Bakı və Ankara - hər şey regionun rifahı üçün

Bakı və Ankara - hər şey regionun rifahı üçün
00:08 16 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyə dövlət başçılarının mütəmadi görüşlər keçirməsi onu deməyə əsas verir ki, ölkələr arasında əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün xüsusi önəmi olan siyasi və iqtisadi aspektlər birləşdirir. Hazırda Azərbaycan və Türkiyə təkcə öz enerji təhlükəsizliklərini deyil, həm də Avropanın enerji təhlükəsizliyini təmin etməyi bacarıblar.

Qeyd etmək lazımdır ki, bir çox regionda məhz enerji məsələləri toqquşmaların əsasını təşkil etsə də, Bakı və Ankara enerji potensialını regionun inkişafı naminə yönəldə bildi.

Bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

İclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi bır sıra siyasi, eləcə də enerji məsələləri müzakirə edildi. Ümumiyyətlə, Ankara münaqişə ilə bağlı dəyişməz mövqeyini dəfələrlə bəyan edib.

Bundan başqa, 2023-cü ilə qədər əmtəə dövriyyəsinin 20 milyard dollaradək artırılması müzakirə olundu. Tərəflər bir sıra əhəmiyyətli sənədlər də imzaladılar.

Müzakirələrin əsas mövzularından biri şübhəsiz ki, TANAP qaz kəməri və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi kimi layihələr olub.
Türkiyənin regionda enerji qovşağı olmaq üçün siyasət yürütməsinə baxmayaraq, məhz Azərbaycanın müəllifi olduğu TANAP layihəsi hazırda Ankara üçün yeganə alternativdir. Qeyd etmək lazımdır ki, Transanadolu boru kəmərinin reallaşdırılması ilə Azərbaycan və Türkiyənin enerji cəhətdən önəmi dünyada daha da qüvvətlənəcək və Ankara hakimiyyəti bunu dərk edir.

Hətta Türkiyənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, reallaşdırılması hələ də böyük sual altında qalan layihələr deyil, məhz TANAP Ankara üçün prioritetdir.

Əslində, Ankara və Bakı arasında əlaqələrin xronologiyasını öyrənsək görərik ki, bu əlaqələr formalaşandan artan xətt üzrə gedir və hər gün getdikcə güclənən qardaş münasibətlərin gələcək inkişafı üçün heç bir siyasi maneə yoxdur.

Demək olar ki, məhz iqtisadi əlaqələr və enerji və nəqliyat təhlükəsizliyinə yönəlmiş birgə layihələrin reallaşdırılması hazırda Bakı və Ankara üçün əməkdaşlığın prioritetidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR