına düşən borcun səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Həm Neft Fondunda, həm də Mərkəzi Bankda ehtiyatlar var. Mən mövcud rəqəmləri interpretasiya edərək bildirirəm ki, bugünkü şərtləri əsas götürsək belə, neftin bir barelinin 50 dollar olacağı təqdirdə də ölkə hələ 10 il davam gətirə bilər”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR