Gürcüstan-Rusiya müharibəsindən 11 il keçdi

Gürcüstan-Rusiya müharibəsindən 11 il keçdi
03:28 8 Avqust 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Gürcüstan-Rusiya müharibəsinin başlanmasının 11 ili tamam olur.

Axar.az xatırladır ki, məhz 2008-ci il avqustun əvvəllərindən etibarən Gürcüstanda vəziyyət gərginləşməyə başladı. Cənubi Osetiyadakı separatçı qüvvələrin aktivliyi artdı. Tezliklə Gürcüstan polisinə separatçılar tərəfindən müxtəlif hücumlar oldu. Ölkə prezidentinin Mixail Saakaşvili olması vəziyyəti daha gərginləşdirdi (Rusiya aşkar şəkildə Saakaşvilini prezident kimi görmək istəmədiyini bəyan edirdi). Belə ki, 2004-cü ildə Acariya böhranını həll edə bilən Saakaşvili indi Rusiyanın açıq-aşkar dəstəklədiyi osetin separatçıları ilə üz-üzə qalmalı oldu.

Cənubi Osetiyadakı vəziyyətin Tiflisin nəzarətindən çıxması və üstəlik, rus ordusunun avqustun 7-də Cənubi Osetiyaya girməsi barədə iddialar Saakaşvilinin təcili addımlar atmasına səbəb oldu. Tiflis ərazi bütövlüyünü qorumaqdan ötrü Cənubi Osetiyaya qoşun yeritdi. Bir neçə saat ərzində Sxinvali də daxil olmaqla bölgənin böyük bir hissəsi gürcü ordusunun nəzarətinə keçdi. Bu üstünlük bir neçə gün çəkdi.

Avqustun 9-da Moskva Şimali Qafqazda yerləşən 58-ci ordunun Gürcüstana daxil olması haqqında tapşırıq verdi. 58-ci ordu ilə bərabər, Abxaziyada ermənilərin xüsusi üstünlük təşkil etdiyi separatçılar da Gürcüstana qarşı aktivləşdilər və Sevastopoldakı Qara dəniz donanmasının hərbi gəmiləri, tezliklə, Gürcüstan sahillərinə yaxınlaşdı. Sonralar Mixail Saakaşvili Ukrayna Prezidenti Viktor Yuşşenkonun bu gəmilərin hərəkətinə mane olmağa çalışdığını, amma Kremlin təzyiqləri qarşısında dayana bilmədiyini söylədi.

58-ci ordu qısa zaman ərzində gürcü ordusunun Cənubi Osetiyadan çıxmasına səbəb oldu. Döyüşlər zamanı 58-ci ordunun komandanı general Anatoli Xrulev yaralandı. Yüzdən çox rus təyyarəsi Gürcüstanın bombardmanına başladı. Qərbin dəstəyinə ümid edən Tiflis döyüş meydanında yalnız qaldı. Rusiya ordusu Tiflisin yaxınlığına çatanda tərəflər arasında atəşkəs elan olundu. Qərb ölkələri isə Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqinə başladılar.

Müharibənin nəticəsi

Gürcüstan-Rusiya müharibəsi hər iki dövlətin iqtisadiyyatına güclü təsir göstərdi. Onsuz da zəif olan Gürcüstan iqtisadiyyatı bundan sonra da ağır fəsadlarla üz-üzə qaldı. Rusiya isə Qərbin sanksiyaları nəticəsində milyardlarla pul itirdi.

Maraqlı məqam odur ki, Tiflis məhz bu savaşdan sonra ölkədəki Rusiya təsirini tam zəiflətdi. Saakaşvilinin reformlarının tam sürətlə tətbiqi başlandı.

Gürcüstan-Rusiya savaşının Tiflisə vurduğu zərərlər sırasında ərazi bütövlüyünün pozulması da oldu. Müharibədən dərhal sonra Moskva qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Üstəlik, müharibədən altı il sonra hər iki separatçı rejimlə müttəfiqlik haqqında müqavilə imzalandı. Bu müharibə Azərbaycanın Gürcüstana dəstəyinin artmasına və Gürcüstan iqtisadiyyatında əsas investora çevrilməsinə də yardım etdi.

Müharibə nəticəsində 30000 min insan öz yurd-yuvasından qovuldu. Sonradan separatçı rejim onların geri qayıtmasına izn verməyəcəyini bəyan etdi.

Üstəlik, Gürcüstan Rusiya ilə bütün münasibətlərini dayandırdı. Moskva Gürcüstana təzyiqlərini gücləndirdi.

Müharibənin əsas simaları

Bu müharibənin əsas simaları olan siyasətçilərin çoxu savaşdan sonra aktiv fəaliyyətlərini davam etdirdilər. Müharibənin əsas siması olan Gürcüstan Prezidenti Mixail Saakaşvili 2012-ci ildə vəzifəsini tərk etdi. Onun Vahid Milli Hərəkat Partiyası parlament və prezident seçkisini uduzdu. İqtidara gələn "Gürcü Arzusu" fraksiyası Saakaşvilini Gürcüstanın bütün bəlalarının səbəbkarı adlandırdı. Fraksiyanın rəhbəri Bidzina İvanişvili rəsmi şəkildə Gürcüstan-Rusiya müharibəsinin əsas günahkarının Mixail Saakaşvili olduğunu bildirdi. Saakaşvili isə İvanişvilini Rusiyaya çalışmaqda ittiham etdi. Hazırda eks-prezident Ukraynada Oddessa vilayətinin qubernatorudur.

Qondarma rejimin o zamankı lideri Eduard Kokoyte də sonralar vəzifəsindən getdi. Maraqlı məqam isə Kokoytenin öz vəzifəsindən tez bir zamanda uzaqlaşması idi. Hazırda o, passiv siyasətlə məşğuldur. Rəsmi Tiflis və gürcü ekspertlər Kokoyteni kriminogen keçmişə malik olduğunu bildirirlər.

2008-ci ildə Rusiya prezidenti olan Dmitri Medvedyev hələ də aktiv siyasətdədir. Medvedyev hazırda baş nazir vəzifəsini icra edir. Onun dövründə Rusiya külli miqdarda pul itkisi ilə üzləşdi. Medvedyevin əhali arasında reytinqi hələ də ən aşağı səviyyədədir.

58-ci ordunun komandanı general Anatoli Xrulyov isə müharibədən dərhal sonra təqaüdə çıxdı. Onun təqaüd müddəti uzun çəkmədi. Xrulyov 2015-ci ildə qondarma Abxaziya ordusunun baş qərargah rəisi təyin olundu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/286908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR