Soçidə ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi Con Kerrinin az əvvəl Soçiyə gəldiyini açıqlayıb.
Kerri Soçidə II Dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidəni ziyarət edib. Həmçinin Soçi gimnaziyasının şagirdləri və şəhər sakinləri ilə söhbətləşib.
Sergey Lavrov isə abidənin ziyarət olunması mərasiminə özünün ağ rəngli “Pobeda” avtomobilinin sükanı arxasında gəlib.
Sergey Lavrovla Con Kerri arasında danışıqlardan sonra ABŞ dövlət katibinin prezident Vladimir Putinlə görüşü başlayacaq.
Danışıqların gündəmi kifayət qədər genişdir. Lakin Rusiyaya qarşı sanksiyalar məsələsinə toxunulmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin bu gün Soçidə Kerrini qəbul edəcək. Onun sözlərinə görə, Putin mayın 11-də qısamüddətli məzuniyyət götürərək Soçiyə gedib, bu gün Kremlə qayıtmağı nəzərdə tutsa da, planı dəyişib və bir həftə Soçidə işləməyi qərara alıb. Bu, Ukrayna məsələsinə görə ABŞ-la Rusiya arasında yaranmış gərginlik dövründə ilk yüksək səviyyəli rəsmi təmasdır.
Milli.Az