Avro Kubok şansları futbol mütəxəsislərinin gözü ilə... - FOTOLAR

Avro Kuboklarda 2019-2020-ci il mövsümünə başlanğıc verilib. Birinci mərhələnin ilk görüşlərindən sonra cavab görüşləri bütün Avropada maraqla gözlənilir. O cümlədən, ölkəmizin futbol azarkeşlərinin də diqqəti Çempionlar Liqasında mübarizə aparan "Qarabağ", Avro Liqa təmsilçiləri olan "Neftçi" və "Səbail"in üzərinə yönəlib.

Bu barədə Metbuat.az ölkənin bir sıra futbol bilicilərinin fikrini və baxışını öyrənib:

Elbrus Məmmədov: “Qarabağ"la "Neftçi" 80 faiz işlərinin öhdəsindən gəliblər. "Qarabağ"ın Bakıda "Partizani" ilə oyunda çətinlik çəkmədən qələbə qazanacağına əminəm.

"Neftçi" nin ikinci tura adlayacağına inanıram. "Neftçi"ni indidən ikinci mərhələyə adladıb onu "Arsenal Tula" ilə qarşlışadıranlar var. Düzdü bakılılar "Speranta"dan açıq-aşkar üstündürlər. Ancaq ikinci mərhələyə adlamaq üçün ilk öncə "Speranta"nı rəsmi olaraq yoldan kənarlaşırmaq lazımdır ki, bu hələ kağız üzərində öz təsdiqini tapmayıb.

"Səbail"in işi çətin görünür. Bununla razılaşmaq lazımdır ki, "Səbail"ə düşə biləcək ən güclü rəqib qismət olmuşdu.


Arif Əsədov : "Qarabağ" bir tərəfdən rəqib meydanında qapısından qol buraxmamaqla vəzifəsinin böyük bir qisminin öhdəsindən gəlmiş oldu. Ancaq "Partizani" burada hesabı açarsa "Qarabağ"ın işini çətinə sala bilər. Ancaq bununla yanaşı ağdamlıların rəqibini keçəcəyini düşünürəm.

"Neftçi" böyük ölçüdə cütün taleyini ilk 45 dəqiqə içində həll edib. Ancaq bununla yanaşı, unutmaq olmaz ki, bakılıları qarşıda bir 90 dəqiqə də gözləyir. Və onlar arxayınlaşmamalıdırlar. Düşünürəm ki, cavab oyununda da "Neftçi" rahat bir şəkildə rəqibinə qalib gələcək. İndidən "Arsenal" ilə oyunları düşünmək düzgün deyil. Ancaq bunu da deyə bilərəm ki, əgər "Neftçi" növbəti mərhələyə adlayarsa, "Arsenal" ilə oyunları 50-50-ə dəyərləndirirəm. Məncə, bizi qarşıda çox maraqlı oyunlar gözləyir.

"Səbail"in də növbəti mərhələ şansları təbii ki qalıb. Ancaq bu imkanlar elə də böyük deyil. Fikrimcə, bu yarış "Səbail"in gənc futbolçuları üçün yaxşı bir təcrübə olacaq.


Şahin Diniyev: Maraqlıdır ki, Avro Kubokların ilk oyunlarından sonra məğlubiyyət, qələbə və heç-heçə - yəni bütün nəticələri qazanmışıq. İlk görüşlər olsaydı nəsə deməkdə insan çətinlik çəkə bilərdi. Ancaq bu gün qabaqkı görüşlərə baxıb ümumiləşmiş bir fikir ortaya qoymaq olar.

Belə ki, məncə, "Qarabağ" cavab görüşündə "Partizani"ylə layiqli oyun göstərəcək. Və mərhələni ağdamlılar adlayacaq. Bu böyük ölçüdə belə olacaq. Ancaq rəqibin erkən qol və ən pisi birinci qol vurmağı durumunda olaylar tərs gedə bilər . Əgər onlar buna müvəffəq olsalar, bütün görüşü müdafiəyə çəkilib keçirə bilərlər ki, bu da komandanı yora və turdan edə bilər. Ancaq bununla yanaşı mən çempionumuzun mərhələni adlayacağını düşünürəm.

"Neftçi"ni böyük ölçüdə artıq ikinci mərhələdə saymaq olar. "Speranta" ilə görüş onu göstərdi ki, rəqib "Neftçi" səviyyəsindən çox-çox aşağıdadır. Belədə onların Bakıda "Neftçi"yə 4 qol vurmaq şanslarını möcüzə saya bilərik. "Neftçi" 100 yox, 50 faiz öz oyununu göstərsə, moldavanları buradan evə əliboş yola salmaq gücündədir. Ancaq yenə də arxayınlaşmaq olmaz.

"Səbail" duyulurdu ki, oyuna çıxmamışdan qabaq artıq məğlubiyyətlə barışıb. Onlar heyf ki, "Universitatya Krayova"nın adından qorxdular. Bu isə lazım deyildi. Çünki hər iki komanda birinci mərhələdə oynayırsa, demək rəqib fantastik deyil. Ancaq bunu deyim ki, "Səbail"in "Krayova"nı məğlub etmək şansını cüzi yox normal qiymətləndirmək istəyirəm. "Səbail"in rumın komandası qarşısında şansı "Speranta"nın "Neftçi" qarşısında olan şansından qat-qat çoxdur. Ancaq unutmayaq ki, "Krayova” təmsilçimizdən 2 baş güclüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR