"Samostroyka"ları sənədləşdirməyin YOLLARI

"Samostroyka"ları sənədləşdirməyin YOLLARI
21:42 15 Yanvar 2015
133 Sosial
Ölkə mətbuatı
A- A+

Ekspert: “Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, “centlmen sövdələşmələrlə” fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək”.
Prezident İlham Əliyevin fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı təsdiq edilib”. Fərmana əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlərdir:
 
1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri;
 
1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri;
 
1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;
 
1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;
 
1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;
 
1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;
 
1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;
 
1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;
 
1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);
 
1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.
 
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:
 
2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
 
2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;
 
2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
 
2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). 
 
“Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə “yaşıl işıq”
 
“Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə, nəhayət ki, “yaşıl işıq” yandırıldı. Çox müsbət addımdır. Amma bu məsələdə diqqətimi çəkən bir neçə məqam var.
 
Əvvəla, uzun illərdir məmurlar deyirdilər ki, bu problemin həlli çox mürəkkəbdir, qanun olmalıdır, problemin həllilə bağlı mexanizmlər tapılmalıdır və s. İndi məlum oldu ki, az qala Marsa uçmaq qədər qəlizləşdirilən bu problemin bir fərmanlıq canı varmış”. Bu fikirləri iqtisadçı Rövşən Ağayev fərmana münasibət bildirərkən açıqlayıb: “İkinci, bu qərar çox aydın surətdə ortaya qoydu ki, Qarabağ problemi istisna olmaqla yerdə qalan istənilən problemin həlli bir fərmana, göstərişə, qanuna bağlıdır. Üçüncü, bir daha aydın oldu ki, bu ölkədə cəmi bircə idarəetmə institutu - Prezident İnstitutu işlək vəziyyətdədir. Nəhayət, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, “centlmen sövdələşmələrlə” fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək”. Ekspertin sözlərinə görə, sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdür: “Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayırlar ki, hətta “uçastkovı” belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsınlar. Xüsusilə də, son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlərin satışını, demək olar ki, mümkünsüz etmişdi”.
 
“Əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib”
 
Mövzuya münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov isə qəzetimizə açıqlamasında deyib: “Fərmana əsasən, sözügedən qanun qüvvəyə minənədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib. Bu o deməkdir ki, 2004-cü ilin 29 uyununadək alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır. Bu zaman, sadəcə, həmin əmlakın magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “belə təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur. Sənəddə əhəmiyyətli məqamlardan biri Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə o zaman reystrdə real ölçülər qeydiyyatdan keçəcək.
 
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə isə yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daxildir. Deməli, əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa, o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlər ilə onu rəsmiləşdirə və dövlət qeydiyyatına daxil etdirə bilərsiniz. Bu isə o deməkdir ki, Prezidentin fərmanı 10 minlərlə evin sənədləşməsinə imkan verəcək".
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR