Su qiymətinə planşetlər

Su qiymətinə planşetlər
12:06 16 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə aydan sonra Azərbaycanın ən populyar planşeti yerli məhsul olacaq, "iphone"lar və "qalaxi"lərin indiki populyarlığı bir qədər arxa plana keçəcək. Buna Mingəçevir elektron avadanlıqları istehsalı müəssisəsinin hazırda Tayvan şirkətləri ilə gerçəkləşdirmək istədiyi layihə imkan yaradacaq. "Biz hazırda bazarı öyrənərək noutbuk, yoxsa planşet istehsalının daha rentabelli olmasını öyrənirik",- deyə müəssisənin baş direktoru Rizvan Osmanov ANS PRESS-ə bildirib.

Baş direktorun sözlərinə görə, layihə ilə bağlı mərkəzi Tayvanda yerləşən və dünyanın üç böyük kompüter istehsalçısından biri olan “Acer” şirkəti ilə ilkin razılıq əldə edilib. İstehsal olunan texnika “İntel” şirkətinin prossesor və çiplərinə əsaslanacaq.

2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Mingəçevirdə yaradılmış “KÜR” elektron avadanlıqları istehsalı müəssisəsi bundan əvvəl də kompüter istehsalı ilə məşğul olub. Müssisə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalçıdır. Əvvəllər Mingəçevir kompüter zavodunda ildə 5 minə yaxın stasionar kompüter istehsal edilib və indi Azərbaycan evlərinin xeyli hissəsində məhz Mingəçevir kompüterləri istifadə edilir.

Zavodun məhsulları Dubayda və ya başqa şəhərlərdə kiçik sexlərdə kustar üsullarla yığılmış kompüterlərdən çox-çox keyfiyyətlidir. Çünki müəssisədə hazır kompüterlərin testdən keçirilməsi üçün termiki kamera quraşdırılıb. Bu termiki kamerada bütün hazır məhsullar 24 saat ərzində testdən keçirilir. Yəni yığılmış kompüterlər işlək vəziyyətə gətirilir və 24 saat ərzində təxminən 40 dərəcədə işlədilir. Bu, nisbətən zəif keyfiyyətli kompüterlərin aşkar edilməsində böyük rol oynayır. Kompüterlərin 40 dərəcədə yoxlanmasının səbəbləri var. Kompüterlərin yığıldığı elektron detallar - mikroprosessorlar, LED ekranlar və s. bəzən yay aylarında yüksək temperatur şəraitində işləməli olurlar. Bu zaman nisbətən keyfiyyətsiz detallar sıradan çıxa bilir. Termiki sınaq kamerası belə yararsız detalları aşkarlamağa imkan verir, amma kustar üsulla yığılmış məhsullar isə adətən istismar zamanı yararsız vəziyyətə düşürlər. Yəni zavodun məhsulları artıq 10 ilə yaxındır ki, Azərbaycan ailələrinə xidmət edir. Bu, onun məhsullarının satışında problem olmayacağını ehtimal etməyə iman verir.

Lakin son zamanlar zavodun məhsullarının satışında eniş müşahidə olunur ki, Rizvan Osmanov bunu alıcıların prioritetlərinin dəyişməsi ilə balayır. Onun dediyinə görə, alıcılar daha çox planşet kompüterlərə üstünlük verir. ANS PRESS əməkdaşı ilə söhbəti zamanı Osmanov layihədə böyük ehtimalla planşet istehsalına üstünlük veriləcək. "Çünki müəssisəmiz noutbuklarla müqayisədə iki dəfə çox planşet istehsal edə bilər. Termiki sınaq kamerasında sutka ərzində iki dəfə çox planşet yoxlamaq mümkündür, yəni ildə 10 minə yaxın planşet istehsal etmək mümkün olacaq",- deyə baş direktor vurğulayıb.

Müəssisədə Təhsil Nazirliyinin atacağı addımı da diqqətlə izləyirlər. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, yaxın gələcəkdə Azərbaycanın hər məktəblisinə bir kompüter düşəcək. Zavod işini nazirliyin hansı kompüter növünü seçəcəyinə - planşetə, yoxsa noutbuka üstünlük verəcəyinə uyğun qurmaq niyyətindədir.

Qiymətlər əlverişli olacaq ki, bu da Azərbaycan istehlakçısının, xüsusilə məktəblilərin ucuz qiymətə keyfiyyətli kompüter almasına şərait yaradacaq. Belə ucuz və keyfiyyətli kompüterlərin geniş yayılması ölkədə elektron hökumətin tətbiqini də sürətləndirəcək. Layihənin sosial baxımından üstünlükləri də var və bu, Mingəçevirdə 100-ə yaxın yeni iş yerinin açılması deməkdir. Rizvan Osmanov işçilərin maaşlarının 400 manata qədər olacağını deyir ki, bu, əyalət şəhəri üçün yetərincə əlverişli gəlirdir.

Amma bununla belə müəssisənin istehsal gücünün və ümumiyyətlə, Azərbaycanda elektronika sənayesinin genişləndirilməsinə böyük ehtiyac var. Məsələ bundadır ki, Azərbaycanda orta hesabla ildə 75 min kompüter satılır və bunun yalnız 10 mininin yerli istehsal tərəfindən təmin edilməsi o qədər də yaxşı göstərici deyil. Ölkənin elə də uzaq olmayan keçmişində elektronika sənayesinin gücü qat-qat yüksək idi. Gəncədə milyona yaxın mikroprosessor, yüz minə yaxın maye kristal displey (LED), Bakıda milyonlara mikroprosessor buraxılırdı və elektronika sənayesinin özəyini təşkil edən kristal yetişdirilirdi, yüz minlərlə kalkulyatorlar, elektron oyunlar yığılırdı. Amma hazırda yalnız sayı minlərlə ölçülən kompüterlər və televizorlar yığılır. Təbii ki, bu sektora iri maliyyə yatırmaqla milli elektronika sənayesini qurmaq olar və bu, yüz minlərlə yeni iş yeri deməkdir.

Bir çoxları Azərbaycanın daxili bazarının iri elektronika layihələri üçün kiçik olduğunu irəli sürür. Amma Tayvanın və Cənubi Koreyanın, Sinqapurun nümunəsi göstərir ki, daha çox beynəlxalq olan bu sektora daxil olmaq mümkündür. Tayvanın “Acer” şirkəti 1976-cı ildə cəmi 25 min dollar pulla qurulmuşdu, Cənubi Koreyanın "Samsung" şirkəti isə 1970-ci illərdə dəri aşlanması ilə məşğul olurdu. 1988-ci illərdə şirkətə yatırlan 2 milyrad dollarlın dövlət sərmayəsi onu dünya nəhənginə çevirdi. 1988-ci ildə Rusiyadan alınan bipolyar texnologiya "Samsung"un taleyini dəyişdi. Azərbaycan da bu təcrübədən yararlanmalıdır. Buna həm maddi imkanımız, həm də elmi potensialımız çatır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=25&nid=320058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR