Küveytdə Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Küveytdə Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir
19:38 10 May 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Səfirlikdən AZƏRTAC-a daxil olan məlumata görə, mayın 10-da Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Küveytin siyasi, ictimai xadimlərinin, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb və müasir Azərbaycanın ümummilli lider Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb. Səfir Azərbaycanın siyasi, iqtisadi inkişafının, eləcə də ölkəmizdə sosial problemlərin həllinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyini bildirib.
Bununla yanaşı, səfirlikdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.
Daha sonra isə tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə baxıblar.
Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Küveytin nüfuzlu və böyük oxucu kütləsinə malik “Əl-Ənbə”, “Əl-Nahar” və “Əl-Sabah” qəzetlərinin 10 may tarixli nəşrlərində Ulu Öndərə həsr olunmuş məqalələr çap olunub.
Məqalələrdə Ümummilli Liderin keçdiyi zəngin həyat yolu, əvəzsiz xidmətləri, xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilib. Yazılarda, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu vurğulanıb. Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu Öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.
Göstərilənlərlə yanaşı, Küveyt gəncləri arasında geniş istifadə olunan sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) Ulu Öndərin həyat və fəaliyyətinə dair məlumatlar yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytde_Ulu_Onderin_anadan_olmasinin_92_ci_ildonumu_munasibetile_silsile_tedbirler_kechirilir-854004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR