İsveçrəli uşaqların Azərbaycan qaçqınları üçün çəkdiyi rəsmlər sadəcə valehedici idi - Azərbaycanın İsveçrədəki səfiri (FOTO)

İsveçrəli uşaqların Azərbaycan qaçqınları üçün çəkdiyi rəsmlər sadəcə valehedici idi - Azərbaycanın İsveçrədəki səfiri (FOTO)
13:36 31 İyul 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2019-cu il iyunun 15-də Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” tərəfindən Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilmişdir. Bu tədbirlə bağlı Trend Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın müsahibəsini təqdim edir:

- 15 iyunda təşkil etdiyiniz tədbir xaricdə keçirilən digər tədbirlərdən nə ilə fərqlənir?

- Fikrimcə, ən əsas fərq Azərbaycanın həqiqətləri barədə mesajımızın pozitiv tonda, sülhməramlı tərzdə çatdırılması idi. Bu tərz Avropalıların üslubundadır, onları maraqlandırıb, tədbirimizə və mesajımıza qulaq asmağa cəlb edirdi. Belə ki, ictimai məlumatlandırma kampaniyasının əsas qayəsini orada İsveçrəli uşaqların iştirakı, Azərbaycanlı qaçqın uşaqlar üçün rəsm çəkməsi təşkil edirdi. Bu məqsədlə Bern şəhərinin əsas meydanı olan Vayzenhauzplatz-da malbertlər quraşdırılmışdı. Bu uşaqlara Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri də qoşulmuşdu. Uşaqlar rəsm çəkməmişdən öncə tədbirin mahiyyəti, Azərbaycan qaçqınlarına həsr edilmiş rəsm əsərləri ilə tanış edilir və sonra ölkəmizdə olan qaçqın uşaqlar üçün rəsm çəkməyə dəvət olunurdu. Bundan başqa, “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri aksiya iştirakçılarına uşaq dilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan məcburi köçkünləri barədə məlumat verirdilər. Xüsusilə uşaqlar vasitəsilə faciə barədə çatdırılan mesaj isə həm valideynlər, həm də uşaqlara üçün çox təsirli olurdu. İsveçrədə məlumatlandırma kampaniyasında çox sayda insanın iştirakı, yüzlərlə məlumat broşürü və kitabçaların paylanması, eləcə də kampaniya ərzində 100-ə yaxın rəsm əsərinin çəkilməsi bu cür yanaşmanın və ümumiyyətlə tədbirin uğurlu olduğuna dəlalət edir. Çox istərdim ki, İsveçrəli uşaqlar tərəfindən Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün çəkilmiş bu rəsmlər Bakıda sərgi təşkil edilərək nümayiş etdirilsin.

- Niyə məhz 15 iyun?

- Hər il İsveçrədə 15 iyun tarixi Milli Qaçqınlar Günü kimi qeyd olunur və bu tarix İsveçrədə qaçqınların problemləri barədə ən vacib ictimai məlumatlandırma kampaniyasına çevrilmişdir. Biz də Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə bu tarixdən İsveçrə ictimaiyyətinin diqqətini xalqımızın dərdinə diqqət çəkmək üçün istifadə etmək qərarını verdik. Düşündük ki, həmin tarixdə təşkil olunacaq tədbir həm təsir gücü, həm də iştirakçılıq səviyyəsi baxımından daha genişmiqyaslı olacaqdır. Nəticə etibarilə bu belə də oldu. Onu da xüsusilə vurğulamalıyam ki, ictimai kampaniyanın genişmiqyaslılığına töhfə verən faktorlardan biri tədbirin “İsveçrə Qaçqınlar Şurası”nın (Swiss Refugee Council) eqidası altında keçirilməsi və kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində bu təşkilatın loqosundan istifadə edilməsi barədə diaspora tərəfindən razılıq əldə edilməsi idi. Belə ki, isveçrəlilərin etibar etdiyi yerli qurumun tədbirə sponsorluq etməsi ona həm marağı, həm də etibarı nəzərəçarpacaq dərəcədə artırmışdır.

- Kampaniyada başqa təsiredici faktorlar nə idi?

- Uşaqların rəsm çəkməsindən əlavə, ictimai kampaniyanın keçirildiyi meydanda Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş məlumat stendi quraşdırılmış; Azərbaycan qaçqınlarına həsr olunan rəsm əsərləri sərgilənmiş; yerli ictimaiyyətə Azərbaycan qaçqınları barədə broşürlər vasitəsilə məlumat verilmiş; Qarabağlı qaçqın qadının 8 yaşında olarkən başına gələnlərdən alman dilində bəhs edən 500 kitabça paylanmış; üzərində “Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün” yazılan, onlarla həmrəylik rəmzi daşıyan şarlar yerli sakinlərə və uşaqlara paylanmışdır. Bütün bu tədbirlər bir-birini tamamlamış, aksiyamızı daha da rəngarəng və cəlbedici etmişdir.

- Tədbirin təşkilində İsveçrədəki Azərbaycan diasporunun rolu nə olmuşdur?

- İsveçrədə Azərbaycan Səfirliyi və diasporu bütün məsələlər, xüsusilə də ümummilli məsələlərdə həmişə birgə çıxış edir, çox sıx işləyir. Məsələn, 2018-ci ildə Berndə İsveçrə təhsil sisteminə inteqrasiya olunmuş “Qarabağ” məktəbinin təsis olunması Səfirlik və diasporun birgə əməyinin nəticəsidir. Azərbaycan qaçqın və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası da bu ölkədəki diasporumuzun təşkilatçılığı ilə baş tutmuşdur. Belə ki, bu kampaniyanın rəsmi olaraq təşkilatçısı “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”dir. Səfirlik isə bu tədbirin təşkilinə qanuni çərçivə daxilində dəstək göstərmişdir. Vurğulamaq istərdim ki, yerli ictimaiyyəti hədəfə alan istənilən aksiyaların keçirilməsində aparıcı rol məhz elə diasporaya məxsus olmalıdır. Bu kimi məsələlərdə isə səfirliklərimiz hər zaman diasporun yanında olmalıdır.

- Sizcə bu uğurlu təcrübənin başqa Avropa ölkələrində də tətbiq edilməsi məqsədəuyğundurmu?

- İsveçrədə keçirilmiş ictimai məlumatlandırma kampaniyasının uğurunu şərtləndirən amilləri yuxarıda sadaladım. Bir daha təkrarlamaq istəyirəm ki, müvafiq Avropa ölkələrində yerli ictimaiyyətə ölkəmizin problemlərinin yuxarıda təsvir edilən formada, sülhməramlı tərzdə çatdırılmasının daha çox təsir gücünə malik olacağından əminəm. Buna görə də, digər Avropa ölkələrində bu formada tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Həm də nəzərə almaq lazımdır ki, digər Avropa ölkələrin də Milli Qaçqınlar Günü qeyd oluna bilər. Yaxud da hər il iyunun 20-i dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. İctimai məlumatlandırma kampaniyalarının məhz bu günlərdə keçirilməsi çox vacibdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3098677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR