Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."

Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."
23:05 9 Avqust 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada gedən qlobal iqlim dəyişmələrinin əlamətlərini bu il daha aydın müşahidə edirik. İlin aqrometeroloji analizi deməyə əsas verir ki, qış fəslində baş vermiş quraqlıq, fəsilə xarakterik olmayan isti hava kütlələrinin axını ilkin yazda öz yerini kəskin qeyri-sabitliyə vermiş, yaz fəsli kəskin temperatur dəyişmələri, dolu, yağıntıların baş verməsi ilə müşayət olunmuşdu. Aramsız yağışlar nəticəsində ilkin yazda ərik, gilas, alça kimi tez çiçəkləyən ağaclarda tozlanma prosesi tam başa çatmamış, ağacların potensial məhsuldarlığı aşağı düşmüşdü. Son üç gündə havaların kəskin dəyişməsi də yay fəslinə xarakterik deyil, bu cür qeyri-sabit hava şəraiti nadir hadisə kimi qiymətləndirilə bilər.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, illər üzrə meteroloji təhlillər göstərir ki, qışda temperatur ampilitudlarının yüksək, yayda isə aşağı düşməsi iqlim amilləri ilə birbaşa əlaqəli olan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stres amilləri yaradır. Belə görünür ki, illər üzrə bitkilər üçün stres faktorları daha da güclənməkdədir.

Son günlər baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər. Üzümçülük, xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif bitki sayıla bilər. Temperaturun qəflətən aşağı düşməsi üzüm tinglərində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə - şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə təhlükəli xəstəlik olan "boz çürümə" xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələrdə partlama əmələ gəlir və nəticədə məhsulun əmtəə görünüşü korlanır, fermerə iqtisadi ziyan dəyir.

Nicat Nəsirli deyib: "Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayət olunur. İyul-avqust-sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün temperatur sabit olmalı, gecə-gündüz temperaturu arasında ampilitut normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, o cümlədən gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu cür hallar daha çox üzüm, əncir, nar meyvələrinə aiddir. Nəticədə adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayət olunacaq".

Yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir ki, bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gəlir və məhsulun böyük hissəsi bağdaca itirilir. Bu barədə danışan ekspert bildirib ki, yalnız düzgün aqrotexniki qulluq göstərilmiş, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılmış bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə, yağışların əmələ gətirdiyi zədələr irihəcmli itkilərə aparıb çıxarır.

Həmsöhbətimiz qeyd edib ki, meyvəçiliklə məşğul olan fermerlər yay aylarında düşən yağıntılardan sonra sahələrdə aktivləşən "qırmızı gənə"nin hərəkətini və göbələk xəstəliklərini nəzarətdə saxlamalı, on gündən bir bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirməlidirlər.

Qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilmiş pomidor şitillərinə yönəlməlidir. Pomidorun "avqust-sentyabr xəstəliyi" adlandırılan fitovtora nəm havaların, axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitovtoranın mənfi təsirlərindən qorumalıdırlar.

Əkinçilikdə - mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.

Onun sözlərinə görə, son becərmə işləri gedən pambıqçılığa yağıntılı havaların mənfi təsiri yoxdur. Qozalar hələki çiçəkləmə dövrünü başa çatdırmadığı üçün nəm havalar lifin keyfiyyətinə mənfi təsir göstərə bilməz. Yalnız normativlərə uyğun əkilməyən, sıx səpilmiş sahələrdə nəmlik nəticəsində göbələk xəstəliyi formalaşa bilər ki, bunu da seyrəltmə aparmaqla aradan qaldırmaq lazımdır.

Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırdabuynuzlu heyvanlarda, eyni zamanda, quşçuluqda idealdır. Bu barədə də məlumat verən Nicat Nəsirli bildirib ki, heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, daha iştahla yeyir və özünü bir növ komfort hiss edir. Heyvandarlığın ən həssas sahəsi olan arıçılıq üçün də avqust yağıntılarının mənfi təsiri yoxdur. Əksinə, balvermə dövrü başa çatdığı üçün arıların qüvvəli yem bazasına ehtiyacı var, yağışlar nəticəsində təbiət canlanır, bitkilərdə erkən inkişaf baş verdiyi üçün arılar üçün nektarin bazası güclənir.

"İqlim qeyri-sabitliyi bundan sonrakı illərdə də davam edəcəksə, pereventiv tədbirlərin həyata keçirilməsi vacibdir. İstehsalçılar əkin materiallarının keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər. Təsadüfi əldə olunmuş, sort və bioloji xüsusiyyətləri təsdiqlənməmiş toxum və tinglər əkinlərdə tətbiq edilməməlidir. Əkinçilikdə yerli iqlimə uyğnlaşmış, stres amillərinə (quraqlıq, soyuq, xəstəlik və s.) dözümlü toxum və tinglərdən istifadə olunmalıdır. Bununla bərabər, bitki mühafizə tədbirlərinin texnoloji xəritəyə uyğun həyata keçirilməsi ilə potensial məhsuldarlıq qorunmalıdır", - deyə ekspert əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/777124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR