""Qəbələ" ilə Avropa Liqasında oynamaq istəyirəm"

""Qəbələ" ilə Avropa Liqasında oynamaq istəyirəm"
10:32 16 Yanvar 2015
156 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, "Qəbələ" klubunun ukraynalı yeni transferi, qapıçı Dmitri Bezotosnı qol.az-ın suallarını cavablandırıb.

- "Qəbələ"yə keçidin haqda nə deyərdin?

- Mən iddialı və qarşısına böyük hədəflər qoyulan komandaya gəldim. Bu komanda xoşuma gəlir. Yeni komandama kömək etmək üçün əlimdən gələni edəcəm. "Çernomorets"də Roman Qriqorçukla işləmişəm və onun işinə yaxşı bələdəm. Yenidən onunla çalışacağım üçün çox şadam.
 
- Niyə sadəcə 6 aylıq müqavilə imzaladın? Nəzərə alaq ki, baş məşqçinin "Qəbələ" ilə 1,5 illik müqaviləsi var...

- Hər şey qarşılıqlı razılıq əsasında gerçəkləşdi. İndiki məqamda nə mən, nə də klub uzunmüddətli əməkdaşlıq istəyirdik. Əgər hər şey yaxşı olarsa, mövsümün sonunda "Qəbələ" ilə müqavilənin müddətini uzada bilərəm. Bu, klub üçün də sərfəli olar. Çünki "Qəbələ"yə uyğun gəlməyə də bilərəm.
 
- Komandanın hədəfləri haqda nə bilirsən?

- Mənə "Qəbələ"nin yeni mövsümdən Avropa Liqasında oynamalı olduğunu dedilər. "Çernomorets"lə Avropa Liqasında oynamışam və bunun nə demək olduğunu yaxşı bilirəm. "Qəbələ" ilə də bu turnirdə oynamaq istəyirəm.
 
- "Çernomorets"dən "Qəbələ"yə gələn ilk şəxs deyilsən. Bu, Roman Qriqorçukla bağlıdır, yoxsa Odessada hərbi-siyasi vəziyyətin sabit olmamasından qaynaqlanır?

- Bu məşqçi heyəti ilə işləmək çox xoşdur. Həmçinin Ukraynada hərbi-siyasi vəziyyət sabit deyil. Odessada təhlükəsizliyinə zəmanət verə bilməzsən. Buna görə özümə yeni komanda axtarmaq qərarına gəldim. Roman Qriqorçuk zəng vurdu və mən də təklifi qəbul etdim. Ölkə xaricində oynamaq mənə maraqlı gəldi.
 
- Kamran Ağayev haqda eşitmisən?

- Belə anladım ki, siz komandanın kapitanı haqda soruşursunuz. Səmimi deyirəm, eşitməmişəm.
 
- Kamran "Qəbələ"nin kapitanı, eyni zamanda Azərbaycan millisinin qapıçısıdır. Onunla rəqabətdən çəkinmirsən?

- Rəqabətdən çəkinmirəm. Həm mən, həm də o, əsas heyətə düşmək uğrunda mübarizə aparacağıq. Qapıda kimin dayanacağına baş məşqçi qərar verəcək.
 
- Yəqin ki, səni komandaya ikinci qapıçı kimi dəvət etməyiblər...

- Neçənci qapıçı kimi dəvət olunduğumu deyə bilmərəm. Baş məşqçi nəticə qazanmaq istəyir və ümid edirəm ki, qapıya ən yaxşısını qoyacaq. Qeyd edim ki, "Çernomorets"in kapitanı mən idim. Mən iddialıyam, əminəm ki, Kamran da iddiasını ortaya qoyacaq. Əsas heyət uğrunda mübarizə aparacağıq.
 
- Azərbaycan çempionatı haqda nə deyə bilərsən?

- Daha öncə Azərbaycan Premyer Liqasını izləməmişəm. Ancaq Roman Qriqorçukun "Qəbələ"yə keçəcəyi haqda xəbərlər yayıldıqdan sonra Azərbaycan çempionatı ilə maraqlanmağa başladım. Baş məşqçimin haraya getdiyini bilmək maraqlı idi. Əminəm ki, tezliklə Azərbaycan Premyer Liqası haqda kifayət qədər məlumatlar toplayacam.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR