Səlim Müslümov: Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Azərbaycanda yoxsulluq səviyyəsinin qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olması ilə nəticələnib

Səlim Müslümov: Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti Azərbaycanda yoxsulluq səviyyəsinin qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olması ilə nəticələnib
11:38 10 May 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Elçin Mehdiyev/

"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycanda yoxsulluq səviyyəsinin qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olması ilə nəticələnib". Bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O, qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərində dünya sosialist sisteminin çökməsi və bu sistemə aid ölkələrdə bazar iqtisadiyyatına keçid ilk illərdə işsizliyin və yoxsulluğun artmasına, əmək haqqının sürətlə aşağı düşməsinə səbəb oldu: "Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə, Şərqi Avropa və MDB ölkələrində 1988-1994-cü illərdə yoxsulluq səviyyəsindən aşağıda yaşayan əhalinin xüsusi çəkisi 4%-dən 32%-ə qədər (14 mln. nəfərdən 119 mln. nəfərə qədər) qalxmışdı. Bu şəraitdə hansısa sosial müdafiə sisteminin qurulması barədə düşünmək belə çətin idi və əsas diqqət əhalinin daha çox ehtiyacı olan kateqoriyalarının müxtəlif müavinətlər, güzəştlər, kompensasiyalar, təqaüdlər verilməsi yolu ilə ilkin ehtiyaclarının təmin edilməsinə yönəldilirdi. Başqa sözlə, transformasiya dövründə hər hansı bir paradiqmadan deyil, mövcud vəziyyətdən çıxış imkanlarından söhbət gedirdi. Bu baxımdan Azərbaycan Respublikasında Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıdışından sonra həyata keçirdiyi sosial müdafiə siyasəti xüsusi bir tədqiqatın mövzusudur".

Nazir bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində Heydər Əliyev yeni iqtisadi sistemə keçidin iqtisadi inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, bu keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən, aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən etdi: "Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını, milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafını şərtləndirdi. Ümummilli lider Heydər Əliyevin yeni iqtisadi münasibətlər dövrünə uyğun sosial müdafiə sistemi qurulanadək əvvəlki dövlət təminatı sisteminin saxlanılması barədə qərarı aparılan zəruri iqtisadi islahatların aztəminatlı təbəqənin yaşayış səviyyəsinə müəyyən mənfi təsirlərinin qarşısının alınmasında mühüm rol oynadı. Bunun nəticəsi olaraq digər MDB respublikaları ilə müqayisədə Azərbaycanda sosial cəhətdən həssas qruplar keçmiş sovet sistemindən qalmış və yeniləşdirilməsi müəyyən zaman tələb edən sosial müdafiə sistemindən faydalanmaqda davam edərək, öz yaşayışında yeni bazar iqtisadiyyatına keçidin çətinliklərini kəskin şəkildə hiss etmədi. Bu model sahibkarlığın sürətli inkişafına yönələn kompleks tədbirlərin həyata keçirildiyi, yeni mülkiyyət formalarının yarandığı şəraitdə əhalinin aztəminatlı hissəsinin sosial maraqlarının davamlı şəkildə təmin olunması baxımından unikal olmaqla, analoji keçid dövrünü yaşayan ölkələr üçün də nümunəyə çevrildi".

S.Müslümov deyib ki, 1993-2003-cü illər respublikada əhalinin sosial müdafiəsi ilə bağlı Heydər Əliyevin mühüm qərarlar verməsi və məqsədyönlü tədbirlər həyata keçirməsi, pensiya və müavinət təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atması ilə yaddaşlarda qalıb: "1990-cı ilin 20 Yanvar faciəsində şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi işlərinə başlanılması, bunlarla əlaqədar müvafiq qanunların qəbulu və hüquqi bazanın formalaşdırılması, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin rifah halının yaxşılaşdırılması, habelə Azərbaycanın Milli qəhrəmanlarının və onlardan həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi barədə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar yeni bir sosial müdafiə sisteminin yaradılmasının əsasını qoydu. Ümumiyyətlə, Ulu öndərin imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artdı".

Onun sözlərinə görə, bu dövrdə, həmçinin sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə və texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əmək haqqının iki mislindən az olan ailələrdə 16 yaşınadək uşaqlara pul kompensasiyaları təyin olundu: "Bütün bu görülən sosial müdafiə tədbirləri ötən əsrin 90-cı illərində əhalisinin yarıya qədəri yoxsulluq səviyyəsindən aşağıda yaşayan bir ölkə üçün yeganə düzgün addımlar idi. Respublikada yoxsulluq probleminin həlli Heydər Əliyevin sosial siyasət kursunun əsas məqsədlərindən biri idi. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Minilliyin sammitində 147 ölkənin qoşulduğu “Minilliyin Bəyannaməsi”ni Azərbaycan adından Ümummilli liderimiz Heydər Əliyev imzaladı və bu Bəyannamədə 8 qlobal məqsəddən birincisi kimi, ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması məramı ifadə edilmişdi. Azərbaycanda Ulu öndərimizin rəhbərliyi ilə bu vacib məramın gerçəkləşdirilməsi üçün konkret və məqsədyönlü işlər aparıldı. Heydər Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda yoxsulluğun azaldılması üzrə strategiyanın altı əsas strateji məqsədi müəyyən olunmaqla, həssas qrupların daha səmərəli sosial müdafiəsi üzrə ən mühüm və ilkin islahat işi kimi ünvanlı dövlət sosial yardım sisteminin yaradılması qərara alındı".

Nazir bildirib ki, sonralar ölkədə tətbiq olunan bu sistem aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində mühüm rol oynadı: "Ümumiyyətlə, qeyd olunan Dövlət Proqramı ölkəmizdə yoxsulluğun xeyli azalmasına səbəb oldu. Yoxsulluğun azaldılması sahəsində əsası Ulu öndərimiz tərəfindən qoyulan dövlət siyasəti sonrakı illərdə də müsbət nəticələrini verdi və artıq yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən hazırda 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır".

S.Müslümov qeyd edib ki, 1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi sabitlik şəraitində müstəqil Azərbaycanın sosial inkişaf kursunun etibarlı təməli formalaşdırılaraq, ölkənin ümumi tərəqqisi kontekstində onun getdikcə modern təcrübələr əsasında təkmilləşdirilməsi üçün institisional islahatlar mərhələsinə daxil edilməsi təmin olunub: "Ümummilli lider Heydər Əliyevin uğurlu sosial inkişaf kursunun 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun olaraq davam etdirilməsi ölkəmizdə sosial firavanlığın təminatı sahəsində mühüm tarixi nailiyyətlərin qazanılmasına, əhalinin rifah halının yüksəlməsinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin daha da güclənməsinə səbəb olub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2393326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR