x
Loading...

Azərbaycan prezidenti: “Bizim siyasətimizə təsir etmək mümkün deyil”

Azərbaycan prezidenti: “Bizim siyasətimizə təsir etmək mümkün deyil”
23:12 11 May 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 00:08 ]

Bakı-APA. “Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdı. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir”.

APA-nın məlumatına görə, bu barədə mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimində çıxış edən prezident İlham Əliyev bildirib.

 

Onun sözlərinə görə, milli mənəvi dəyərlər birinci şərtdir: “Biz öz milli mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbd. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur”.

 

Prezident bildirib ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir: “Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə bağlı dünyada mərkəzlərdən birinə çevrilib. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir. Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi.Bu gün Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir. Son iki həftə ərzində Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı Bakıda keçirilib. Ondan bir neçə gün sonra Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilib”.

 

Prezident qeyd edib ki, Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır: “Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə”.

 

Prezident bildirib ki, Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür: “Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Bizim təsir imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda, regional əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir, qarşılıqlı dəstəkdir. Bizim başqa fikrimiz yoxdur. Ona görə, regional inkişaf, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar Azərbaycan reallıqlarıdır. Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var. Biz ölkəmizi gələcəkdə necə inkişaf etdirəcəyik?! Bu barədə bizim bütün proqramlarımız var, bu barədə vaxtaşırı məlumatlar verilir və xalq tərəfindən dəstəklənir”.

 

Prezident xatırladıb ki, Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək:  “Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir. Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır”.

 

Prezident İ.Əliyev qeyd edib ki,  bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir: “ Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük. Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbayacana qarşı kampaniyalar əslində heç vaxt dayanmayıb: “Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır. Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq". 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR