Xaricdən sifariş edənlərin nəzərinə: MÜTLƏQ OXUYUN! - FOTO

Xaricdən sifariş edənlərin nəzərinə: MÜTLƏQ OXUYUN! - FOTO
22:32 15 Yanvar 2015
438 Sosial
Ölkə mətbuatı
A- A+

Elektron monopoliyası elə sürətlə inkişaf edir ki, bunlar Azərbaycana xeyli sayda telefon gətirən insanların maraqlarına zidd ola bilər
Yanvarın 9-dan etibarən Bakı Gömrük İdarəsi xarici e-ticarət saytlarının Azərbaycan üzərindən fərdi müştərilərə satdığı telefonların ölkəyə daxil olmasına qadağa qoymuşdu.

Bu qadağadan isə ən çox əziyyət çəkən from.ae və myphone.ae saytlarının alıcıları olublar. Çoxsaylı sifarişlər yoxlama adı ilə saxlanılmış, adıçəkilən saytların sosial şəbəkələrdəki səhifələrində isə böyük ajiotaj yaşanmışdı.

Gömrük İdarəsi bu addımını əsaslandırmaq üçün hansısa araşdırmaların getdiyini bildirib. Bu telefonların alıcılar tərəfindən ticari məqsədlərlə alınıb-alınmadığını yoxlamaq istəyirlər.

Milli.Az əməkdaşının araşdırması nəticəsində məlum olub ki, artıq dünəndən etibarən sifarişçilər öz mallarını evlərində olmasa da, poçt servisinin baş ofisinə getməklə ala bilirlər.

Bütün bu problemlər vətəndaşlarda böyük şübhə və həyəcan yaratmaqla bərabər, həm də bu cür şirkətlərə qarşı inamsızlıq yaratdı.

Vəziyyət heç də insanların düşündüyü kimi deyil

Milli.Az əməkdaşının Azərekspresspoçt rabitə müəssəsində (EMS) apardığı araşdırmadan məlum olub ki, bir adam əgər bir neçə yox, təkcə bir cihaz sifariş edirsə, onun üçün bu mənada heç bir problem yoxdur.

Müəssisənin Şöbə rəisinin müavini Hüseyin Qasımov Milli.Az-a açıqlamasında bildirdi ki, kimin adına bir cihaz gəlirsə, o şəxs üçün artıq heç bir problem yoxdur.

"Gömrük Komitəsinin ölkəyə gətirilən telefon və digər cihazlarla bağlı araşdırması hələ də davam edir. Bu araşdırma gələcəkdə də davam etdiriləcək. Kimin adına çox cihaz gəlirsə, məsələn, 3-4 dənə, onların hamısını saxlayıb araşdırırlar. Tək olanda, yəni bir nəfərin adına bir cihaz gəlibsə, onu saxlamırlar. Adına 3-4 dənə cihaz gələn şəxslərin malları hamısı gömrükdədir və araşdırılır. Bunun özündə də bir məntiq var. Çünki bir adam bir telefon işlədir. Əgər bu insan birdən-birə 4-5 dənə telefon sifariş edirsə, deməli, qeyri-qanuni ticarətlə məşğul olur və vergidən yayınır".



Müsahibimiz sonda əlavə etdi ki, artıq bu problemlər öz həllini tapıb. Sadəcə olaraq, bir insanın adına bir cihaz gəlməlidir. Artıq gələcək, yoxlanılacaq. From.ae, myphone.ae və s. tipli saytların fərqi yoxdur, əsas odur ki, qeyd etdiyimiz problemlər olmasın", - deyə H.Qasımov dedi.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin N305 qərarının 2.1.4 maddəsinə uyğun olaraq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar üçün gömrük rüsumu tətbiq olunmur.

Deməli, bu məbləğdən artıq olan sifarişlər üçün isə müştəri müəyyən edilmiş faizlə gömrük rüsumu ödəməlidir. İndiki halda isə sifarişlərin böyük qismi 400-600 civarında olduğu üçün bu məhsullardan nəinki gömrük rüsumu tələb etmək, hətta saxlamaq belə qadağandır. Qanunla qadağan olunmamış istənilən məhsulun məbləği bir sifarişçinin timsalında 1000 ABŞ dollarından çox deyilsə, onu saxlamaq olmaz. Məhz bu amilə görə də uzun müddət idi ki, gömrük e-ticarət saytlarının qarşısını necə almaq barədə baş sındırır, yollar axtarırdı.

Qeyd etmək yerinə düşər ki, adıçəkilən saytların telefon və digər məhsullar üçün təqdim etdiyi qiymətlər Azərbaycan bazarı ilə müqayisədə bir neçə dəfə ucuzdur. Son vaxtlar e-ticarətin populyarlaşması, alıcının bu kimi saytlara inamının artması fonunda dükanlar və şirkətlər böyük həcmdə pul itirir. Əvəzində istehlakçı hüquqları qorunmuş olur, süni qiymət artımına alternativ yaranmış olur.

Əgər hər hansı sifarişçi bu saytlardan telefonu, kompüteri və ya hər hansı başqa məhsulu ticari məqsədlər üçün əldə edirsə, gömrüyün kömpüter sistemi bunu qeydə almalı, onun aylıq sifarişlərinin məbləği 1000 dolları keçəndə rəsmi rüsum alınmalıdır. Çünki bütün sifarişlər ölkəyə daxil olarkən orada sifarişçi ilə bağlı bütün məlumatlar öz əksini tapır.

Bəs istehlakçı onlayn ticarətdən istifadə edən zaman bu cür problemlərlə üzləşirsə, onun hüquqları necə qorunur?

Bu suallara cavab tapmaq üçün üz tutduq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəyinə.



AİB sədrinin məlum hadisədən xəbəri olmasa da, sifarişçilərin həyəcanının təbii olduğunu dilə gətirdi.

"Düzünü desəm, bu hadisədən xəbərim yox idi. Sizin vasitənizlə bildim. Bizə hər ay bununla bağlı bir neçə şikayət daxil olur. Azərbaycanda 2005-ci ildə elektron ticarət haqqında qanun qəbul olunub. Əlbəttə elektron ticarətin öz üstünlükləri var, lakin elektron itcarət onda öz üstünlüyünü göstərər və ya normal inkişaf edər ki, onlar işədüzəltmə şirkətləri kimi hərəkət etməsinlər, elektron ticarət üzərindən piramida yaratmasınlar... Belə problemlər var. Elektron ticarət üzərindən piramida yaradırlar, daha mürəkkəb sistemlərə baş vururlar. Hər hansı bir ofisə getmədən, sifarişlə mal almaq normal bir şeydir, ancaq adını çəkdiyim qanun çərçivəsində istehlakçıların hüquqları da tapdalanmamalıdır. Əgər istehlakçıya keyfiyyətsiz mal gələrsə, onu 5 gün müddətində geri qaytarmaq və ya dəyişmək hüququ var. Biz bu vaxtın az olmasından narazıyıq. Bu sahədə problemlər var. Gömrük orqanları çox nahaq yerə belə bir şeyə əl atıblar. Bilmirəm, bəlkə də texniki bir səhv olub. İstehlakçılar da narazı olmaqlarında haqılıdırlar. Burada monopolizm və inhisarçılıq elementlərinin olması da istisna deyil. Elektron monopoliyası elə sürətlə inkişaf edir ki, bunlar Azərbaycana xeyli sayda telefon gətirən insanların maraqlarına zidd ola bilər. Ancaq eyni adamların bir neçə cihazı sifariş edib burada qeyri-qanuni ticarətlə məşğul olması da yolverilməzdir, çünki həmin şəxslər vergidən yayınır. Belə olan halda isə Gömrük Komitəsi bu tip hadisələrin qarşısını almalıdır", - AİB sədri bildirdi.

Elşən İmanov
Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR