Azərbaycan prezidenti Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan prezidenti Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib
18:07 11 May 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 11 May 2015 18:03 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı N. Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına əminliyini bildirib.

 

Ölkələrimizin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan İ. Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyən prezident İ. Əliyev bu tədbirlərin Qələbənin qeyd olunması ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğulayıb.

 

N. Patruşev Rusiya prezidenti Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, ölkəmizə səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadlıq və quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi olduqlarını deyib. N. Patruşev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

 

Rusiya Təhlükəsizlik Şurasının katibi yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin genişləndirilməsi və əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə toxunan rusiyalı qonaq onun böyük dövlət və siyasi xadim olduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında onun müstəsna xidmətlərini xüsusi vurğulayıb. Birinci Avropa Oyunlarına toxunan N. Patruşev bu tədbirin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İ. Əliyev V. Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR