Türkiyəli alim: “Qara dənizdən Xəzərə qədər olan coğrafiyada ermənilərin törətdikləri qırğınları ortaya çıxaracaq araşdırma üzərində çalışırıq” - MÜSAHİBƏ

Türkiyəli alim: “Qara dənizdən Xəzərə qədər olan coğrafiyada ermənilərin törətdikləri qırğınları ortaya çıxaracaq araşdırma üzərində çalışırıq” - MÜSAHİBƏ
15:37 12 May 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 15:34 ]

Səlcuq Ural: “Erməni məsələsi 1828-ci ildən sonra, Qafqazın işğalı nəticəsində meydana çıxıb”

Qars. Fərid Mirzəyev – APA. Qarsdakı Qafqaz Universitetinin professoru, tarixçi-alim Səlcuq Uralın APA-ya müsahibəsi 

 

- Uydurma “erməni soyqırımı” ilə bağlı sizin universitetdə hər hansı araşdırma aparılıbmı? Ümumiyyətlə, ermənilərin Türkiyə və Azərbaycanda törətdikləri qırğınların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu iki ölkənin alimlərinin əməkdaşlığını necə qiymətləndirirsiniz?

 

- Biz hazırda Qara dənizdən Xəzər dənizinə qədər olan ərazini əhatə edən coğrafiyada ermənilərin törətdikləri qırğınların nəticələrini ortaya çıxara biləcək bir araşdırma üzərində çalışırıq. Həmin araşdırma kitab formatında çap olunacaq. Araşdırmanı qısa müddət ərzində çap etdirmək niyyətindəyik. Araşdırma Osmanlı arxivləri əsasında hazırlanıb. Əlimizin altında kifayət qədər material var. Buna baxmayaraq, Türkiyənin bu sahədə apardığı işlər yetərli deyil. Biz Azərbaycanla birlikdə bu məsələləri araşdırmalıyıq. Qars Qafqaz Universitetində indiyə qədər bu mövzu ilə əlaqədar bir neçə araşdırma aparılsa da, təəssüf ki, cəmiyyətdə və mediada hər hansı bir maraq oyatmayıb. “Ermənilər bu qədər hay-həşir salırlarsa, deməli nəsə var” və yaxud “Onlar öldürüblər, biz də öldürmüşük” məntiqi dünyada və ölkəmizdə formalaşmaqdadır. Bizim əsas məqsədimiz bu səhv düşüncəni dağıtmaqdır. Qars bu mənada əhəmiyyətli bölgədir. Erməni məsələsinin keçmişi və gələcəyi ilə bağlı Türkiyə və Azərbaycanın ortaq tarix komissiyası yoxdur. Dünya ictimaiyyətinə necə təsir edə bilərik, onları doğru-dürüst necə məlumatlandıra bilərik deyə düşünən yoxdur. Görəsən biz həqiqətən bu işə ciddi yanaşırıq, yoxsa söz xətrinə hərəkət edirik? Bunu da ayırd etməyin vaxtı çatıb. Əgər Türkiyə, Azərbaycan və Ermənistan arasında bir sülh olacaqsa, bu üç ölkənin görüş nöqtəsi Qars müqaviləsidir. Bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Qars müqaviləsi istər köç məsələsi, istər erməni probleminin həlli istiqamətində bir yol açır. İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin rektoru postundan getməsi bizim üçün itki oldu. Mən Naxçıvanı bu regiondan ayrı təsəvvür etmirəm. İsa bəyin rəhbərliyi altında Qafqaz və Naxçıvan Dövlət Universitetlərində ciddi işlər görülüb. İsa bəyin gedişindən sonra nə Naxçıvandan, nə də bizdən təklif irəli sürülür. Təbii ki, ortaq dəyərlərimiz, ortaq mədəniyyətimiz var. Bunu daha da dərinləşdirməli və genişləndirməliyik.

 

- Bu il Ermənistan hakimiyyəti və erməni diasporu “soyqırım”ın 100 iliyi ilə bağlı silsilə tədbirlər təşkil etdi. Əslində 1915-ci ildə nə baş verib?

 

- Bizim tarix kitablarımızda Birinci Dünya müharibəsi “ölüm-dirim savaşı” kimi təqdim olunur. Biz niyə belə ifadə işlədirik? 1828-ci ildə bizim Anadoluya çəkilməyimizin əsas səbəblərindən biri Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsi idi. Cənubi Qafqazda xanlıqlar ruslar tərəfindən işğal olunandan sonra region həm hərbi, həm də siyasi mənada Rusiyanın təsiri altına düşdü. Türkiyə və Azərbaycan birlikdə hərəkət etmək məcburiyyətindədir. Bu gün Türkiyənin Azərbaycanı və Qafqazı nəzərə almadan Şərq siyasəti formalaşdırması mümkün deyil. Erməni məsələsi 1828-ci ildən sonra Qafqazın işğalı nəticəsində meydana çıxıb. Ruslar da İrəvan xanlığının əsasında bir erməni dövləti yaratmaq istəyirdi. Beləliklə, 1918-ci ildə erməni dövləti İrəvan xanlığının ərazisində yaradıldı. Bunu unutmamalıyıq ki, hər bir erməni “Böyük Ermənistan” xəyalı ilə yaşayır. Erməni məsələsi bir tərəfdən ruslar, bir tərəfdən də ingilislər tərəfindən dəstəklənən siyasi hərəkatdır. 1914-cü ildə ruslar iki istiqamətdə hərbi əməliyyat planı üzərində işləyirdilər. Birinci plan Qafqazdan Bəsrə körfəzinə çatmaq, ikinci plan isə İstanbulu işğal edərək Osmanlı İmperiyasının varlığına son qoymaq idi. Birinci Dünya müharibəsi başlayan zaman bizim ordumuz dörd cəbhədə vuruşurdu. Birinci və ikinci ordumuz İstanbul boğazını qorumağa təhkim olunmuşdu. Üçüncü, say etibarı ilə ən çox ordumuz Ərzurumda olub ki, onların da məqsədi Qafqaz cəbhəsini tutmaq olub. Üçüncü orduda baş verən problemlər təəssüflər olsun ki, bizi Sarıqamış məğlubiyyətinə apardı. Fevzi Çakmak paşanın bu barədə əsərləri var. Fevzi Çakmak paşa yazır ki, belə bir cəbhədə hücuma keçmək üçün Osmanlının ən azı 450 min nəfərlik ordusu olmalı idi. Bu qədər əsgəri tapmaq, onu silah və texnika ilə təchiz etməyimiz ogünkü şərtlər altında mümkünsüz idi. Sarıqamış məğlubiyyəti erməni problemini qarşımıza bir hərbi bəla kimi çıxardı. Bir məsələyə də diqqət çəkmək istərdim. 1914-cü ilin iyununda Ərzurumda daşnakların konqresi keçirilib. Orada 3 variant müzakirə olunub. Birinci variant - Osmanlı dövləti müharibədə iştirak etsə, biz nə edəcəyik, ikinci variant - Osmanlı dövləti müharibədə iştirak edib qalib gəlsə, nə edəcəyik və üçüncü variant - ruslar qalib gəlsə, biz nə edəcəyik. Siyasi mənada Ərzurumdakı daşnak konqresi qırılma nöqtəsidir. Sarıqamış əməliyyatında bizim itkilərimiz 60 min, rusların itkiləri isə 30 min nəfərə yaxın idi. Ruslar bu itkiləri kompensasiya etmək üçün yenidən erməni kartını ortaya atır. Bundan başqa, 1912-ci ildən etibarən hər bir erməni kilsəsinin deposunda silahlar gizlədilir. Bununla bağlı sənədlər mövcuddur. Mən bu mövzuda məqalə ilə çıxış etmişəm. Bu məqaləni oxusanız rusların erməniləri rus-türk müharibəsinə hazırladığının şahidi olacaqsınız. Sadəcə Sarıqamış əməliyyatı qırğınları həyata keçirmək üçün münasib vaxt olub. 1915-ci il aprelində, Ərzurumdakı daşnak konqresindən bir il sonra, yəni Vanın işğalına qədər olan vaxt ərzində hökumət tərəfindən ermənilərə qarşı adekvat addımlar atılmağa başlandı. Çünki Vanın işğalında erməni-daşnak qrupları müstəsna rol oynayıblar. Ermənilər Vanda bir gündə 15 min günahsız müsəlmanı qətlə yetirib. Bunu rus mənbələri də, türk mənbələri də deyir. Vanın işğalından sonra məcburi köçürülmə məsələsi gündəmə gəlir. Cəbhədə problem yaradan Qriqoryan kilsəsinə etiqad edən ermənilər deportasiya olunur. Buna diqqət edin. Köçürülmə nə katolik, nə də protestant ermənilərə tətbiq olunub. Bu, çox vacib amildir. Osmanlıya kim problem yaradıbsa, onları da cəbhədən uzaqlaşdırıb. Müvəqqəti sürgün adlandırılan bu köçürülməni ancaq biz etməmişik ki?! Bunu Rusiya da edib. Digər tərəfdən, Ənvər paşanın Tələt paşaya göndərdiyi bir teleqram var ki, ermənilər bunu “soyqırımı” məsələsində başlanğıc nöqtə hesab edirlər. Ənvər paşa Tələt paşaya yazır ki, “ruslar daşnaklarla birlikdə Qafqazdakı türk və müsəlmanları qətlə yetirərək bizim sərhədə qovurlar. Buna qarşı mütləq tədbir görülməlidir. Lazımdırsa, onlara elə bu şəkildə cavab verməliyik”. 1915-ci ildə ingilislər bunu irlandlara qarşı tətbiq edib. İngilislər İrlandiya hərəkatını dünya ictimaiyyətindən gizlətmək üçün erməni məsələsini bu qədər şişirdirlər. Ogünkü şərtlər daxilində biz ən humanist tədbirləri görmüşük. Ermənilərin qorunması ilə bağlı çox sayda sənədlərimiz var. Soyqırım törətmək istəyən bir dövlət bu qədər təfərrüatlı tədbirləri niyə həyata keçirməli idi? Erməniləri öldürmək istəsəydilər, Hitler kimi məhv edərdilər.

 

- 1918-ci ilin 4 iyun tarixində Osmanlı İmperiyası Batumda Azərbaycan və Gürcüstanla yanaşı, Ermənistanla da sülh müqaviləsi imzalayıb. Osmanlının Ermənistanla Batum müqaviləsini imzalamaqda əsas məqsədi nə idi?

 

- Balkan yarımadasında olduğu kimi, Cənubi Qafqazda da milli dövlətlərin yaradılması regionu Rusiyadan gözlənilən təhlükədən xilas edəcəkdi. Bizim Ermənistanın müstəqilliyini dəstəkləməyimiz və ya buna razılıq verməyimizin əsas səbəblərindən biri bu idi ki, ermənilər bizə qarşı torpaq iddialarından əl çəksinlər. Həm də Qərbin ermənilərə dövlət lazımdır təkliflərinə yaşıl işıq yandırıldı. Ən başlıcası, bölgədə sülh üçün şərait yaradıldı. Batumi konfransında Ermənistanla imzalan müqavilə həm də o demək idi ki, ermənilər Azərbaycan və Türkiyə arasında problem yaratmayacaqdılar, İngiltərənin, Rusiyanın əlində dəyənəyə çevrilməyəcəkdilər. Daha önəmlisi, daşnak təsirindən xilas olan bir Ermənistan yaradılmalı idi. Məqsəd Azərbaycanla əlaqələr qurmaq, Azərbaycan türklərini erməni təhlükəsindən qorumaq və İngiltərənin bu regiona təsirini azaltmaq idi. Məncə Türkiyə Batum konfransında ogünkü şərtlər altında uğurlu siyasət aparıb. Brest-Litovsk sülh müqaviləsindən sonra Batum konfransı bizim ikinci uğurumuz idi. O vaxt ingilislər Brest müqaviləsinə müqavimət göstərirdilər. Bu müqaviləni imzaladığına görə ingilislər rus hökumətini qınayırdılar. Deyirdilər ki, biz illərdir türkçülüyə qarşı mübarizə aparırıq, siz isə bu müqaviləni imzalamaqla türkçülük cərəyanının yolunu açdınız. Bu, bizim başımıza bəla olacaq. Kazım Qarabəkir paşanın Təbriz əməliyyatına adi münasibət göstərmək mümkün deyil. Çünki Təbriz Cənubi Azərbaycanın mərkəzidir. Təbrizin azad olunması ilə şimalda olduğu kimi, cənubda da Azərbaycan dövləti yaradılacaqdı. Cənubi Azərbaycanı şimala birləşdiyini düşünsək bu gün Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, Qarabağa problemini yaratmağa gücü çata bilərdi?! Ermənilərə verilən dəstəyin arxasında Cənubi Azərbaycan məsələsi dayanır. İran da bu məsələdə erməniləri dəstəkləyir.

 

- Bu il Avropa Parlamenti, Avstriya və digər bir neçə ölkə uydurma “erməni soyqırımı”nı tanıdı. Sizcə, Amerika Birləşmiş Ştatları da bu addımı atacaqmı?

 

- Amerika prezidentləri çıxışlarında “soyqırım” kəlməsini işlətmir. Amma səhv etmirəmsə, ABŞ-dakı 50 ştatdan 30-u bunu qəbul edib. Bu, nəyi həll edir? Bildiyiniz kimi, 1948-ci ildə soyqırım haqda qərarlar Qərb dünyası qəbul edib. 16 mart 1920-ci ildə ingilislər İstanbulu hüquqi cəhətdən işğal etdikləri vaxt nazirliklərə girdiklərində ilk axtardıqları erməni məsələsi ilə bağlı sənədlər olub. Sənədlərin heç birindən nəsə tapılmayıb. Arxayın olun, nəsə tapılsaydı, bizi çoxdan buna məcbur edərdilər, 1923-cü il Lozanna konfransında “biz sizin dövlətin müstəqilliyini tanıyırıq, siz də erməni soyqırımını tanıyın” deyə qarşımıza şərt qoyardılar. Bu, siyasi məsələdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR