Süheyl Batum: “Soyqırım iddiaları Türkiyəni parçalayıb, cənubi-şərq bölgələrimizdən torpaq qoparmaq məqsədi güdür” - MÜSAHİBƏ

Süheyl Batum: “Soyqırım iddiaları Türkiyəni parçalayıb, cənubi-şərq bölgələrimizdən torpaq qoparmaq məqsədi güdür” - MÜSAHİBƏ
11:27 16 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 11:14 ]

“Avropa İnsan Haqları Məhkəməsinə güvənmirəm”

Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisinin üzvü, Konstitusiya hüququ professoru, Tələt Paşa Komitəsinin üzvü Süheyl Batumun APA-ya müsahibəsi

 

- Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası 28 yanvarda Perinçək-İsveçrə çəkişməsi ilə bağlı son hökmünü verəcək. Məhkəmənin funksional mexanizmini yaxşı bilən bir hüquqşünas kimi gözləntiniz nədir?

 

- AİHM-in 17 dekabr 2013-cü ildə verdiyi qərarda doğru şəkildə İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığı əksini tapmışdı. Bu, AİHM üçün normal sayılacaq bir qərardır. Qərarın son bölümündə 7 hakimdən 5-i 1915-ci il hadisələrinin “soyqırım” şəklində xarakterizə edilə bilməyəcəyini, ona görə yəhudi soyqırımı ilə 1915-ci il hadisələrinin yanaşı qoyulmasının düzgün olmadığı qeyd edilmişdi. Bilirsiniz ki, İsveçrədən sonra Fransa və İspaniya da bənzər qərarlar qəbul etmişdi, amma hər iki ölkənin konstitusiya məhkəmələri o qərarları ləğv etdi. “Soyqırım” məfhumunun xarakteristikasını müəyyənləşdirən BMT, onunla bağlı şərtləri də ortaya qoymuşdur ki, 1915-ci il hadisələri heç bir baxımdan o kriteriyalara uyğun gəlmir. Qərb ölkələri Türkiyəyə qarşı “soyqırım” iddiaları üzərindən təzyiq göstərərək ölkəmizi parçalamağa çalışırlar, ölkəmizi idarə edənlər isə bunu anlamırlar. Avropada sadəcə “yəhudi soyqırımı”nı müzakirə və ya inkar etmək qadağandır, çünki yəhudi soyqırımıyla bağlı həm BMT, həm də beynəlxalq məhkəmələrin hökmləri var. Daha sonra serblərin 1992-1995-ci illər arasında 10 mindən çox boşnakı soyqırıma məruz qoyması BMT və beynəlxalq məhkəmə tərəfindən təsdiq edildi. Burada altından xətt çəkmək istədiyim məsələ budur: 1915-ci il hadisələri heç bir məhkəmə tərəfindən “soyqırım” kimi xarakterizə edilməyib. BMT də o hadisələri “soyqırım” kimi xarakterizə etməyib. AİHM-in 17 dekabr 2013 tarixli qərarında da 1915-ci il hadisələrinin “soyqırım” kimi xarakterizə edilə bilməyəcəyinə dair paraqraf var. Qabaqlar AİHM sırf dəlillər üzərindən hökm verirdi. İndi isə mən 28 yanvarda məhkəməyə siyasi təzyiq göstəriləcəyindən qorxuram. Çünki Türkiyədə 2006-2007-ci illərdən bəri günahsız insanları saxta dəlillərlə 6 il həbsdə saxladılar. AİHM o vaxt tək kəlmə qərar vermədiyi kimi, Türkiyəyə xəbərdarlıq belə etmədi. Baxın, 10 oktyabr 2009-cu ildə Türkiyə Ermənistanla münasibətləri “normallaşdırmaq” üçün 2 protokol imzaladı. Bunu ABŞ istəmişdi. Amma Qərb üçün bu qədər “önəmli” protokolların imzalanmasından Türkiyə və Ermənistan xarici işlər nazirləri nəinki 1 qədəh içki, heç su da içmədən ayrıldılar. “Soyqırım” iddiaları Türkiyəni parçalayıb, cənubi-şərq bölgələrimizdən torpaq qoparmaq məqsədi güdür. Ancaq təəssüf ki, həm xalqımız bunu anlamır, həm də böyük media bu məsələni lazımi dərəcədə işıqlandırmır. Hörmətli Doğu Perinçəkin məhkəmədə qələbəsi Türkiyə üçün həyati dərəcədə əhəmiyyət kəsb edirdi, ancaq böyük media o qələbəni qətiyyən işıqlandırmadı. Biz 1-2 kanalda bunu gündəmə gətirdik, proqramlardakı çıxışlarımızı yarımçıq qoydular. Bu haqsız durumu aradan qaldıracağımıza inanıram.

 

- Perinçək-İsveçrə çəkişməsində AİHM Perinçəkin lehinə qərar verəndən sonra həm İsveçrə apellyasiya şikayəti verdi, həm də Ermənistan o prosesə müdaxil oldu. Ermənistanın müdaxil olması hansı dəyişiklikləri yarada bilər?

 

- Əslində İsveçrə AİHM-in 17 dekabr 2013 tarixli hökmündən apellyasiya şikayəti verməyəcəkdi, bunu ona Qərb ölkələri təlqin etdilər, çünki bu işlərin arxasında Qərb dövlətləri durur. Ermənistan da Qərb ölkələrinin yol göstərməsiylə bu prosesə müdaxil olub. Qərb daim bu kartdan bizim əleyhimizə istifadə etməyə çalışacaq. Önəmli olan məsələ bizim bu proseslərdə əlbir olub ölkəmizi parçalanmaqdan xilas etməkdir.

 

- Hüquqşünasların çoxu deyir ki, Perinçək-İsveçrə çəkişməsində qovluğa yeni dəlillər əlavə edilmədiyinə görə, AİHM Böyük Palatası 17 dekabr 2013-cü il tarixli qərarında dəyişiklik etməyəcək. Siz necə düşünürsünüz?

 

- Bayaq da dediyim kimi, istər İsveçrə, istərsə də prosesə müdaxil olmuş Ermənistan Perinçəkin əleyhinə ortaya hər hansı yeni dəlil qoya bilməyiblər. Mənim tanıdığım qabaqkı AİHM olsaydı, heç bir siyasi təzyiq altında qalmadan qərarı qüvvədə saxlayardı. Ancaq indiki AİHM-in siyasi qərar qəbul edəcəyindən şübhəliyəm. Bəlkə bir az sərt olacaq, amma mən artıq AİHM-ə güvənmirəm. Çünki Türkiyədə 6 il haqsız yerə həbsdə yatan insanlar barədə heç bir addım atmadı. Burada ən önəmli məsələ bundan sonrakı proseslərin Türkiyə tərəfindən necə yönləndiriləcəyidir. Ölkəmdəki dövlət idarəçiliyi tarmar edildiyinə görə, siyasətin də bu işin öhdəsindən gələ bilməyəcəyindən qorxuram.

 

- Son vaxtlarda Qərbdəki ermənilərin hərəsinin əlində Türkiyənin müxtəlif bölgələrindən torpaq sahibliyi barədə sənədlər görürük. Sizcə, bu yolla diaspora erməniləri Türkiyədən nə qədər torpaq qopara biləcəklər?

 

- Bunlar hamısı Türkiyəyə qarşı həyata keçirilmək istənilən kompleks planın tərkib hissələridir. Baxın, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, illərdən bəri işğala son qoyulmur. Türkiyədən torpaq və təzminat tələb edir, mövcud sərhədlərimizi tanımır. Onların bu iddiaları heç vaxt bitməyəcək. Ona görə də Türkiyə onlara mənasız yerə güzəştə gedir. Xocalı faciəsi heç bir şəkk-şübhə götürməyən soyqırımdır. O faciə yaşananda mən Parisdə yaşayırdım. Təsəvvür edin ki, ermənilər Xocalıda soyqırım yapmışdılar, ancaq Xocalı barədə xəbərlər TV kanallarında verilərkən daima qucağında uşaq olan bir erməni qadınını  ekrana çıxarırdılar, qadın deyirdi ki, türklər bizi yenə soyqırıma məruz qoydular. Bu zehniyyətə nə qədər güzəştə getsən, o qədər çox məğlub olacaqsan. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR