x
Loading...

Görəsən, indi radioda belə bir söz deyilir? - FOTO

Görəsən, indi radioda belə bir söz deyilir? - FOTO
09:12 10 May 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

- Dünən niyə dərsə gəlməmişdin?

- Xəstə idim.

- Nə dedin? Eşitmədim.

- Radio sözü bir dəfə deyir, - dodağımın altından güclə eşidiləcək tərzdə mızıldanardım.


 
54 yaşlı taksi sürücüsü Elsəvər Məmmədov radio ilə bağlı suala cavab verərərkən orta məkəbdə müəllimi ilə  aralarında baş verən bu dialoqu xatırladı.

Doğrusu, Elsevər kişinin nə demək istədiyi mənə çatmadı. Deyəsən, mat-mat üzünə baxmağımdan cavabının məni qane etmədiyini anlamışdı. Yəqin, doğru müsahib seçməmişdim. Sağollaşıb ondan aralanmaq istəyirdim ki, sözünə davam elədi.

-  Qızım, sən mənim nə demək istədiyimi bəlkə də başa düşmürsən, çox gəncsən. Bəlkə də, heç o vaxtların radiosunu da görməmisən, - deyə dövrünün radiosunun pianino dillərinə bənzəyən qara və ya ağ dillərindən, dalğanı tütmaq üçün o yan-bu yana fırlanan diyircəyindən, cihazın çıxardığı xışıltılardan bir xeyli danışıb gəldi mətləb üstünə.

- O vaxtlar hər adamın evində radio olmazdı. Əl radioları ilə küçədə gəzən oğlanlara isə həsədlə baxardılar.

"Bulaq" verilişini qaçırmamaq üçün işi-gücü atıb radionun başına yığışardıq.  O vaxt texnika indiki kimi inkişaf etməmişdi. Verilişi qaçırdınmı, bir də qulaq asa bilməzdin. İndi nə var, istənilən verilişi internetdə tapıb dinləyə bilərsən. Ona görə o vaxt  gənclər arasında "radio sözü bir dəfə deyir" ifadəsi dəbdə idi, - taksi sürücüsü xatirələrini bölüşdü.

 Elsevər kişinin radio haqqında həvəslə danışdığı xatirələri dinlədikcə qeyri-ixtiyari düşündüm ki, görəsən, indi kiminsə evində radio varmı?

Sorğuma elə redaksiyadan başladım. Məlum oldu ki, saytımızın əməkdaşlarının heç birinin evində radio yoxdur.

Səbəb?

Cavablar birmənalı olmadı.  Kimi ancaq maşında dinlədiyini dedi, kimi də bir vaxtlar necə həvəslə dinləməsindən danışdı.
 
Amma bu cavablarla kifayətlənmədim. Daha doğrusu, radionun hələ də “ölmədiyi” düşüncəsini təsdiqləmək üçün auditoriyamı genişləndirdim.

Paytaxtda müxtəlif yaş qrupları arasında kiçik sorğu keçirmək qərarına gəldim. Yaxşı ki, keçirmişəm.

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Məleykə Hacıyeva evlərində radio olmadığını, ancaq telefonda dinlədiyini deyir.
 
“Radioda əsasən, musiqi dinləyirəm. Amma verilişə qulaq asmıram, çünki maraqsızdır. Ümumiyyətlə, internet olan yerdə televiziya, radio nəyə lazımdı?”

Azərbaycan Memarlıq və İncəsənət Universitetinin tələbəsi  Nərminə Hüseynova əsasən maşında radio dinlədiyini deyir.
 

“Evimizdə radio var, amma neçə ildir heç işlətmirik. Heç bilmirəm ki, radionu necə işlətmək olar. Radio dinləməyi sevmirəm. Ancaq maşında olanda musiqiyə qulaq asıram”.

Şərqiyə Əhmədova evlərində radio olduğunu, ancaq nənəsinin qulaq asdığını deyir:

“Uşaq vaxtı nənəmlə mən də qulaq asırdım. Maraqlı verilişlər olurdu. Amma indi radioda qulaq asmağa maraqlı heç nə olmur. Musiqi dinləmək üçün telefona yükləyirik, xəbərləri internetdən oxuyuruq”.

Bəs heç kim radioya qulaq asmırsa, hər verilişdə o qədər zəng kimlərdən gəlir? Bu düşüncə ilə sorğunu davam etdirdik.

Evindəki radio cihazının çoxdan tarixə qovuşduğunu deyən Lətifə Məmmədxanova  radio dinləmədiyini deyir:

“Zəmanə dəyişib, indi evdə radiocihaza ehtiyac yoxdur. Arada maşında gedəndə qulaq asıram. Amma radionun keyfiyyəti əvvəlki kimi deyil. Eyni səs, eyni insanlar, maraqsız mövzular müzakirə edirlər”.

65 yaşlı Elman Məmmədov radionun onun nəslinin həyatında xüsusi yeri olmasından danışır:

“Bir vaxtlar radio evimizin bir üzvü kimi idi. Əvvəl hər bazar günorta muğam saatı olurdu. Sovet dövründə çətinliklə də olsa, BBC-ni radioda dinləyirdik. Amma indi hər şey asanlaşıb, hər yerdə informasiya var. İndi radiolarımızda maraqlı verilişlər verirdilər. Heyif ki, indi elə verilişlər hazırlamırlar. Artıq 20 ildən çoxdurki, evimizdə radio yoxdur. Atamın 5 manatlıq radiosu var idi. Səhər saat 6-da himn səslənəndən axşam yatana qədər bütün günü radio işləyirdi.  Atam rəhmətə gedəndən sonra radioya da qulaq asmadıq. İndi hərənin evində bir “boşqab” var, dünyaya baxmaq olur. Radionu nə edirlər?”

Günün 15 saatını radio dinləməklə keçirən  taksi sürücüsü  Pərviz Təmrəzov  evində radio olmadığını deyir.

“Əvvəllər evdə yaxşı bir radiomuz  var idi, sonra xarab oldu. Yenisini də almadıq. Amma evdə radionun olması yaxşıdır. Yadımdadır, əvvəl səhəri “danışır Bakı” sözləri ilə açırdıq. İndi telefonda  radioya ancaq gənc nəsil qulaq asır. Biz yaşlılar radio cihazı olmadığına görə, maşında dinləyirik”.

Sorğunu başa vurub redaksiyaya qayıdanda haradansa yadıma "Şərikli çörək" filmindəki radio dirəkləri düşdü. Yol boyu gözüm bütün işıq dirəklərinin başında gəzdi. Fikirləşdim ki, bəlkə, hansısa dirəkdə yaddan çıxmış bir radio olar. Amma heç bir dirəkdən səs gəlmirdi.

Diqqət! Diqqət! Danışır Bakı... Görəsən, indi radioda belə bir söz deyilir!?

publika.az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/339584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR