Görüşdə şagirdlərə universitet haqqında məlumat verilib

Görüşdə şagirdlərə universitet haqqında məlumat verilib
12:18 12 May 2015
257 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Tanıdım” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirilib.
Görüşdə 6 nömrəli “İntellekt” liseyin, 220 nömrəli tam orta məktəbin və 43 nömrəli məktəb-liseyin IX-X sinif şagirdləri iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin ingilis dilinin üslubiyyatı kafedrasının müdiri, dosent Sevinc Zeynalova şagirdləri universitetdə görməkdən məmnun olduğunu bildirərək onlara universitetin rəhbər şəxsləri və professor-müəllim heyəti barədə məlumat verib.
İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək bu ali məktəbin böyük elmi potensiala malik olduğunu söyləyib. O, dünya dillərinin öyrədilməsinə xidmət edən ADU-nun əməkdaşları, tələbələri və müəllimlərinin bu nöqteyi-nəzərdən dünya ədəbiyyatından mütaliə etməklə digər ölkələrlə əlaqələr qurmağın mümkün olduğunu bildirib.
ADU-da gedən yeniliklərdən söz açan bu ali məktəbin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov universitetin tədris prosesində tələbələrə yaradılan geniş imkanlardan danışıb.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov “Tanıdım” layihəsini yüksək qiymətləndirib. ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verən prorektor özünün rəhbərlik etdiyi elmi hissənin gördüyü işlərdən bəhs edib. Universitetdə nəfis tərtibatlı 3 elmi jurnalın çap olunduğunu və bu nəşrlərdə elmə maraq göstərən gənclərin məqalələrinin dərc edildiyini söyləyən professor ADU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən də söz açıb.
Pedaqoji fakültənin dekanı, professor Fikrət Cahangirov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev rəhbərlik etdikləri fakültələrin fəaliyyəti, tələbələrin uğurları, onların xarici ölkələrə təhsil almaq üçün göndərilməsi ilə bağlı məlumat veriblər.
6 nömrəli “İntellekt” liseyinin müəllimi Əminə Səfərova və 220 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə müdiri Təranə Axundova çıxış edərək çalışdıqları təhsil ocağı barədə məlumat veriblər.
Sonra şagirdlər ADU-nun İnformasiya Resurs Kompleksi, Çin Dili Mərkəzi, Yapon Dili Mərkəzi, Avstriya Kitabxanası, İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi ilə tanış olublar.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorusde_sagirdlere_universitet_haqqinda_melumat_verilib-854205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR