"Onların bütün cəhdləri əbəsdir"

"Onların bütün cəhdləri əbəsdir"
13:27 12 May 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin sia.az-a müsahibəsini təqdim edir.

- Rövşən müəllim, Bakıda keçiriləcək ilk Avropa Oyunlarının ölkəmizə gətirəcəyi dividendlər nədən ibarət ola bilər?

- Azərbaycanın ildən-ilə artan nüfuzu, beynəlxalq siyasi proseslərdə aktiv iştirakı, iqtisadi gücü, regionda lider ölkəyə çevrilməsi artıq öz müsbət nəticələrini verməkdədir. İlk Avropa Oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsi də ölkəmizin təkcə idman sahəsində deyil, siyasi-iqtisadi müstəvidə, diplomatik arenada nüfuzunun Avropa və dünya tərəfindən qəbul edildiyinin göstəricisidir. Bu isə hər bir Azərbaycan vətəndaşını sevindirdiyi, qürurlandırdığı kimi məni də sevindirir. Beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində Azərbaycanın artıq kifayət qədər böyük təcrübəsi var. Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək xarici qonaqların qəbul edilməsi üçün Azərbaycanın infrastrukturu, idman arenaları artıq tam şəkildə hazırdır. Turistləri qəbul etmək üçün hazırlıq işləri təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da həyata keçirilir. Bakıya və ölkəmizin əyalətlərinə səfər edən əcnəbi qonaqlar buradakı inkişafdan, göstərilən xidmətdən, təbiətimizin gözəlliyindən rəğbətlə hər zaman danışırlar. Artıq Oyunlara sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını başlayıb. Ümidvaram ki, “Bakı 2015” I Avropa Oyunlarının qonaqları da Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymətlərini verəcəklər. Avropa Oyunlarının gətirəcəyi ən böyük dividend də Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq.

Bu uğurlar Azərbaycan rəhbərliyinin, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin nəticəsidir. İllərdir, ölkə başçısının bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün atılan addımlar ölkəmizin Avropada mədəni, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaratmışdır. Bu baxımdan I Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın tarixində yeni bir səhifə açacaq.

- Bilirik ki, siz mütəmadi olaraq deputat seçildiyiniz Göygöl və Daşkəsən rayonlarında olursunuz. Avropa Oyunları ilə bağlı insanların təəssüratları necədir?

- Hər bir Azərbaycan vətəndaşı bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. Millət vəkili olduğum Göygöl və Daşkəsən rayonlarda da əhali, xüsusilə gənclər arasında bu yarışlara böyük maraq var. Hər kəs Azərbaycanın tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi edəcəyinə inanır.

- Sizcə, Avropa Oyunları Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda yardımçı ola biləcəkmi?

- Bu gün bütün aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın 20 faiz torpaqlarının Ermənistanın işğalı altında olmasından məlumatlıdır. Qəbul edilən qərarlarda dövlətimizin mövqeyinin dəstəkləndiyi barədə dəfələrlə fikirlər səsləndirilsə də, təcavüzkar ölkə heç bir qərarla razılaşmır, torpaqlarımızı işğal altında saxlamağa davam edir. Bu bir daha Ermənistanın nə qədər qəsbkar dövlət olduğunu göstərir. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi münaqişənin dinc yolla həlli üçün konstruktiv siyasətini davam etdirir, dünyada sülhsevər dövlət kimi tanınır. Hesab edirəm ki, Avropa Oyunları ərəfəsində ölkəmizə təşrif buyuran dövlət və hökumət rəsmiləri, siyasətçilər, eləcə də çoxsaylı sıravi insanlar, əcnəbi qonaqlar torpaqlarımızın işğal altında olmasına baxmayaraq ölkəmizin nə qədər inkişaf etdiyinin şahidi olacaqlar. Bu həm də onun göstəricisi olacaq ki, gələcəkdə biz Dağlıq Qarabağ münaqişəsini həll edəndən sonra daha böyük, daha genişmiqyaslı layihələrə imza ata biləcəyik.

- İlk Avropa Oyunlarına qarşı bəzi xarici qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır. Necə düşünürsünüz, bunun kökündə nə dayanır?

- Erməni lobbisi hər yerdə var və onun istəyi, dəstəyi ilə bu gün Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Amma erməni dostları bu kampaniyada aktiv iştirak etsələr də, Azərbaycanın imicinə xələl gətirə bilməyəcəklər. Azərbaycan hüquqi, demokratik, güclü dövlətdir. Bu yolda da inkişafını davam etdirəcək. Qeyd edim ki, xarici qüvvələrlə yanaşı, təəssüf ki, ölkə daxilində də bəzi qüvvələr Azərbaycanın ev sahibliyi etdiyi bu böyük tədbirə kölgə salmaq istəyirlər. Bu, şəxsi maraqları düşünən, öz dövlətinin uğurlarına sevinməyən, xaricdəki Azərbaycan əleyhdarlarından dəstək alan, onların diktəsi ilə hərəkət edən insanlardır. Hesab edirəm ki, onların bütün cəhdləri əbəsdir. Çünki ölkəmizdə hakimiyyətlə xalq arasında, dövlət və milli mənafelərdə ümumi birlik mövcuddur. Buna xələl gətirmək istəyənlər də indiyədək olduğu kimi, bundan sonra da layiqli cavablarını alacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR