"İsmayıl"ın prototipi evində ölü tapıldı

"İsmayıl"ın prototipi evində ölü tapıldı
12:01 12 May 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın prototipi, keçmiş döyüşçü Mehman Hüseynov ötən gecə öz evində ürək çatışmazlığından dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az saytına mərhumun döyüşçü dostları məlumat veriblər.

Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Keçmiş döyüşçü Nazim Bayramın bildirdiyinə görə, Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş. Elə ötən gecə tənha yaşadığı mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, Qarabağ qazisinin telefon zənglərinə cavab vermədiyini görən dostları  polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman Hüseynov tənha yaşadığı mənzilində keçinib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=30361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR