"Vətən buradan başlayır!" devizi ilə yola çıxan Region TV 1 yaşını qeyd edir

"Vətən buradan başlayır!" devizi ilə yola çıxan Region TV 1 yaşını qeyd edir
18:32 10 May 2015
Ölkə mətbuatı
A- A+

10 may. Bu tarix Azərbaycan xalqı üçün əziz gündür. Region TV üçün isə bu gün ikiqat bayramdır. Kəpəz TV-nin (Region TV) məlumatına görə, 10 may 2014-cü il - ümummilli lider Heydər Əliyevin doğum günündə ölkənin efir məkanında yeni və fərqli telekanal – Region TV yayıma başladı. Bu kanal həm də 6 regional televiziyanı və Bakı ofisini birləşdirən Cənubi Qafqazın ən böyük teleşəbəkəsi oldu. Hazırda bu teleşəbəkədə 850-dən çox işçi çalışır. Qarşıdakı material Region TV-yə daxil olan bölgə kanallarının hər biri ilə ayrı-ayrılıqda tanışlıq imkanı yaradır.

Vətən buradan başlayır! Düz bir il öncə məhz bu şüarla amalı vətənin hər nöqtəsindən xəbər vermək olan bir telekanal fəaliyyətə başladı - Region TV. Azərbaycan teleməkanında tam fərqli formatda tamamilə yeni bir televiziya. Bununla da respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional telekanallar qüvvələrini birləşdirərək daha yüksək keyfiyyətli verilişlər təqdim etməyə başladılar.

2014-cü ilin əvvəlində Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika yayımına çıxacaq 10-cu telekanalın yaradılması üçün tender elan etdi. Bu tenderə qatılmaq üçün regional telekanallar – Kəpəz TV, RTV, CTV, Kanal S, ELTV və TTV birləşərək Region TV adlanan teleşəbəkəni təsis etdilər. Yeni telekanalın fəaliyyət istiqamətləri müəyyən edildi,  tenderdə iştirak üçün Milli Televiziya və Radio Şurasına müraciət olundu. Həmin il martın 14-də isə Şura tenderin qalibini elan etdi və beləliklə, Region TV ümumrespublika yayımı üçün lisenziya qazandı. Regional telekanallar arasında şəbəkə yaradıldı və kanalların yerli ötürücülərə, həmçinin peykə birbaşa çıxışı təmin olundu. Şəbəkəyə daxil olan televiziyaların vahid xəbər xidməti yaradıldı, eyni zamanda proqram və yaradıcı şöbələrin işi əlaqələndirildi.

Artıq bu gün Region TV 1 yaşını qeyd edir. Amma Region TV-yə daxil olan Kəpəz, Türkel, Cənub, El televiziyaları, RTV, Kanal S öz yayım zonalarında illərdir fəaliyyət göstərir. Gəlin onlarla daha yaxından tanış olaq.

Kanal S. Şəkidə fəaliyyət göstərən və regional televiziyalar arasında ilk dəfə 24 saatlıq yayımı həyata keçirən telekanal. Kanal S hazırda gün ərzində 3-4 canlı verilişlə efirə çıxır. Onlardan “Ziqzaq”, “Yaşamaq gözəldir” kimi proqramlar Region TV-nin ümumi efirində yayımlanır. Bir verilişin ərsəyə gəlməsi isə bütün kollektivin əməyi nəticəsində mümkün olur.
Bu ab-hava yalnız canlı verilişlərlə yekunlaşmır. “Kanal-S”-in ən böyük layihələrindən olan “Ferma” şousunun ərsəyə gəlməsində yaradıcı heyət 24 saatlıq iş rejimində çalışır. İştirakçıların ferma həyatının hər dəqiqəsi kameralara çəkilir və təbii ki, bu zaman həm operatorlar, həm redaktorlar, həm prodüserlər, həm də montajçılar – bir sözlə, bütün yaradıcı heyət bütün kameraları izləyir, ən xırda detalları belə gözdən qaçırmamağa çalışırlar.

Şimal-qərb bölgəsindən ən mühüm, son məlumatları tamaşaçılar “Kanal S Xəbər”dən gözləyirlər. Xəbərlərin vaxtında və qərəzsiz şəkildə tamaşaçılara çatdırılması üçün çalışan komanda öz işinin öhdəsindən layiqincə gəlir.

Kanal S-in efirində ədəbi dilin qaydalarına riayət olunsa da, iş prosesində studiyanın daxilində şirin Şəki ləhcəsi tez-tez eşidilir. 

Kanal S 164 nəfərlik heyətlə günün 24 saatı iş başındadır ki, tamaşaçıları bütün sahələrdə həm məlumatlandıra, həm maarifləndirə, həm də əyləndirə bilsin.

RTV 2007-ci il noyabr ayının 15-dən Xaçmaz rayonunda yayıma başlayıb. Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Telekanal Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarına yayımlanır. 5 departament və 3 xidmətdən ibarət olan RTV proqram siyasətində daha çox maarifləndirici, sosial-ictimai xarakterli verilişlərə, informasiya tipli proqramlara üstünlük verir. Hazırda əksər informasiya agentlikləri şimal regionuna aid xəbərləri RTV-yə istinadən yayımlayır.
RTV işçi balansını mütəmadi keçirdiyi işçi müsabiqələrilə qoruyur. Bununla da televiziya təkcə daxili kadr ehtiyacını ödəmir, eyni zamanda regionda formalaşan gənc potensialı işlə təmin edir.
RTV hər yeni telemövsümdə tamaşaçıları müxtəlif yeniliklərlə salamlayır. Bu gün RTV-nin efirində televiziyanın yerli istehsalı olan məhsullarla yanaşı, “Region TV”nin ümumi proqramına aid olaraq regional şəbəkənin ən baxımlı verilişləri nümayiş olunur. Bu verilişlərdən “Yüz yaşa” və “Buralar” xüsusilə seçilir.
Şaiqlə Nuranə cütlüyünü isə “Buralar”dan tanıyırsız. Onların məşhur sloqanı var: “Dostlar, buraların çooox gözəl mənzərəsi var”. Nişanlı cütlük yenə də iş başındadır.
Devizi “Özünüzə baxın” olan RTV-nin hazırda müxtəlif yaş həddində 100-dən çox əməkdaşı var.

Televiziya daim dəyişən, tamaşaçı auditoriyasını günü-gündən genişləndirən və yaxşı mənada təəccübləndirən sahədir. Hər gün əyləncəli verilişləri izləməyi adət edən tamaşaçıya  maarifləndirici proqramlar təqdim etmək  telekanalın ən böyük uğuru hesab oluna bilər. Bu baxımdan 6 ildən çoxdur Yevlaxda fəaliyyət göstərən El TV nümunə ola bilər.

EL TV 2009-cu ildən bu günə kimi tamaşaçı sevgisi və diqqəti qazana bilib. Telekanalın əsas məqsədi regionun ictimai-sosial və mədəni həyatında baş verən yenilikləri, hadisələri və problemləri işıqlandırmaq olub. Eyni zamanda, müxtəlif janrlarda hazırlanan verilişlər tariximizə, soy-kökümüzə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə daim diqqət çəkib. Televiziyaya bu uğuru isə təbii ki, əməkdaşlar qazandırırlar.

Aran-Qarabağ bölgəsini təmsil edən EL TV mütəmadi olaraq bizi cəbhə xəttində nələrin baş verdiyindən, təmas xəttinə yaxın yerləşən kəndlərdəki vəziyyətdən hali edir.

Telekanal tamaşaçını əyləndirməklə yanaşı, onun maarifləndirilməsinə də xüsusi diqqət yetirir. EL TV-nin məqsədi azyaşlı və gənclərin bir vətəndaş və şəxsiyyət kimi formalaşmasında yaxından iştirak etməkdir.

Lənkərandan yayıma qoşulan Cənub Televiziyası 2007-ci ildən fəaliyyət göstərir. Şüarı “Cənubdan dünyaya” olan televiziyanın əsas məqsədi ictimai həyatın güzgüsünə çevrilməkdir. Bu strategiya ilə fəaliyyət  göstərən Cənub Regional televiziyası əldə olunan uğurlarla kifayətlənməyərək günbəgün inkişaf edir. Məhz bu inkişafın nəticəsidir ki, hazırda televiziyada istehsal olunan “Ürək sözü” və “İzi itməyən cinayətlər” verilişləri ümumrespublika yayımında Region TVv tamaşaçılarına təqdim olunur.
Səhər saat 07:00-dən gecə saat 02:00-a qədər 19 saat ərzində yayımlanan CTV-nin efirində müxtəlif analitik informasiya proqramları, musiqili əyləncəli, ictimai-siyasi verilişlər, müəllif telelayihələri hazırlanaraq geniş tamaşaçı kütləsinə təqdim olunur. Bunlardan  "Bir cənub səhəri", "Bilirsinizmi?", Xəbər Xətti, “Min bir nəğmə”,  “Telestadion”, “Üz-üzə”, “Seyf” televerilişlərinin adını  çəkmək olar.
Televiziyada Yaradıcı, Xəbər və Analitik İnformasiya, Texniki və Proqram departamentləri fəaliyyət göstərir. Müasir standartlara cavab verən, ən son avadanlıqlarla təhciz olunan Cənub Regional Televiziyası hazırda 29-cu və 41-ci  tezlikdən yayımlanır. Əhatə dairəsi 3 milyondan yuxarı olan bu televiziyanın verilişlərinə Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Qobustan, Şirvan, Şamaxı və Ağsuda baxmaq olar. 700 kvadrat metr çəkiliş pavilyonu olan CTV tezliklə rəqəmsal yayıma keçməyi planlaşdırır. Bir sözlə, televiziya daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub.

 “Sizin xəbər kanalınız”. Tovuz rayonunda yerləşən "TÜRKEL TV" 1 iyun 2010-cu ildən fəaliyyətə başlayıb. Azərbaycanın ən iri regional yayımçılarından biridir. TTV şəbəkənin xəbər mərkəzi kimi “Region tv”nin ümumrespublika yayımına xəbər buraxılışı ilə qoşuldu. Əslində xəbər televiziyası kimi artıq 4 illik təcrübəsi olan TTV üçün bu buraxılış əhəmiyyətli olduğu qədər də asan idi. Çünki bu kanal sutka ərzində nə az, nə çox düz 48 xəbər buraxılışı təqdim edir.

TTV öz efirini hər yarım saatdan bir xəbər buraxılışları ilə davam etdirməklə paralel, Region TV-nin efirinə gün ərzində 3 xəbər buraxılışı təqdim edir - 13:30da,  20:30 və 23:30-da. Bu buraxılışlarda paytaxt Bakıdan tutmuş ən ucqar kəndlərə qədər - Azərbaycanın istənilən nöqtəsindən, 5 televiziyadan gələn süjetlər yayımlanır. Burada ölkəmizin hər bir məkanından xəbər var və Azərbaycanın hansı regionunda yaşamasından asılı olmayaraq hər kəs özünə lazım olan xəbəri alır...

TTV news-room... Bu zəhmət hədər getmədi. 10 aprel 2015-ci il. Milli televiziya və Radio Şurası TTV-yə peyk yayımıyla bağlı 6 illik xüsusi lisenziya verdi və Qafqazın ilk xəbər kanalının bütün dünyaya yayımı başladı. TTV-dən izlədiyiniz xəbərlərin hamısı bu otaqda, yəni “xəbərlər otağı”nda 30-dan çox jurnalistin əməyi nəticəsində hazırlanır. Hər iş gününün başlanğıcında keçirilən iclasda yeni günün planlaşdırılması aparılır. Müxbirlərin bir qismi çəkiliş məkanlarına yola düşür, digərləri isə bölgə müxbirlərinin mərkəzə göndərdiyi xəbərləri efirə hazırlayır və dünya gündəmini izləyərək xarici xəbərləri nəzarətdə saxlayır. Şirkət binasında hər departament üçün ayrıca komanda işləyir. Məsələn, idman xəbərlərini hazırlayan qrup, iqtisadiyyat, mədəniyyət rubrikaları üçün çalışan jurnalistlər...Yaradıcılıq departamenti isə hər xəbərdən sonra maraqlı, maarifləndirici bir rubrikanı tamaşaçıya təqdim edir. Xəbər çəkilib, yazılıb, montaj olunduqdan sonra qalır təqdimatı - bu məsələdə isə əsas yük aparıcı və texniki heyətin üzərinə düşür.
Yayım studiyadan 5 fərqli aparıcı siması ilə təqdim edilir... Aparıcının nəzər və eşitmə diqqəti eyni anda həm müxtəlif təlimatlar verən prodüserdə, həm təqdim etdiyi xəbərdə, həm də tamaşaçılarda olmalıdır. Texniki heyət isə efirdə baş verə biləcək hər bir nüansı nəzarətdə saxlayır.

Və... Kəpəz MTRŞ. 22 ildir fəaliyyət göstərən Azərbaycanın ilk müstəqil regional televiziya kanalı. Bu gün isə Region TV-nin əsas yayımçısı və təchizatçısı.

Bu kanalın 24 saatlıq ağır iş yükünün öhdəsindən layiqincə gəlmək üçün bütün əməkdaşlar əllərindən gələni edirlər. Kanalın giriş foyesindəki gülərüz xanımlardan tutmuş səliqəli və təmiz şəraitdə işləməyimizi təmin edən bu xanımlaradək.

Adətən bütün telekanallarda xəbərlər xidməti televiziyanın əsas sütunu sayılır. Elə Region TV-də də. Hər gün 16:30-da məhz Kəpəz TV-nin studiyasından yayımlanan “Region Xəbər” informasiya buraxılışı Azərbaycanın televiziya məkanında telekörpü üzərində qurulan ilk gündəlik xəbər buraxılışıdır. Bir saatlıq proqram tamaşaçıları ölkənin, demək olar ki, bütün regionlarında baş verən olaylardan xəbərdar edir.

Xəbərlər departamenti televiziyanın döyünən ürəyidir. Hər gün ölkənin Qərb regionunda baş verən yeniliklərdən hali olduğunuz xəbərlər məhz bu otaqda emal edilir və elə bu studiyadan da diqqətinizə təqdim olunur.

Departament rəhbəri Fərid Mehdiyev xəbərlər xidmətinin külüng vuranlarından biridir.

Bu simanın təqdimata ehtiyacı yoxdur. Vəzifəsini xatırladaq ki, Şahin Əliyev Xəbərlər xidmətinin baş redaktorudur.  

Vüsalə və Zülfiyyə. Gün ərzində sizi ən son xəbərlərdən hali edən bu xanımlara Kəpəz TV-nin simaları da deyə bilərik. 

Bu müxbirlər isə sizi ən son yeniliklərdən xəbərdar etmək üçün bütün gün bax beləcə çalışırlar. 

Natiq Hüseyn Kəpəz TV-nin qocaman müxbirlərindən biridir.

Düzdür, onlar heç də qanqaraldıcı olayların baş verməsini istəməzlər, amma kriminal müxbirlərimiz harada hadisə olursa, onun tam mərkəzindədirlər. 

Nə baş verdiyindən xəbər tutmaq üçün xəbər buraxılışının vaxtını gözləməyə dəyməz. www.kəpəztv.az saytı bütün yenilikləri operativ şəkildə yayımlayır.

Hər şeyi onlar sizə göstərsələr də, heç vaxt özləri görünmürlər. Tanış olun, Kəpəz TV-nin hər gün kameralarını çiyinlərinə vurub döyüşə gedən əsgərləri -  operatorlarımız. Və onların yol yoldaşları sürücülərimiz.

Onlar gəldilər və özləri ilə də böyük fərq gətirdilər. “Bu səhər” verilişinin yaradıcı heyəti, aparıcıları günə xoş ovqatla başlamağınız üçün əllərindən gələni edirlər.

Layihələr departamenti yaradıcı insanların, demək olar ki, hamısının bir yerə toplaşdığı məkandır.

Bir-birindən fərqli filmlər, uşaqlar üçün cizgi filmləri məhz bu otaqlarda hamımızın başa düşəcəyimiz dilə çevrilir - Dublyaj studiyası... 

Və zövqün ritminin vurduğu yer. İlk regional radio kanalı Kəpəz FM-in əməkdaşları arzuladığınız musiqiləri səsləndirməklə ruhunuzun dincəlməsinə xidmət edirlər.

Bir il böyük zaman olmasa da, bu müddətdə çox şeyə nail olmuşuq. Lakin hədəfimiz daha böyük uğurlar qazanmaq, daha uca zirvələri fəth etməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/339643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR