Pişik balaca qızı xilas etdi - FOTO

Pişik balaca qızı xilas etdi - FOTO
10:32 16 Yanvar 2015
223 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kaluqa vilayətindəki Obninsk şəhərində dramatik, eyni zamanda çox həzin olay yaşanıb. Şəhərdəki yaşayış binalarından birinin girəcəyində 2 aylıq körpə tapılıb.
 
Hazırda xəstəxanaya yerləşdirilmiş körpə qızın valideynlərini araşdırmağa çalışan polis bu uşağın kimliyini müəyyənləşdirmək istəyir.
Milli.Az Siberian Times-a istinadən bildirir ki, uşağı binanın sakinləri zibil qutularının yanında tapıblar. O, yaşamını Murka adlı pişiyə borcludur.
Üç ildən bəri bu binada yaşayan Murka yerli sakinlərin sevimlisidir.
 
"Pişiyin miyoltusunu eşitdim. Binanın girəcəyinin yanında, qapının yanında Murka üçün qoyulmuş qutuya baxdım. Orada balaca uşaq ağlayırdı", - binanın sakinlərindən biri, tibb bacısı Nadejda Maxovikova deyib.
 
Onun sözlərinə görə, hava çox soyuq, sazaq olsa da, uşaq donmamışdı: "Qızın bir böyrü az qala qaynardı. Pişik uşağın qutuda olduğu müddətdə onu bir neçə saat isitmişdi, uşağa sığınıb onu donmağa qoymamışdı. Uşağı ora atanlar körpənin "qayğısına" qalmışdılar. Uşağın yanında papaq və gödəkçə, bezlər vardı. Qızı isti geyindirmişdilər".
 
Təcili yardım və polis şəhərin Lenin prospekti, 180 ünvandakı binanın qarşısına gələnədək Murka uşağın yanından ayrılmayıb, onu sürəkli yalamağa çalışıb.
N.Maxovikova əmindir ki, Mürka balaca qızı öz balası sayıb.
 
"O, əsl ana kimi körpəyə görə narahatdı. Uşağın aparılacağını anlayanda isə vurnuxmağa, miyoldamağa başladı. Sürücümüz körpəni qucağına götürüb maşına aparanda isə pişik sanki ağlayırmış kimi miyoldayıb maşının yanına qaçdı", - təcili yardımın feldşeri Vera İvanina deyib.
Uşaq təcili yardım maşınına aparılanda Murka küçəyə qaçıb və hətta maşının içinə atılmağa çalışıb.
 
Bina sakinlərinin dediklərinə görə, təcili yardım maşını gedəndən sonra pişik uzun müddət yolda oturub. Görünür, o, maşının qayıdacağına ümid edirdi.
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR