Qubad İbadoğlu ABŞ-dan xüsusi missiya ilə qayıdıb

Qubad İbadoğlu ABŞ-dan xüsusi missiya ilə qayıdıb
16:33 24 İyul 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlunun ABŞ-dan Bakıya qayıdan kimi keçirdiyi görüşlər son proseslər və ölkədə aparılan sosial-iqtisadi islahatlarla bağlı yaradılan süni manipulyasiyalar fonunda diqqət çəkdi.

İbadoğlu iyulun 20-də REAL sədri İlqar Məmmədovla görüşdü. Bu görüş haqqında məlumat yayan İbadoğlu digər siyasətçilərlə də görüşəcəyinin anonsunu verdi. O, dünən AXCP sədri Əli Kərimli ilə görüşdü. Görüşlə bağlı “Hazırkı ictimai-siyasi və sosial-iqtisadi durumu dəyərləndirib, gözlənilən ssenarilər ətrafında fikir mübadiləsi apardıq” deyə açıqlama yaydı. Bir gün sonra – bu gün isə keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gəldi və görüşlə bağlı “Əli müəllimlə görüş maraqlı oldu, onunla keçmişdən deyil, bu günün gerçəkliklərdən, sabahın perspektivlərindən doyunca söhbətləşdik” sözlərini yazdı.

İlk baxışdan, bu görüşlər İbadoğlunun siyasi cameədə yeni ittifaqlar qurmaq istəyi kimi görünür. Xüsusilə, Müsavat Partiyasından ayrıldıqdan sonra ADR siyasi güc olmaq yolunda o qədər də uğur əldə etmədi və mümkündür ki, hərəkatın rəhbəri müxalifətdəki siyasi qüvvələrdən bu və ya digər formada dəstək axtarışına çıxıb. Hərçənd, proseslərin inkişafı və diqqətçəkən nüanslar ortada “siyasi güc” toplamaq yox, daha dərin nəsnələrin olduğuna işarə edir.

Birincisi: İbadoğlunun görüşdüyü REAL, AXCP və Əli İnsanov bir-birinə tam zidd mövqedə dayanırlar. REAL seçkiyə getməyi, AXCP “inqilab” istəyir və son dövrlər cəbhəçilərin REAL-çıları satqınlıqda ittiham etməsi mütəmadi olaraq müşahidə olunur. Əli İnsanov isə həbsdən çıxandan sonra “təkbaşına güc” olmaq ambisiyalarını gizlətmir ki, bu da onun eyni ambisiyada olan Əli Kərimli ilə kəllə-kəlləyə gəlməsinə səbəb olur. İbadoğlu onları birləşdirməyin mümkünsüz olduğunu anlayır, əslində məqsəd də bu deyil.

İkincisi: İbadoğlu məhz ABŞ-dan qayıdan kimi bu görüşləri gerçəkləşdirdi və bu, onun okeanın o tayındakı fəaliyyəti kontekstində təsadüfi deyil.

İbadoğlunun Amerika macərası: ADR sədri Müsavatla “siyasi müharibə”ni başa çatdırmamış ABŞ-a köçdü. İlin çox hissəsini okeanın o tayında keçirir. Hazırda Rutgers Universitetində çalışır. Bu universitet təhsillə yanaşı, ABŞ dövlətinin tədqiqat mərkəzlərindən biri sayılır və dünya ölkələri ilə bağlı araşdırmalar aparır. Bu universitetdə çalışan Q.İbadoğlunun Azərbaycanda iqtidara qarşı əvvəlki “loyal” münasibətinin son dövrlər radikal mərhələyə keçdiyi müşahidə olunur. Xüsusilə o, ölkədə sosial-iqtisadi islahatlarla bağlı müxtəlif iddialar ortaya atır ki, bu iddialar Azərbaycana qarşı olan qüvvələrin əlində “arqument”ə çevrilir. Ölkə daxilində müxalifətin radikal seqmenti də İbadoğlunun iqtisadi iddialarından yola çıxaraq, süni gərginliyin yaradılmasına cəhdlər edirlər. Müşahidə olunan odur ki, İbadoğlu süni gərginliyin yaradılması və sosial-iqtisadi addımlarla bağlı manipulyasiyaların edilməsi üçün “iqtisadi baza” formalaşdırır. Bu bazadan həm xaricdə, həm də daxildəki qüvvələr yararlanır. Hesab etmək olardı ki, İbadoğlu ixtisasından qaynaqlanan fəaliyyətlə məşğuldur, yəni sosial-iqtisadi prosesləri təhlil edir və fikirlərini paylaşır. Hərçənd, onun iqtisadi təhlillərində manipulyativ nüansların çoxluğu və son günlər keçirdiyi görüşlər məsələnin bu qədər sadə olmadığını göstərir.

Görünən ssenari: İbadoğlu ABŞ-dan xüsusi missiya ilə Bakıya gəlib.

- İndiyə qədər iqtisadi manipulyasiyaların bazasını formalaşdıran ADR sədri fəaliyyətini daha aktiv mərhələyə keçirir. Bunun üçün Bakıya gələn kimi müxalifətin üç fərqli cinahı ilə görüşür və missiyanın detallarını müzakirə edirlər. Hədəf uzun müddətdir aparılan sosial-iqtisadi islahatlarla bağlı manipulyasiyanın genişləndirilməsi və ölkə daxilində ictimai rəyi iqtidarın əleyhinə yönləndirməkdir. Və burada onun üç fərqli cinahla görüşünün səbəbi də ortaya çıxır:

REAL: Milli Şura ilə müqayisədə daha loyal görünür və müxalifət daxilində radikal qüvvələrlə qarşıdurmadadır. Xüsusilə Əli Kərimlinin təmsil etdiyi qrupun “alternativi” rolunu oynayır.

AXCP: Əli Kərimli radikal kəsimə rəhbərlik edir və siyasi ambisiyaları naminə istənilən anlaşmaya gedə bilər. Onunla anlaşmaq həm də bütövlükdə Milli Şuranı “ram etmək” deməkdir.

Əli İnsanov: İqtidara qarşı nifrətini gizlətmir və əlində müəyyən maliyyə imkanı var. Bununla yanaşı, onun timsalında regionçuluq faktoru önə çıxır.

İbadoğlunun missiyası da müxalifətin radikal və onlarla üz-üzə dayanan digər kəsimi ilə anlaşmaq və bu anlaşmaya regionçuluq amilini daxil etməkdir.

Ortaq hədəf və “gözlənilən ssenarilər”: İbadoğlunun keçirdiyi üç görüşdə əsas müzakirə mövzusunun “gələcək planlar” olduğu da məlumdur. Bu, görüşlə bağlı məlumatlarda da aydın sezilir. Onun açıqladığı “gözlənilən ssenarilər” isə əslində müxalifətin fərqli cinahlarını “bir dam altında” toplamaq və “birgə mübarizə”ni təşkil etməkdir. Əsas hədəf də dövlətin sosial-iqtisadi stabilliyinə inamı azaltmaq, son dövrlər atılan addımlarla cəmiyyətdə yaranmış müsbət əhval-ruhiyyəni dağıtmaq və sosial sahədə manipulyasiyaların həyata keçirilməsidir. Çünki Azərbaycanda təkcə bu ilin ərzində sosial rifahın dəfələrlə yüksəlməsi iqtidarın mövqeyini gücləndirməklə yanaşı, anti-Azərbaycan qüvvələrin planlarını alt-üst edir, həm də hazırda müxalifətin radikal kəsiminin siyasi arzularını “dəfn edir”. Belə bir vəziyyətdə əsas hücumun məhz sosial-iqtisadi sferadan başladılması və bu missiyanın İbadoğlu tərəfindən reallaşdırılması təsadüfi deyil:

1. Onun əsas fəaliyyət istiqaməti sosial-iqtisadi sahədir və iqtisadçı ekspert kimi tanınır;
2. Müxalifətin üz-üzə dayanan kəsimləri ilə təmas qurmağı bacarır.

Görünür, ABŞ-dan xüsusi missiya ilə qayıdan İbadoğlu sosial-iqtisadi sferada yeni “hücumlar” hazırlayır.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/285560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR