"Biz üzərinə mazut çəkilərək yandırılmış buğaları məscidlə bir olan insanların içinə göndərmərik"

"Biz üzərinə mazut çəkilərək yandırılmış buğaları məscidlə bir olan insanların içinə göndərmərik"
18:22 10 May 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz televiziyasının (Region TV) “Bu Həftə” verilişinin “Həftənin qonağı” rubrikasının qonağı Ərzurum valisi Əhməd Altıbarmaq oldu. Vali Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafına, Bakıda keçiriləcək ilk Avropa oyunlarının ölkəmizə nə verəcəyi barədə öz fikirlərini bildirdi. 

- Bu gün Azərbaycan və Türkiyə dostluğundan hər kəs danışır. Nədir bu dostluğu belə ümdə edən?

- Öncə mən sizə xoş gəldiniz deyirəm. Sizi Ərzurumda qonaq etməkdən böyük məmnunluq duyuram. Bu vəsiləylə də bütün azərbaycanlılara hörmətimi çatdırmağınızı xahiş edirəm. Adları nə qədər fərqli olsa da, birinə türk, birinə azərbaycanlı deyilsə də dini, dili bir olan, ortaq tarixi olan xalqıq. Bu bizim genlərimizdə var olan bir şeydir. Necə ki, qardaşımızı bilirik, tanıyırıq bu da belə bir şeydir.

- Azərbaycanda hər kəs Nuru paşa, Ənvər paşa, Mustafa Kamal paşa, Kazım Kara Bekir paşanı tanıyır. Ərzuruma gələndə isə ilk ağla gələn Seyidov qardaşlarıdır.  Seyidov qardaşları kimdir və niyə türklər üçün bu qədər önəmlidir?


- Seyidovun Azərbaycanda tanınmaması normaldır. O, Bakıdan Türkiyəyə göndərilib. Onun buradakı qəhrəmanlıqlarından, şücaətindən çox danışılır, sonda qətl edilməsi isə hər zaman kədərlə anılır. Onun adı parka verilib, məktəbə də adının verilməsi planlaşdırılır. Azərbaycanda azəri qardaşlarımız toplanaraq qərar vermişlər ki, Ərzurum pis vəziyyətdədir, orada yaşayanların yeməyə, içməyə, torpağını becərmək üçün texnikaya ehtiyacları var. Odur ki, başında Seyidovun olduğu qatarla toplaya biləcəkləri bütün yardımı buraya göndərmişlər. Bununla bahəm bir məktub da göndərilib ki, içində “bunun kifayət qədər olmadığını bilirik, lakin Seyidov bizim təmsilçimizdir, nəyə ehtiyacınız olarsa, ona bildirin, biz sizə yardım etməyə hazırıq, ermənilərlə əlaqəli bir narahatlıq olarsa, bildirin, güclü və inanclı olun” yazılıbmış. Həqiqətən də Seyidov gəlmiş və burada böyük qəhrəmanlıqlar göstərmişdir. Ərzurumda əli silah tuta bilən hər kəs əsgərliyə aparılmışdı, bir qismi Çanaqqalada, bir qismi Yəməndə vuruşduğundan burada vəziyyət heç də ürəkaçan olmayıb. Seyidov gəldikdən sonra isə şəhərin idarəedici strukturları ilə ortaq iş aparmış və qısa zamanda inanılmayacaq şeylərə imza atmışdır. Seyidov ermənilərə qarşı heyət toplamış, mübarizəyə başlamış, lakin sonda xəyanətkar bir tələyə salınaraq öldürülmüşdür. Onun burada çox gözəl xatirələri var, ayrıca o müharibə dövründə erməni və rusların əlinə keçən yetim türk uşaqlarını xilas edərək onlara yetimxanalar açmış, onların baxımı ilə əlaqəli olubmuş.

- Son dövrlərdə Azərbaycan və Türkiyənin ən böyük problemi erməni problemidir. Niyə Qərb dünyası ermənilərin ona yalan söylədiyini bilə-bilə ermənilərə qarşı soyqırım edildiyini deyir? Bununla yanaşı, Anadoluda yüz minlərlə türkün öldüyünü, soyqırıma məruz qaldığını bilə-bilə buna inanmır?

- Ətrafınıza və dönüb tarixə baxdığınız zaman görərsiz ki, tarixdə güclü dövlətlər var olub və onlar güclü dövlətlər qurublar. Bunlar indi yaşayan əsilzadələr kimidir. Yəni, güclü aristokrat ailələr. Bu ailələr onlara edilən pislikləri hər zaman ört-basdır etməyə çalışarlar. Bizim türk milləti də bir az belədir. Tarixən bizi asıblar, kəsiblər deməyi çox sevməzlər. Bizim tariximizdə vəhşiliklər də məhz bundan irəli gələrək olmaz. Biz üzərinə mazut çəkilərək yandırılmış buğaları məscidlə bir olan insanların içinə göndərmərik. Məhz buna görə biz öz tariximizlə qürur duyuruq. Biz deyərkən bura azəriləri, qazaxları, bütün türkləri qataraq deyirəm. Böyük millətlər belə zalımlıqlar etməzlər. Bunu qoyaq bir kənara. Hal-hazırda Balkan yarımadasında olanlara, orada yaşayan türklərin qətl edilməsinə göz yuman dünya dövlətləri, BMT və ya bu kimi başqa təşkilatlar tarixdə olanları heç yada salmazlar. Bizim əsas işimiz gələcək nəsillərə bunları başa salmağımız və bir-birimizə verəcəyimiz dəstəklə daha da güclü olmağa çalışmağımızdır.

- Bir müddət öncə türk-erməni sərhədinin açılması əsas xəbərə çevrilmişdi. İndiki vəziyyətdə sərhədlərin açılması gözlənilirmi və ya mümkündürmü?

- Onu qeyd edim ki, bu ölkəmizin xarici siyasətidir, lakin bir şeyə azəri qardaşlarımız əmin ola bilər ki, Türkiyə heç vaxt Azərbaycana xələl gətirəcək nəsə etməz.

- Niyə türk cümhuriyyətləri birləşə və beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edə bilmirlər?

- Əsas olan millətlərin bir qandan, bir kökdən gəlməsini bilməsidir. Bundan başqa dar günündə bir-birinə dayaq durmaqdır, burada söhbət yalnız türk ölkələrindən yox, xristian ölkələrindən də gedir. Çünki türk xalqları böyük ürəyə sahibdirlər. Qeyd edim ki, hər ölkənin öz siyasəti var və bu siyasət çərçivəsində çalışıb qeyd-şərtsiz ehtiyacı olan xalqlara köməyini əsirgəməməlidir. Belə olduqda gələcək nəsillər bu yaxşılığı mənimsəyərlər.

- Ötən il Ərzurumda universiada keçirildi. Bir ay sonra isə Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu həmin ölkələrə nə verir?

- Bu ölkənin tanınması artır, eyni anda bütün dünyanın nəzərləri sizdə cəmlənir, dünya mediası burada toplanır. İstər-istəməz sonrakı planlarınızı da buna uyğun qurursuz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/339642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR