x
Loading...

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub

19:43 10 May 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Belqrad, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar mayın 10-da ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, şəhər meriyasının və ictimaiyyətin nümayəndələri, Serbiya müftüsü və müsəlman icmasının üzvləri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, bu ölkədə çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış və bərpa edilmiş “Taşmaydan parkı”na gələrək, Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək, önünə əklil və tər çiçəklər qoyublar.
Sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən səfir Eldar Həsənov görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub və bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Sonda iştirakçılara səfirlik tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Ulu Öndərə həsr olunmuş kitab və “Dünya liderləri Heydər Əliyev haqqında” kitabçası paylanılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_musteqilliyinin_mohkemlendirilmesinde_ulu_onder_Heyder_Aliyevin_evezsiz_xidmetleri_olub-854016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR