Birinci vitse-prezidentin “Dostluq” ordeni - münasibətlərin göstəricisi

Birinci vitse-prezidentin “Dostluq” ordeni - münasibətlərin göstəricisi
18:42 13 Avqust 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib.
Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq ictimai fəaliyyətində Rusiya ilə ictimai və mədəni əlaqələrin genişlənməsinə həmişə diqqət ayırıb.
Fond həm də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatıdırılmasında mühüm rol oynayıb. Azərbaycan torpaqlarının işğalı, 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı hər il bu ölkədə çoxsaylı tədbirlər, mərasimlər keçirilir. Rusiyanın ictimai, siyasi, mədəniyyət və dövlət xadimləri həmin yığıncaqlara qatılır, çıxışlar edirlər. Son illər Rusiya ictimaiyyətində Azərbaycan həqiqətləri ilə bağlı rəyin formalaşmasında Fond aparıcı rol oynayıb.


Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi tamam olub.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy Fondun yubileyi ilə bağlı müsahibəsində bildirib: “Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın vizit kartıdır. Bu gün postsovet məkanında bu cür səmərəli işləyən ikinci bir təşkilat yoxdur. 15 il ərzində Heydər Əliyev Fondunun başında Mehriban xanım Əliyevanın olması onu göstərir ki, mədəniyyətin, təhsilin, elmin inkişafına dəstəyə, Azərbaycanın müsbət obrazının yaradılması üçün görülən işlərə ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən necə əhəmiyyət verilir".



M.Şvıdkoy bildirib ki, Heydər Əliyev Fondu bu gün Azərbaycan üçün Höte İnstitutunun Almaniya və “Alyans Frans”ın Fransa üçün oynadığı qədər əhəmiyyətli rola malikdir. O, Fondun fəaliyyətinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına etdiyi xidmətdən danışaraq bildirmişdi ki, qurumun Rusiyada həyata keçirdiyi tədbirlər, geniş miqyaslı humanitar layihələr iki ölkə arasındakı dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə təkan verir: “Mənə elə gəlir ki, bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər üçün Heydər Əliyev Fondunun fəaliyyəti çox önəmlidir. Ona görə ki, Fond Azərbaycan mədəniyyətini Rusiyada təmsil edir. Nəzərə alsaq ki, Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır, bu gün Fondun Rusiya azərbaycanlılarına mədəni və humanitar layihələrin həyata keçirilməsində dəstəyi yüksək səviyyədə hiss olunur”.
Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi çoxsaylı humanitar addımlara nümunə olaraq Rusiya vətəndaşı olan azərbaycanlılar Heydər Camalın qızı Gövsər Camal və Orxan Camalın oğlu Mansur Camalı himayəyə götürməsini göstərmək olar.
Son 5 ildə Fondun xaricdə həyata keçirdiyi 10 vacib layihədən ikisi Rusiyaya aiddir. Onlardan bir Rusiyada təhsilin dəstəklənməsi layihəsidir. Fond Moskvada, Ulyanovskda və Dərbənddə məktəbləri təmir etdirib. Həştərxanda knyaz Vladimirin abidəsini ucaldıb. “Arzu” adlı uşaq əyləncə meydançası, məktəb tikdirib. “Dostluq” adlı uşaq bağçasını inşa etdirib.

Fondun yardımı və təşəbbüsü ilə Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və ictimai xadimi Mirzə Fətəli Axundovun abidəsi ucaldılıb.
Mehriban xanım Əliyeva xidmətlərinə görə 2012-ci il aprelin 13-də MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birlik Ulduzları” dövlətlərarası mükafatına, həmin il Azərbaycan Kazaklar İttifaqının ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına, 2014-cü ilin avqustunda Rusiya Federasiyasının Həştərxan vilayətinin “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, 2017-ci il dekabrın 26-da Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunub.
Qeyd edək ki, Müqəddəs Mələksima Knyaginya Olqa ordeni 1988-ci ildə Rusiyanın xristianlığı qəbul etməsinin 1000 illiyi münasibətilə təsis edilib.

Heç şübhəsiz ki, Fondun Rusiyadakı uğurlarında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da əməyi var. Təsadüfi deyil ki, Leyla xanım 2012-ci ilin sentyabrın 12-də Həştərxan vilayətinə xidmətinə görə medalı, 2013-cü ilin dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima Knyaqina Olqa ordeni, 2013-cü ilin dekabrın 20-də Volqoqrad vilayətinə xidmətinə görə medalı, 2015-ci ilin oktyabrın 20-də isə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Aleksandr Puşkin medalı ilə təltif olunub.
Mehriban Əliyeva Birinci vitse-prezident, dövlət xadimi olaraq da Rusiya ilə münasibətlərə böyük diqqət ayırır. Son bir neçə ayda o, bu ölkənin müxtəlif səviyyəli rəsmilərini qəbul edib, o cümlədən, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
İctimi-siyasi və dövlət xadimi olaraq Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün verdiyi çoxsaylı töhfələr Mehriban Əliyevanın “Dostluq” ordeninə layiq olduğunu sübuta yetirir. 


Xəbərin orijinal ünvanı: https://report.az/analitika/birinci-vitse-prezidentin-dostluq-ordeni-munasibetlerin-gostericisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR