50 il öncə başlanan müstəqillik epoxası və Heydər Əliyevin Azərbaycan mübarizəsi

50 il öncə başlanan müstəqillik epoxası və Heydər Əliyevin Azərbaycan mübarizəsi
11:03 13 İyul 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir...

Şərq fəlsəfəsində təcrübə ilə isbatlanmış bu deyim Azərbaycan xalqının yaşadıqlarını və öz həqiqi lideri ilə birləşəndən sonra necə yüksəldiyini xatırladır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik işğalı bu xalqa heç də bərabərlik gətirmədi. SSRİ-nin tərkibində “qardaş xalqlar” şüarı hər yeri bəzəsə də, Azərbaycanın digər respublikalarla, xüsusilə Ermənistanla müqayisədə geridə qalması, azərbaycanlıların digər millətlərin nümayəndələrinə nisbətdə önə çıxmasına imkan verilməməsi tarixi faktdır. O da faktdır ki, bu proses “qırmızı imperiya”nın kulislərində tülkü kimi dolaşan ermənilər tərəfindən daha da dərinləşdirilir, Azərbaycanın inkişaf etməməsi, azərbaycanlıların önə çıxmaması üçün əllərindən gələni edirdilər.

50 il öncə - 1969-cu ilin 14 iyulu: Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycanın üzünə tale güldü, geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkənin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.

Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.

Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 50 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi: Su Elektrik Stansiyası, toxuculu fabriki, “Ulduz” elektrik cihazlar zavodu, Bakı məişət kondisioneri zavodu, Bakı şampan şərabları zavodu, “Elektroterm” zavodu, Sumqayıt kompressorlar zavodu, “Billur”, “Ozon”, “Alunit” zavodları və onlarla istehsalat müəssisələri...

Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı. Təsadüfi deyil ki, Heydər Əliyevin sovetlər zamanı ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan 15 respublika arasında SSRİ büdcəsindən subsidiya almayan iki ölkədən biri oldu. Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilə - SSRİ rəhbərliyinə gedənə qədər həyata keçirdiyi işlər, inşa etdiyi müəssisələr müstəqiliyini yenidən bərpa edəndən sonra Azərbaycana qaldı və hadisələrin inkişafı dahi liderin gələcəyi öncədən gördüyünü deməyə əsas verir.

Heydər Əliyev kabinet işinə üstünlük vermir, neft emalı zavodlarını, laboratoriyaları, limanları gəzir, görülən işlərlə yerində tanış olur, ölkənin inkişafını sürətləndirirdi.

Bəzən hətta iş vaxtı başa çatanda belə mən evə getmirdim, düşünürdüm, respublikaımızın vəziyyətinin yaxşılaşması üzrə yeni planlar qururdum. O haqda düşünürdüm ki, mənə verilmiş imkanlardan xalqım üçün necə faydalı işlər görə bilərəm”, - Özü o dövrü belə xatırlayır.

1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi. Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı.

SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.

Milli kökə qayıdış, Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib. Məlumatlara görə, Naxçıvan ərazisində çəkilən filmdə yüzlərlə insanın iştirakına ehtiyac var imiş, lakin həmin vaxt, ümumi iməcilik olduğu üçün çəkiliş gedən kəndin camaatı əkin sahələrində olurmuş. Heydər Əliyevin tapşırığı ilə əkin sahələrindəki insanlar filmin çəkilişinə qatılır və beləliklə, Azərbaycan tarixindən bəhs edən və SSRİ miqyasında məşhurlaşan bu filmin çəkilişi baş tutur.

Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi.

Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar...

Tarix təsdiqlədi ki, ermənilərin illər boyu Heydər Əliyevin əleyhinə apardıqları kampaniya səbəbsiz deyil, məhz onun postundan uzaqlaşdırılmasından 1 il sonra – 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı.

Ardınca Qorbaçovun anti-Azərbaycan siyasətinin davamı olaraq, 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı. Sonralar ona qarşı çıxanlar həmin vaxt “qırmızı bileti” döş ciblərində gəzdirirdilər.

Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam”.

Heydər Əliyev məqalələrinin birində 20 Yanvar faciəsinin sifarişçisi Mixail Qorbaçovu və icraçısı olan SSRİ müdafiə naziri Dmitri Yazovu açıq şəkildə tənqid edirdi və sona qədər də onları bağışlamadı.

1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı, əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ermənilərin tarix boyu əsas hədəfi Naxçıvanı ələ keçirmək olub, hətta bu gün belə bunu açıq şəkildə dilə gətirirlər. Məhz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ermənilərin bu planlarının reallaşmasına imkan vermədi. Və dahi lider üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu. Lakin Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, buna paralel olaraq, hakimiyyət daxilində nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdə “Sadval”çılar, digər tərəfdə Hümbətovun dəstəsi, bunlara paralel olaraq, Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.

15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Dahli lider müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik zaman kəsimində 100 illik zaman kəsiminə sığacaq işlər gördü və ən əsası Azərbaycanda dövlətçilik ənənəsini formalaşdırdı.

50 il öncə Azərbaycan öz həqiqi lideri ilə qovuşanda başlandı əsl müstəqillik epoxası. Bu, Heydər Əliyev epoxası idi və bu gün məhz o böyük şəxsiyyətin xilas etdiyi, qurduğu Azərbaycanda, onun bir daha enməyə qoymadığı üçrəngli bayrağın altında yaşayırıq. Və onun yaratdığı irsi davam etdirən Prezident İlham Əliyev dahi liderin “müstəqiliyimiz əbədidir, daimidir, dönməzdir” vəsiyyətinə uyğun olaraq, müstəqilliyimizi əbədi, daimi və dönməz etmək üçün əzmlə mübarizə aparır.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/284515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR