“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi I Avropa Oyunlarına hazırdır

16:48 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 11 may, AZƏRTAC
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi Bakıda keçiriləcək ilk Avropa Oyunlarına tam hazırdır. Muzeyin ekspozisiyası yenidən qurulub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, saray kompleksi qonaqları dünya standartlarına cavab verən müasir muzey ekspozisiyası ilə qarşılayacaq. Muzeyin ekspozisiyasının yenidən yaradılmasına xarici və yerli mütəxəssislər cəlb olunublar. Ekspozisiyanın hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyada videoproyeksiya, animasiyalı multimediya, audio və video formatlarında təqdimatlardan geniş istifadə edilib.
Qonaqlar multimedia bələdçilərindən faydalana biləcəklər. Muzeydə həmçinin müvafiq dövrə aid memarlıq, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular təqdim olunur. Burada Quba, Şamaxı, Bakı xalçaları gözəl görüntü ilə nümayiş olunur. Muzeydə taxt-tacın 3D formatında elektron görüntüşü və maketi də təqdim ediləcək.
Muzeyin yeni ekspozisiyasının tərtibatında Şirvanşahlar dövrünün ab-havası canlandırılır, interyer elementlərini təsəvvür etməyə imkan yaradılır. Yeni ekspozisiya saray kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər buraya gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir.
Kompleksə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü də bərpa olunub.
Birinci Avropa Oyunları müddətində muzey saat 10:00-dan 21:00-dək ziyarətçilərə xidmət edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvansahlar_Sarayi_Kompleksi_Dovlet_Tarixi_Memarliq_Qoruq_Muzeyi_I_Avropa_Oyunlarina_hazirdir-854291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR