Azərbaycanda elektron qaimə-faktura ilə rəsmiləşən qeyri-neft sektoru dövriyyəsinin xüsusi çəkisi 61%-ə çatıb

Azərbaycanda elektron qaimə-faktura ilə rəsmiləşən qeyri-neft sektoru dövriyyəsinin xüsusi çəkisi 61%-ə çatıb
16:42 6 Avqust 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

“Cari ilin 6 ayında qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 7% artaraq 61,3%-ə çatıb”. 
Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, nazirlik mütəmadi olaraq vergi islahatlarının şəffaflaşmaya təsirlərinin monitorinqini aparır. Təhlillər göstərir ki, bir sıra fəaliyyət sahələrində dövriyyələr iqtisadi artımla müqayisədə dəfələrlə yüksək artım nümayiş etdirir, əqdlərin elektron sənədləşmə səviyyəsi isə əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
Ticarət sektorunda dövriyyə 22%, o cümlədən pərakəndə ticarətdə 35%, ictimai iaşədə isə 26% artıb. Topdansatış ticarət və istehsalda elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65%dən 78%ə yüksəlib. Təkcə topdansatış ticarətdə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 65%-dən 82%-ə qalxıb.
Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrin artım tempi qeyri-neft sektorunda 20,6%, o cümlədən ticarətdə 43,4% pərakəndə ticarətdə 50,2%, topdansatış ticarətdə raibtədə 41,8%, rabitədə 23,7%, qeyri-neft istehsal sahəsində 30%, kənd təsərrüfatında 91,4%, xidmət sektorunda 20,8% təşkil edib.
Ticarət sektorunda dövriyyələrin şəffaflaşması özünü ƏDV dövriyyəsinin yüksək artım dinamikasında göstərir. Belə ki, ƏDV dövriyyəsi topdansatış ticarətdə 25,2%, pərakəndə ticarətdə isə 40% artıb. Bu sahələrdə alış əqdlərinin sənədləşməsi səviyyəsi də yüksəlməkdədir. Pərakəndə ticarətdə əldə edilən elektron qaimə-fakturaların dəyərində 50,2%, ictimai iaşədə isə 23,1% artım olub.
Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ili 6 ayında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73%, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 8,6 dəfə artıb. Bu sahələrdə elektron qaimə- fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7% və 10,8 dəfə artım müşahidə olunub.
Vergilər Nazirliyinin vergi inzibatçılığının rəqəmsallaşması və fiskallaşma sahəsində həyata keçirməyə başladığı bir sıra layihələr dövriyyələrin şəffafflaşması prosesinə əlavə təkan verəcək. Belə ki, hipermarketlərdə və yanacaqdoldurma məntəqələrində yeni nəsil onlayn nəzarət-kassa aparatlarının quraşdırılmasına başlanılıb ki, bu da çeklərin tələb edilməsi müqabilində ƏDV-nin bir hissəsinin qaytarılmasına imkan yaratmaqla alqı-satqı əməliyyatlarının kütləvi rəsmiləşməsinə istehlakçılarda marağı artıracaq.
Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında və digər müsbət monetar effektlərin baş verməsində də göstərir. Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur.
Bu şəraitdə özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49%, cari ilin əvvəlindən isə 20% artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6%, hüquqi şəxslərin cari bank hesablarının sayı isə 29,3% artıb.
İqtisadiyyatın və dövriyyələrin şəffaflaşdırılması şəraitində dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1%dən cari ilin iyun ayının sonuna 52,9%ə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub.
İqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da biruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40%, aktiv obyektlərin sayı isə 14% artıb.
“Kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75%-ni təşkil edir. Ən son məlumata görə cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub.
İşçi sayının şəffaflaşması prosesləri ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əmək haqqı kartlarının sahiblərinin say etibarilə 18%dən çox artmasına səbəb olub. Nəticədə, cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun həcmi 22,8%, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4% artıb. Bu, ümumi əmək haqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5% yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib.
Qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi ölkədə məşğulluğun əhəmiyyətli hissəsini təşkil edən bu sahədə çalışan muzdlu işçilərin real gəlirlərinə əhəmiyyətli təsir göstərib. Belə ki, vergi güzəştinin tətbiqindən ötən 6 ay ərzində bu kateqoriya işçilərin sərəncamında qalan sərbəst vəsaitlərin məbləği 150 milyon manat təşkil edib. Cari ilin sonunadək həmin məbləğin 300 milyon manatadək artacağı proqnozlaşdırılır. Bu məbləğ əvvəlki illərdə dövlət büdcəsinə vergi şəklində ödənilirdi.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-elektron-qaime-faktura-ile-resmilesen-qeyri-neft-sektoru-dovriyyesinin-xususi-cekisi-61-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR