Naviqatorları niyə sevmirik?

Naviqatorları niyə sevmirik?
23:17 15 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın inkişaf etmiş ölkələrində avtomobillərin demək olar ki, hamısında naviqator yerləşdirilib. Bu faktı xaricdə səyahətlərdə olmuş həmvətənlilərimiz də təsdiqləyir.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, lakin nədənsə Azəbaycan sürücüsü naviqatordan istifadəyə maraq göstərmir. Hətta belə bir deyim də var ki, naviqatorlardan yalnız “naşı” sürücülər istifadə edir. Lakin unutmaq olmaz ki, bu gün paytaxt Bakımızda yeni ticarət mərkəzləri, kafelər, restoranlar, otellər, əyləncə yerləri, klublar artmaqdadır. Bu səbəbdən uzun illərin sürücüləri belə məntəqə və obyektləri tapmaqda çətinlik çəkirlər.
 
Bakı-Xırdalan istiqamətində taksi sürücüsü işləyən 52 yaşlı Etibar Əliyevin dedikləri:
“Nadir hallarda kimsə avtomobilində naviqator yerləşdirir, əsasən yeni gətirilmiş taksilərdə bunu görmək olur. Şəxsən mən 30 ilə yaxındır ki, sürücüyəm, ancaq çox zaman xarici dildə olan yeni məntəqə və ünvanları güclə tapıram. Yaxın günlərdə avtomobilimdə bu qurğudan yerləşdirəcəm. Çünki, məlum məsələdir ki, naviqator küçələrin professional bələdçisidir, yəni sürücünün ən etibarlı yol yoldaşıdır”.
 
Qeyd edək ki, naviqator sistemi elə qurulub ki, günü-gündən formalaşan və yenilənən xəritəyə uyğunlaşır, yenilənir.
 
Ekspertlər bildirirlər ki, yeraltı avtomobil parklarında, tunellərdə naviqator tutmur, yəni yalnız peyklə siqnal əlaqəsində olan ərazilərdə mümkündür. Naviqatorda olan qəbuledici orbitdəki siqnalları qəbul edir, kompyuter vasitəsi ilə bu siqnallar emal olunur və qəbuledicinin coğrafi yerini təyin edir. Ümumiyyətlə, hər hansı bir obyektin coğrafi yerini təyin etmək üçün ən azı üç peykdən siqnal almaq lazımdır. Hava şəraiti çox buludlu olanda və yaxud güclü elektormaqnit sahələr olan ərazilərdə GPS siqnalı zəifləyir.
 
Naviqasiyaların funksiyaları çoxdur. Əsas funksiyası isə obyektlərin, ünvanların yerinin dəqiq müəyyənləşdirməsi, yollarda olan radar və tıxaclardan xəbər verməsidir. Bəzən bir neçə saatlıq yaranan tıxaclar Azərbaycan sürücülərinə yaxşı tanışdır. Bu zaman naviqator sürücüyə məlumat verərək dəqiq məsafəni bildirir və uyğun yol seçilir.
 
Yeni istehsal olunmuş naviqatorlar öz özəlliyi ilə seçilir. Belə ki, naviqator alkoqol iyi hiss etdikdə sürücüdən spirtili içki içib-içmədiyini soruşur. Bundan başqa naviqator avtomobilin sürətinin kəskin artırılması və ya kəskin əyləcləmə zamanı xəbərdarlıq edir:”Ehtiyatlı ol!”. Beləliklə bu kiçik aparat bəzən insan həyatını da xilas etmiş olur.
 
Xatırladaq ki, naviqatorlar polisə avtomobilin yerini bir-neçə metr dəqiqliklə müəyyən etməyə də imkan verir və bu sistemdən artıq əksər ölkələrdə geniş istifadə olunur.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR