Nikol Qarabağın işğalını rəsmən ETİRAF ETDİ: “Miatsum” şüarının HƏDƏFİ

Nikol Qarabağın işğalını rəsmən ETİRAF ETDİ: “Miatsum” şüarının HƏDƏFİ
16:38 6 Avqust 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirdiyi mitinqdə işğalçı olduqlarını etiraf etdi. “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyən Paşinyan mitinqdə çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarları ilə başladı.

“Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”, - Nikol işğal altındakı Xankəndidə onun üçün qurulmuş tribunadan bağırırdı. İnqilabdan sonra populist şüarlarla ac erməniləri öz kölgəsində saxlamağa çalışan Paşinyanın Xakəndidəki “Miatsum” şüarı da çıxılmaz vəziyyətdə düşməsindən qaynaqlanır.

Hərçənd o, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etməsi və “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” sözləri ilə işğalçı olduqlarını rəsmi şəkildə təsdiqlədi. İndiyə qədər heç bir erməni lider Qarabağın Ermənistanın “ayrılmaz hissəsi” olduğunu dilə gətirməyib, çünki bu, Azərbaycan torpaqlarının işğal edildiyini açıq şəkildə etiraf etməkdir. Paşinyanın bu etirafı etməsinin arxasında isə ciddi səbəblər var, xüsusilə onun “Miatsum” şüarı iki hədəf yönəlib:

Taxtını qorumaq: Paşinyanın küçə inqilabı ermənilərə heç nə vermədi, əksinə ölkədə sosial vəziyyət ağırlaşdı, iqtisadi gəlirlər azaldı, iş yerlərində kütləvi ixtisarlar başlandı, hətta inqilabdan öncəki dövrlə müqayisədə intiharların sayı 20 faiz çoxaldı. Sonuncu dəfə İcevanda “çörəyi ağacdan çıxan” işçilərə qarşı polis zorakılığı yeni rejimin köhnə xuntadan heç nə ilə fərqlənmədiyini göstərdi. Paşinyanın erməni xalqına vəd etdiyi rifahı gerçəkləşdirə bilmir və mütəmadi olaraq yüksələn etiraz səsləri onun taxtını laxladır. Və o, çıxış yolu kimi ən yaxşı bacardığı populizmə əl atır.

İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. “İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir”, - bu Nikolun hazırda yeganə çıxış yoludur. Hərçənd, bu çağırışın niyə məhz işğal altındakı Xankəndidə edilməsi suallar doğurur.

“Qarabağ klanı”nı əzmək: Paşinyanın inqilaba hər kəsin dəstək verməsi haqda avtoritar çağırışı Qarabağda etməsi onun əks-inqilabçı hesab etdiyi keçmiş hakimiyyətə qarşı hesablanıb. “Qarabağ klanı” hakimiyyətdən getsə də biznes sahəsində, orduda və xüsusilə “son qala” hesab etdikləri Xankəndidəki separatçı rejimdə hələ güclüdür. Hazırda Paşinyan “son qala” uğrunda açıq mübarizəyə girişib. Keçmiş prezident Robert Koçaryanın həbsi, separatçı rejimin rəhbəri Bako Saakyanın Koçaryana açıq dəstəyi, bütün bunların fonunda 2020-ci ildə separatçı rejimdə keçiriləcək “prezident və parlament” seçkilərinə hazırlıq prosesi ermənilərin qılıncları bir-birinə qarşı sıyırdığını göstərir.

“Qarabağ klanı”nın üzvü olan Saakyan gələn il “namizədliyini” verməyəcəyini desə də, indidən yerinə öz adamını hazırlaşdırır, buna paralel olaraq, Nikol da həbsdən çıxardığı “Sasna srer” yarımhərbi qruplaşması, o cümlədən, separatçıların “keçmiş müdafiə naziri” Samvel Babayanın timsalında öz “ordusunu” formalaşdırmaqdadır. Xankəndidəki mitinq əslində tufandan öncəki sakitliyi xatırladır. Mitinqdə tribunaya çıxan Saakyanın fitə basılması, ardınca Paşinyanın onu tənqid etməsi də diqqətdən yayınmadı. Bu baxımdan, Xankəndi mitinqi Paşinyanın “Qarabağ klanı”na qarşı açıq müharibəyə başlaması kimi dəyərləndirilə bilər. Və onun bu müharibəyə “Miatsum” şüarı ilə girməsi və “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” şüarını dilə gətirməsi bütün ermənilərin dəstəyini almaq məqsədinə xidmət edir. Hərçənd bu, “Miatsum” şüarının gerçək olması, yəni Qarabağın Ermənistana birləşdirilməsi ilə nəticələnməyəcək. Sadəcə olaraq, Nikol bu şüarla separatçı rejimi ələ keçirmək üçün gələcək “seçkilərdə” irəli sürdüyü oyunçulara dəstəyi təmin etməyi planlaşdırır.

Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam” sözləri də bu planın bir hissəsidir. Nikol ermənilərə demək istəyir: Mən Ermənistanı yüksək səviyyəyə çatdırmaq istəyirəm, lakin rəqiblərim – “Qarabağ klanı” buna imkan vermir.

Erməni baş nazir həm laxlayan taxtını xilas etmək, həm verdiyi sosial-iqtisadi vədləri unutdurmaq, həm də “Qarabağ klanı”nı əzmək gedişi edir. Hərçənd, bununla Ermənistanın illərdir irəli sürdüyü “Qarabağın ayrıca respublika olması” tezisini də alt-üst etdi. Bu fakt Paşinyanın çıxılmaz vəziyyətdə olduğunu təsdiqləyir və danışıqlar masasında rəsmi Bakının əlini gücləndirir. İndi növbə beynəlxalq ictimaiyyətin, xüsusilə münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan məsul olan ATƏT-in Minsk qrupu həmsədrlərindədir. Onlar erməni baş nazirin bu etirafına reaksiya verməli və danışıqların növbəti raundunda işğala son qoymaq istiqamətində fəal işləməlidirlər. Əks təqdirdə Azərbaycan Ordusu kazarmaları yenidən tərk edəcək. Çünki Nikolun Xankəndidəki etirafları yeni müharibəyə zəmin yaratdı...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/286770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR