Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD

Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD
16:27 17 Avqust 2019
Ölkə mətbuatı
A- A+

...Bir dəfə anası onu teatra aparır. Teatr, səhnə, aktyorlar... Gördüyü yeni dünya onu ovsunlayır. Teatra necə bağlanırsa, ömrünün 50 ildən çoxunu bu sənətlə birgə yaşayır. Hələ cavan vaxtlarında həyat onun sənətə sevgisini sınağa çəkir: teatr, yoxsa ailə? O, teatrı seçir, əvəzindəsə ömrünün sonuna kimi ayrılıq, nisgil yaşamalı olur. Bu, elə-belə ayrılıq deyildi, aradan Araz axırdı, tikanlı məftillər vardı...

Bu, balacaların "Xoruz baba"sı, "Babamızın babasının babası",  Xalq artisti Hüseynağa Sadıqovun həyatıdır. Maraqlı, şərəfli, ağrılı...

Qızı Tamella Sadıqova:

- Atam Bakıda doğulub, amma kökümüz Cənubi Azərbaycandandır, sonralar bu tərəfə köçüb yaşayıblar. 30-cu illərdəsə yenidən Cənubi Azərbaycana qayıtmalı olublar. Atam bu barədə danışmağı sevməzdi, bu mövzu onu çox ağrıdırdı. Ailəsi Cənubi Azərbaycana köçəndə atam getməyib. Onda  təxminən 20 yaşı varmış, Gənc Tamaşaçılar Teatrında işləyirmiş. Teatrdan ayrıla bilməyib. Atası, anası, bacı-qardaşları-hamı o tərəfə keçib. O, burda tək-tənha qalıb. Fikirləşirmiş ki, yəqin, ailəsi bir müddətdən sonra geri qayıdacaq. Amma onların ayrılığı heç bitmədi...

- O vaxtdan bir dəfə də olsun, görüşmədilər?

- Atam babamı tək bir dəfə uzaqdan-uzağa görmüşdü - müharibədən qayıdanda. Atam 1941-45-ci illərdə müharibədə olub axı. Qələbədən sonra Sovet ordusu İrandan keçib gəlirmiş. Təbrizdən keçəndə atam görüb ki, babam kənarda dayanıb ona baxır. Amma bir-birinə yaxınlaşa bilməyiblər. O vaxt dövran başqaydı. Atam ömrü boyu o epizodu unuda bilmirdi.

- Sərhədlər açılandan sonra qohumlarınızı axtarmağa başladız?

- Fikrim vardı, amma mən bu barədə çox məlumatsızam. Düzdü, babamın kim olduğunu bilirəm-adı Ələsgəriydi. Amma indi onları axtarmaq çox çətindi, gecdi. İllər keçib...

- Bəlkə, yenə də gec deyil...

- Bəlkə də.

- Atanız müharibədən nələr danışırdı sizə?

- O, müharibəyə könüllü gedib. O vaxt SSRİ bizim vətənimiz sayılırdı, atam da vətənpərvər adamıydı. İki dəfə yaralanıb, müharibənin son günlərinə, Berlinə kimi vuruşub. Sovet əsgəri Reyxstaqa bayraq sancana qədər. Yadımdadı, deyirdi ki, Berlini alandan sonra şəhəri gəzirdik. Qəfildən alman zabitiylə qarşılaşdım. Hər ikimizin əlində silah vardı. Bir anlıq göz-gözə gəldik. Onu öldürmək istəmədim, fikirləşdim ki, onsuz da, biz qalib gəlmişik. Onun ölümü mənə lazım deyildi. Silahı aşağı saldım. O da məni vurmadı. Sonra yanından gəlib keçəndə "dankeşön" dedi, yəni  "çox sağ ol". Atam deyirdi, o söz hələ də mənim qulağımdadı... 

- Bir az da onu ata kimi tanıyaq. Hüseynağa Sadıqov necə ataydı?

- Mənə görə, dahi ataydı. O, mənim tərbiyəmlə ciddi məşğul olurdu. Birinci sinfə gedəndə dedi ki, mən nə sənin qiymətlərinə baxacam, nə də necə oxuduğunu soruşacam. Bu, mənə yox, sənə lazımdır. Sən gərək oxuyasan, gələcəkdə nəyəsə nail olasan. Həmişə deyərdi ki, çalış insanlara yaxşılıq elə. Yaxşılıq eləsən, o sənə qayıdacaq. Bunu "Piri Babanın nağılları" verilişində də uşaqlara aşılayırdı. Çox sakit adamıydi. Heç vaxt yüksək səslə danışmazdı. Amma sərt baxışı vardı. Yadınızdadırsa, "Babamın babasının babası" filmində də onun baxışlarını çəkiblər. Mən məktəbdən gələndə o mənə diqqətlə baxırdı, elə bil bilirdi, mən bu gün neyləmişəm, necə oxumuşam. Mənə elə gəlirdi, o, hər şeyi baxışlarıyla oxuyur.

- O, uşaqları çox sevirdi. Bu, sizi qısqandırmırdı?

- Çox qısqanırdım. Küçəyə çıxırdıq, bir addım atmamış uşaqlar başına yığışırdı. Mən qıraqda qalırdım. Atamdan küsürdüm. O, könlümü alırdı, deyirdi, "sən mənim qızımsan, səni onsuz da çox istəyirəm. Amma onlara da diqqət ayırmalıyam". Uşaqlar ona "Xoruz baba" deyirdi. Əvvəllər televizor çox evdə yoxuydu. Bazar günləri səhərlər radioda uşaq verilişi olurdu. Atam orda xoruz rolunu oynayırdı. Onun səsi çox maraqlıydı, çəkiciydi. Hamımız oturub qulaq asırdıq. Bu veriliş qurtarmamış heç bir uşaq həyətə çıxmazdı. Sonra həyətə çıxıb həmin verilişdən danışırdıq. Biri deyirdi, mən filan şeiri bilirdim, o biri deyirdi, mən tapmacanın cavabını tapmışam. Uşaqları o qədər sevirdi ki... 

İnfarkt keçirmişdi. Xəstəxanadan çıxan gün ona zəng etdilər ki, uşaqlar gəlib səninlə görüşmək istəyir. Atamın vəziyyəti yaxşı olmasa da, uşaqların xatirinə həmin görüşə getmişdi.

- Aktyorla bir evdə yaşamaq, onun qızı olmaq maraqlıdı?

- Əlbəttə. Bizim evə maraqlı adamlar gəlirdi. Rusiyanın məşhur aktyorlarını - Yuli Nikulini, Sergey Flippovu tez-tez evimizdə görərdim. Anam süfrə açardı. Atam məzuniyyətə gedəndə məni, anamı da özüylə aparırdı. Yaltaya, Moskvaya, Sankt-Peterburqa gedirdik. O şəhərlərdəki bütün muzeyləri, teatrları gəzmişik.

Atam evdə çox sakit, adi adamıydı. O, evə gələn kimi anam deyirdi, "atan yorulub,  sakit ol, gərək bir az istirahət eləsin". Çox işləyirdi, səhərdən axşama kimi radioya, televiziyaya, kinostudiyaya, teatra, ya da, görüşlərə gedirdi. Sənətini çox sevirdi. Yaradıcılığa Gənc Tamaşaçılar Teatrından başlamışdı. Ona başqa teatrlardan, hətta Moskvadan dəvətlər gəlirdi, amma qəbul eləmirdi.

-Niyə?

- Gənc Tamaşaçılar Teatrı ona çox doğmaydı. Həm də uşaqları sevirdi deyə, gedə bilmirdi.

- Atanız həm də filmlərə çəkilib. "Ələddinin sehrli çırağı", "Alma almaya bənzər", "Sehirli xalat", "Babamızın babasının babası"... Film çəkilişləri zamanı atanızla bağlı hansısa epizod danışa bilərsiz?

- "Ələddinin sehrli çırağı" filmi çəkiləndə mən də ordaydım. Çəkilişlər Sevastopolda aparılırdı. Çəkiliş qrupu yeməkxanada nahar eləyirdi. "Sup" bişirmişdilər. Aşpaz nədənsə bəzi adamların "sup"una ət qoyurdu, bəzilərinə yox. Atamın "sup"unda da ət vardı. Bir nəfər sirk işçisi, cavan oğlan yerindən qalxıb aşpaza dedi ki, "nəyə görə mənə də ət vermirsiz, mən də istəyirəm". Qadın cavab verdi ki, "yox, sənə olmaz". Atam bunu eşidən kimi ayağa durdu, öz qabını oğlanınkı ilə dəyişdirdi. Aşpaz atamdan bunun səbəbini soruşanda ona belə cavab verdi: "O cavandı, məndən də yaxşı qidalanmalıdı". Sözümün canı odu ki, o, çox rəhmli insanıydı. Evdən çıxanda taksiyə minmirdi, piyada gedirdi. Bilirsiz niyə?

- Niyə?

- Ona görə ki, taksi sürücüsü ondan pul götürmürdü. Atamsa buna razı olmurdu. Deyirdi, bu, onun qazancıdı. Trolleybusa da minə bilmirdi, hamı onunla söhbət eləməyə can atırdı. Atam da piyada getməyə məcbur olurdu. Bazara gedəndə ondan pul almaq istəmirdilər.Amma pulsuz bir çöp də götürməzdi.


- Nə əcəb onun sənətini seçmədiz?

- İstəyirdim, atam razı olmadı. Deyirdi, bu, çox ağır sənətdi. Filoloq oldum. Vaqif Səmədoğlu kinostudiyada işləyirdi, mən də universiteti qurtarmışdım. Moskva Kinematoqrafiya İnstitutuna sənəd vermək istədim. Sənədlərimi Vaqif müəllimə təqdim elədim. Səhər apardım, axşam gördüm ki, sənədlər evdədir. Atam alıb evə gətirib. Bununla da hər şey bitdi.

- Elə biz də söhbətimizi burda bitirək. Sizi oxuculara necə təqdim eləyim? Sadəcə, Hüseynağa Sadıqovun qızı , yoxsa hansısa sənət sahibi kimi?

- Elə Hüseynağa Sadıqovun qızı kimi. Onun qızı olmaq mənim ən böyük sənətimdi.

2014

Redaksiyadan: Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.

Bu teatrda əlli ildən çox aktyorluq etmiş sənətkar bir-birindən maraqlı onlarla rolun ifaçısı olub.
"Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltiflənib.

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/778910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR