Dağlıq Qarabağ məsələsində "sınma" anı: xəbəriniz olsun

Dağlıq Qarabağ məsələsində "sınma" anı: xəbəriniz olsun
11:05 12 May 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ Ermənistana birləşməyə çalışır. Biz bu arzu ilə yaşayırıq. Amma hələ bunun zamanı gəlib çatmayıb”, - Dağlıq Qarabağın de-fakto rəhbəri Bako Saakyanın Argentina mətbu vasitələrindən birinə verdiyi müsahibədə səslənmiş bu fikir Ermənistanın Dağlıq Qarabağ siyasətinin mahiyyətini göstərir.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Politoloq qeyd edib ki, B.Saakyanın indi bu fikri açıqlaması təsadüfi deyil və bu bir sıra parametrləri özündə birləşdirir:

I. Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünsüz olduğunu başa düşür və yorulub. Ona görə də Ermənistan Dağlıq Qarabağla bağlı siyasətinin dəyişdiyini bəyan edir.

II. Bu, dünya erməniliyi ilə razılaşdırılmasa da dünya erməniliyinin də marağındadır. Belə ki, dünya erməniliyi nəinki Dağlıq Qarabağın, hətta Ermənistanın müstəqil olmasına inanmır.

III. Ermənistanın iqtisadi cəhətdən tükənməsi onun Dağlıq Qarabağa münasibətinə də təsirsiz qalmadı. Dağlıq Qarabağa verdiyi kreditin faizini 800 dəfə artırdı. Bu vaxtadək Dağlıq Qarabağa verilən bütün kreditlər illik 0.1%-lə olduğu halda, son kreditlər illik 8%-lə verilir. Hər halda Ermənistanın öz əyalətlərinə ayrılan vəsaitə kredit faizi qoyulmur.

IV. Bir müddət öncə “Millətlərin öz müqəddəratını təyinetmə prinsipi”nə S.Sərkisyanın hücumu indi başadüşüləndir. Azərbaycanı şərləməklə Ermənistan siyasi isteblişmenti əslində özü “millətlərin öz müqəddəratını təyinetmə prinsipi”ndən imtina etmək istəyir.

V. Dağlıq Qarabağın bu addımı münaqişənin əvvəlki illərini yada salır. O zaman ermənilərin Dağlıq Qarabağ siyasətinin mahiyyəti “miatsum” idi. Yəni Dağlıq Qarabağı Ermənistana birləşdirmək. Buna gücləri çatmadıqda Dağlıq Qarabağ ermənilərinin müstəqilliyi ideyasını ortalığa atdılar.

VI. B.Saakyanın Argentina mətbuatına verdiyi müsahibənin dərc olunmasından xeyli vaxt keçib. Ermənistan rəhbərliyi və ictimai-siyasi mühiti B.Saakyanın bu fikrinə reaksiya verməyə bilər. Buna baxmayaraq, yerli ekspertlər son vaxtlarda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını aktuallaşdırmışdılar.

VII. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi Ermənistan prezidenti S.Sərkisyanın Avrasiya İqtisadi Birliyinə üzv olarkən götürdüyü öhdəliyə və bu öhdəliyin verbal nota ilə təsdiqlənməsinə ziddir. Ermənistan Dağlıq Qarabağı öz tərkibinə daxil etməyəcəyi ilə bağlı öhdəlik götürüb. B.Saakyanın Ermənistan prezidenti S.Sərkisyanın razılığı olmadan bir fikri səsləndirməsi qeyri-mümkündür. Ehtimal ki, Ermənistan məhz bununla həm də AİB-i nüfuzdan salmaq istəyir.

VIII. Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmaq adı ilə “erməni soyqırımı”na münasibət bildirən C.Uorlik, o cümlədən digər həmsədrlər B.Saakyanın bu bəyanatına münasibət bildirməyib. Baş verənlər dünya erməniliyinin daxilində ciddi problemlərin olduğunun göstəricisidir. Bu, təbiidir. Ermənistanda din və din xadimi devalvasiyaya uğrayıbsa, kriminallığa xidmət edirsə, yalan ən qiymətli dəyər hesab edilirsə, mənəviyyat çürüyübsə, başqa nəticə gözləmək çox çətindir. Hər halda beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT MQ bu məsələdə müvafiq nəticələr çıxaracaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/339866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR