Teleaparıcılar kitab oxuyurlar? - SORĞU

Teleaparıcılar kitab oxuyurlar? - SORĞU
23:27 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kulis.az Azərbaycan telekanallarının məşhur aparıcıları arasında sorğu keçirib: “Son oxuduğunuz kitab və ən təsirləndiyiniz əsər hansıdır?”.
Sorğunu təqdim edirik.
 
Elgiz Əkbər:
 
“Son vaxtlar dünya siyasəti ilə bağlı ədəbiyyatlar oxuyuram. İqtisadiyyatla bağlı materiallar diqqətimdədir. Bilirsiniz, Rusiyada böhran-filan oldu. İqtisadiyyata marağım artıb. Bədii ədəbiyyatdan isə Cek Londonun heyvanlarla, daha doğrusu itlərlə bağlı yazdığı əsərlər məni təsirləndirib. “Ağ diş”, “Bak” kimi əsərləri sevirəm. İnsanlardan o qədər namərdlik görmüşəm ki... Heyvanların sadiqliyi məni sarsıda bilir. Siz indi güləcəksiz, amma o əsərləri oxuyanda mən ağlayıram".
 
Mikayıl Güləddinoğlu:
 
“Ən son Qabriel Qarsia Markesin “Elan olunmuş bir qətlin tarixçəsi” əsəridir. Elə bu əsər də məni çox təsirləndirib. Bundan əvvəl “Patriarxın payızı”nı da, Şoloxovun əsərini də oxumuşdum. Ümumiyyətlə, tez-tez kitab oxuyuram. Məni sarsıdacaq qədər təsirləndirən kitab isə Viktor Hüqonun “Səfillər”i olub. O qəhrəmanların taleyi dəhşətlidir və elə o dövrün də səfilləri olub, indi də var...”.
 
İlqar Mikayıloğlu:
 
“Düzü, son vaxtlar daha çox texniki ədəbiyyat oxuyuram. Ən son hərbi aviasiya haqqında oxumuşam. Amma əlbəttə bədii ədəbiyyat da oxuyuram. Məsələn, Mixail Bulqakovun “Master və Marqarita” əsərini çox sevirəm”.
 
Mətanət Əliverdiyeva:
 
“Düzünü deyim, o qədər çoxdandı oxumuram ki, ən son oxuduğum kitab heç yadıma da gəlmir. Amma vaxtilə oxumuşam. Detektiv sevməsəm də, Çingiz Abdullayevin, Dostoyevskinin əsərlərini oxumuşam. Bəxtiyar Vahabzadənin poemalarını da oxuduğum vaxtlar olub. Amma, bilirsiniz, məndə belə bir xarakter var: filmdən, kitabdan təsirlənmirəm. Kitab oxuyub, ya filmə baxıb ağlayanlardan deyiləm. Məni real həyatda baş verənlər daha çox təsirləndirir".
 
Turan İbrahimov:
 
“Ən son üç kitabı paralel olaraq oxumuşam. Laris Biriyenin “Səhra çiçəyi”, Oşonun “Qadının kitabı” və Kamyunun “Çöküş” əsərini... Məni ən çox “Səhra çiçəyi” təsirləndirib. Müəllifi Laris Biriye modeldir. Tam bioqrafik roman deyil, dövrü, vəziyyəti çox yaxşı ifadə edir. Somalidə qızların vəziyyətindən, qadın sünnətindən, Somalidən çıxan qaçqınların Avropadakı vəziyyətindən yazıb. Sonluğunun məğzi təxminən belədir ki, hər kəs uğur qazana bilər və bu, Allahın əlindədir. Bir də, neçə il əvvəl oxumağıma baxmayaraq Viktor Hüqonun “Səfillər”i məni indi də təsirləndirir”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR