"Ya qismət" deyəkmi?...

"Ya qismət" deyəkmi?...
11:51 10 May 2015
Ölkə mətbuatı
A- A+

Düz bir həftə əvvəl Azərbaycan kinematoqrafiyasına böyük itki üz verdi. 4 may 2015-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayev ömrünün 70-ci baharında dünyasını dəyişdi.

Kinoşünas Sədaqət Kamal mərhum rejissor haqqında xatirələrini ANS PRESS-lə bölüşdü. Kinoşünasın fikirlərini Nicat Feyzullayevin yaradıcılığına ölümündən sonra baxış kimi də qəbul etmək olar.

2004-cü ildə kinostudiyamızda çəkilmiş "Küçələrə su səpmişəm" filminin "Nizami" kinoteatrındakı (indiki kino mərkəz) ilk baxışından sonra onun rejissoru Nicat Feyzullayevdən ilk müsahibəni mən alsam da bu haqda heç yerə. heç nə yazmadım. 2004-cü ildə çəkilib ilk baxışı 2014cü ildə keçirilən film haqda danışılası dərdlər bir məqaləyə sığmazdı axı. Bunu bir növ rejissorun adıçəkilən filmdəki toy epizoduyla müqayisə etsəm fikrim aydın olar. Ekranda mağar görünür. Filmin qəhrəmanı (xalq artisti Fuad Poladov) ortada rəqs edir; içində isə insanı ağladan dərdi var. Lakin tamaşaçıya bu mesajı rejissor nə onun qəlb hıçqırıqları, nə də gözündən axan yaşla çatdırır. Sadəcə bu anda mağarın çölə boylanan qapısından "Küçələrə su səpmişəm" xalq mahnısının ahəngi altında şıdırğı axan yağış görünür. Yəni həmən o gün, rejissorla söhbətimi mən o yağan yağış kimi sözsüz, qeybətsiz və həm də səmimi ifadə etməliydim mətbuatda. Bu isə mümkünsüz idi. Baxmayaraq ki, "Küçələrə su səpmişəm" filmindən sonra mən də o yağış kimi ağlaya bilmişdim. Onda rejissora bu filminin öz xəlqiliyi, səmimiliyi və estetikasıyla kinomuzun uğuru olduğunu dediyimi də xatırlayıram.

Filmdəki hadisələr çox sürətlə cərəyan edərək məhz mağarda xalq mahnımızın səsləndiyi məqamda musiqi ahəngi ilə ləngləşdiyinə görə filmə deyil, nəğməyə baxdığını anlayırsan. Daha doğrusu bir xalq mahnısının hikmətiylə yüksəlirsən. Həmən bu epizodda Fuad Poladovun qeyri-adi rəqsi isə məhz rejissor tapıntısı idi. Dünya ekranlarında bu rəqsin bənzərini "Yunan Zorba" filmində aktyor Entoni Kuinin yunanların qəlbi olan "Sirtaki" rəqsinin ifasındakı mesajda da görmək olar. Oradakı filmdə də rəqs xalqın qəlbindəki ağrıları ifadə edirdi. Nicat Feyzullayev isə bu filmində Fuad Poladovun ifasını həm də bizim xalq mahnımızın özü tərəfindən yeni kəşf etdiyi musiqi notuna çevirə bilmişdi. "Küçələrə su səpmişəm"in məziyyətlərindən biri də xalqın kasıb məişətiylə zəngin təbiəti arasındakı fərqi canlandıra bilməsidir. Film qəhrəmanının suvanmamış kələ-kötür ev divarlarından sonra, sanki rəssam fırçasıyla çəkilmiş hamar şüşə kimi işıldayan çay, ağaclarının budaqlı saçları daraqlanmış meşə, xətlər kimi uzanmış yolların ekranda canlandırılması Azərbaycanın Tanrı kimi bir rəssamdan bu xalqa bir bəxşış olduğunu vurğulayır. Ümumilikdə isə "Küçələrə su səpmişəm" lakonik kino dilinin bir nümunəsi kimi tədqiqi oluna bilər kino tariximizdə. Vəssalam.

Beləcə, bir konosənətkarının ömrü bitdi. Nəsibi öz sənətinin dili ilə az, ancaq saz danışmaq oldu. Bu il ona öz ssenarisi əsasında "Əgər qismətim olsa" filmini çəkmək imkanı veriləcəkdi. 2008-ci ildən bəri ömrünün son aylarında ağır xəstə halda yataqdaykən belə bu xüsusda müraciətinin reallaşması ümidi onu həyata bağlayan bir bağ olmuşdu. O hələ də qismətinə inanırdı. Ancaq başqa çür oldu. Qalan "Əgər qismətim olsa" oldu. Nicat Feyzullayev öz kino qismətini gələcək nəslə qoyub getdi...
Allah rəhməti qazandı...
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=343559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR