Pakistanda “20 Yanvar Şəhidləri Bulağı”

09:23 16 Yanvar 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”-nın açılış mərasimi keçirilib.

Səfirlikdən Trend-ə bildirblər ki, Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak eiblər.

İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran 25 il öncə Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş hadisələr haqqında danışaraq bildirib ki, 1990-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıq göstərib, günahsız qanlar töküb. Natiq, faciəli, amma şərəfli 20 Yanvar gecəsinin Azərbaycanın müstəqilliyinə gedən yol olduğunu bildirib.

Tədbirdə çıxış edənlər 20 Yanvar gecəsinin məqamlarından danışıb, sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildiriblər. Natiqlər vurğulamışlar ki, hərbçilərin hədələrinə baxmayaraq şəhidlərin dəfn mərasiminə bir milyondan çox azərbaycanlı qatılmış, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqı 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərmişdir.

Tədbirdə çıxış edən Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti iki qardaş ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri haqqında danışıb. Natiq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilmiş “20 Yanvar Şəhidləri Bulağı”nın təchizatı layihəsi barəsində danışıb. Bildirib ki, layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerjisi ilə çalışan iki artezian quyusu qazılmışdır. Bu, elektrik enerjisinin böyük kəsintilərlə verilən bir yerdə suyun fasiləsiz verilməsini təmin etməklə yanaşı ətraf mühitin qorunmasına da müsbət təsir edəcəkdir.

Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov XX-ci əsrin sonlarında SSRİ-də cərəyan edən hadisələrdən danışıb, yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycana qarşı torpaq iddialarının irəli sürdüyünü bildirib. O, Azərbaycan xalqının, buna etiraz əlaməti olaraq, xalq hərəkatına qalxdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Səfir qeyd edib ki, hadisədən dərhal sonra xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyev təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu aksiyanı qəti pisləyib.

Daşqın Şikarov, faciənin 25-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən icra edilmiş su təchizatı layihəsinə “20 Yanvar Şəhidləri bulağı” adının verilməsi faktını yüksək qiymətləndirib, buna görə Pəncab əyalətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2353869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR