Azərbaycan adına pislik edən şəbəkə - Müşfiq Ələsgərli yazır

İkram Rəhimovu Owen Jones, "Reallıq.info"nu "The Guardian" səviyyəsində təqdim edənlər

Başa vurduğumuz həftə qlobal səviyyədə diqqət çəkən media insidentləri baxımından zəngin oldu. Aralarında trendə çevrilənlər də var. Dünyaca məşhur "The Guardian"ın əməkdaşı Oven Gones -in (Owen Jones) London küçələrində nümayişkəranə şəkildə döyülməsindən tutmuş, Almaniyada hüquq şöbələrinin, vəkillərin mediaya xəbər ötürmələrini məhdudlaşdıran qaydaların tətbiq edilməsinə yönəlik etiraz aksiyalarına, Belçikada frilans (freelance ) jurnalistlərin əmək haqqının azlığına, ədalətsiz ödənişlərə qarşı kampaniya keçirmələrinə qədər bol məlumatlar var. Paralel olaraq Rusiyada, Ukraynada, Türkiyədə baş verən insidentlər də beynəlxalq təşkilatların diqqətindədir. Qeyd edilən insidentlərin hər biri önəmli olsa da, nəzərlər daha çox London üzərində köklənib. Çünki Oven Gones insidenti Qərbi Avropa ölkələrində uzun illər qapalı saxlanılan "jurnalistləri döyüb qorxutma, hədələyərək işindən çəkindirmə" hallarının son illərdə pik həddə çatmasını, açıq forma almasını isbatlayıb. İnsident avqustun 17-də baş verib. Londonda , "Kral Xaçı"nın yaxınlığında bir qrup adam Owen Jones-ə yaxınlaşaraq, onu döymüş, "baş nahiyyəsini zədələmişlər". NUJ xəbər verir ki, "Gones bir nəfər tərəfindən təpikləndikdən sonra yerə yıxılıb. Digər hücum edənlər onu başından təpikləməyə başlayıblar" (https://europeanjournalists.org/blog/2019/08/19/uk-journalist-owen-jones-attacked-by-four-men/). Britaniya media ictimaiyyətini heyrətləndirən və hiddətləndirən məqam budur ki, Londonun "Böyük şəhər polisi" hücumun CCTV görüntülərini əldə etsə də, bu günə qədər şübhəliləri saxlamayıb. Hansı ki, "Gones jurnalist fəaliyyəti ilə əlaqəli olaraq son bir ildə dəfələrlə təhdid və fiziki zorakılıq cəhdləri ilə qarşılaşmış, müdafiə üçün polisdən yardım istəmişdi". Nəticə isə budur ki, polis nəinki onun müdafiəsi üçün önləyici tədbirlər görməyib, həmçinin, döyülmə baş verəndən sonra da effektiv addımlar atmayıb. Bu, Avropanın mərkəzində media azadlığına, jurnalist təhlükəsziliyinə yönəlik təhlükəli tendensiyadır, ciddi narahatlıq doğurur, beynəlxalq media təşkilatlarını səfərbər edir.

Amma Avropa məkanında media insidentləri ilə bağlı qeyri-münasib görünən məqam təkcə London polisinin Oven Gones hadisəsinə yanaşmasında deyil. Qeyri-adilik, həm də, amerikaninsesi.org, turan.az, osmanqızı.tv-nin beynəlxalq səviyyəli media insidentlərinə münasibətləridir. Sonuncular isbat etməyə çalışırlar ki, dünya mediasının problemi "demokratiya beşiyi" adlandırılan mərkəzlərin birində-Londonda jurnalistin ölümcül halda döyülməsi, bir həftə ərzində cinayətkarın tutulub cəzalandırılmaması deyil. İddia edirlər ki, "dünya mediası üçün əsas təhdid Azərbaycan hakimiyyətidir, Azərbaycanın hüquq-mühafizə orqanlarıdır". Onlar beynəlxalq ictimaiyyəti öz iddialarına inandırmaq üçün yeni mövzu uydurublar. Arqument olaraq özünü jurnalist, yaratdığı "realliq.info" saytını da KİV qurumu adlandıran İkram Rəhimovun məhkəmə işini göstərirlər. Şəbəkənin mərkəzi fiqurları olan bu 3-lük ( amerikaninsesi.org, turan.az, osmanqızı.tv) və ətraflarında olanlar az qala hər gün müxtəlif dillərdə informasiya yayaraq "baş redaktor İkram Rəhimovun haqsız yerə həbs edildiyini, tutularkən hüquqlarının pozulduğunu, barəsində çıxarılan məhkəmə hökmünün ədalətsiz olduğunu" iddia edir, həm yerli, həm də beynəlxalq rəyi çaşdırır, bu yolla özlərinin qapalı saxladıqları maraqlarını təmin etməyə çalışırlar. Onlar informasiya manipulyasiyası üzrə texnologiyaları gözəl bilirlər, maxinasiyaları kamil şəkildə mənimsəyiblər, öz işlərini uyğun qururlar, nə yazıq ki, bəzən məqsədlərinə çatırlar da.

Yalançı arqumentlər üzərində qurduqları materialları ingilis, rus və başqa dillərə çevirərək beynəlxalq hüquq-müdafiə təşkilatlarına ünvanlı şəkildə göndərir, onların diqqətini çəkir, yekunda Azərbaycan əleyhinə bəyanatlar səsləndirilməsinə nail olurlar.

İki gün öncə amerikaninsesi.org xəbər yaydı ki, İkram Rəhimov ilkin məhkəmə instansiyasının qərarından narazı olduğu üçün aclıq edir. O, işinə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bundan bir müddət öncə isə osmanqızı.tv İkram Rəhimov barədə reportaj yaymış, onun hüquqlarının pozulduğunu bildirmişdi. Turan.az isə xəbər yaydı ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri İ.Rəhimova baş çəkiblər ...və sair. Nə qədər operativ, sistemli, muncuq kimi düzülmüş bir proses getdiyinin fərqindəsinizmi? Sanki dünyanın diqqəti Londonda, Berlində, Brüsseldə deyil, Bakıda, Azərbaycan üzərində cəmləşib kimi bir təəssürat yaradılır, digər beynəlxalq təşkilatların da bənzər addımlar atması üçün zəmin yaradılır. Artıq Sevinc Osmanqızının yönləndirməsi ilə Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyanatla çıxış edərək "siyasi səbəblər üzündən həbs edilmiş" İkram Rəhimov və Polad Aslanovun dərhal azadlığa buraxılmasını tələb edib! (https://www.amerikaninsesi.org/a/i%CC%87kram-r%C9%99himov-m%C9%99hk%C9%99m%C9%99-hey%C9%99tin%C9%99-etiraz-edib/5050840.html?ltflags=mailer).

Bəs görəsən, həmin təşkilatlara İkram Rəhimovun kimliyi barədə düzgün, detallı bilgi verilibmi? Əminəm ki, yox.

İkram Rəhimov imzası Azərbaycan media məkanında "reket jurnalist" insidenti ilə tanınıb.

Barəsində çox yazılıb, əməlləri bəllidir. Mən də yazmışam. Bu linklərdə daha geniş bilgi var ( https://news.milli.az/society/698508.html?fbclid=IwAR0XdujKa4fMUaf1KoMY3Wvogndm_lo3thF32-HVfIgAF8Wlb7nlHBEDQao) . İndiki məqsədim İkram Rəhimovu yenidən tanıtmaq deyil. Hədəfim İkram mövzusunu süni şəkildə qabardan, "reket jurnalist" fəaliyyətini stimullaşdıran, bunlardan faydalanıb Azərbaycan üzərinə hücumlar təşkil edən, ölkəmizin adını rüsvayçı siyahılarda görəmək istəyən, ölkəmizdə yeni, təhlükəli tendensiyaların əsasını qoyan şəbəkədir.

İkram Rəhimovu bataqlığa sürükləyənlər

Onların mahiyyətini açmaq üçün İkram Rəhimovun fəaliyyət tarixindən bəzi detallara təkrarən toxunmaq lazım gəlir. 2017-ci ilin avqust ayında Neftçala Elektrik Şəbəkəsinin rəhbərliyi adından MŞ-yə şikayət ərizəsi daxil oldu. Şikayətdə "Reallıq.info" xəbər portallarının bu müəssisə barədə qərəzli informasiyalar yaydığı ı bildirilirdi. Şikayət ərizəsində iddia olunurdu ki, portal təmsilçiləri yayılan materialların dayandırılması qarşılığında onlardan külli miqdirda vəsait istəyirlər. Məsələnin bu tərəfi ilə işimiz yox: biz hüquq -mühafizə orqanı deyilik, "rüşvət" məsələsini isbat etmək üçün nə mexanizmimiz, nə də səlahiyyətimiz yoxdur. Mətbuat Şurası daxil olan şikayətlərə yazılmış yazılar və onların peşə kodeksinə uyğunluğuna görə qiymət verir. Baxdıq, materiallar birtərəfli, qarşı tərəfin rəyi olmadan, isbatlanmamış rəqəmlər üzərində hazırlanmış və yayılmışdı. Bu yazıların əksəriyyəti İkramın facebook səhifəsində də var. İstəyənlər daxil olub oxuya və onları peşəkarlıq müstəvisində dəyərləndirə bilərlər. Yazılarda Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının bütün prinsipləri pozulub. Reallıq.info-ya xəbərdarlıq etdik, fəaliyyətində dönüş yaratmalarını tövsiyyə etdik. Adam nəticə çıxarmadı, əksinə, səhvlərini davam etdirdi, daha "intensiv" işlədi, daha kobud səhvlər törətdi, şikayətlər çoxaldı.

Birini də Sabirabad rayonunun Nizami kəndinin sakini göndərdi (adını yazmıram ki, mübahisəyə cəlb olunmasın, ərizəsi MŞ-də qorunur). Şikayətçi iddia edirdi ki, onunla həmkəndlisi arasında mülkiyyət davası olub. Münaqişə qarşı tərəfin həbsi ilə nəticələnib. Amma bir müddət sonra həbsə düşən şəxs barədə yeni, heyrətləndirici fakt əldə edib. Hüquq mühafizə orqanlarından xəbər alıb ki, münaqişə və xuliqanlıq sonucunda türməyə düşən şəxs məhkəməyə müraciət edərək işinə yenidən baxılmasını istəyib. Ərizəsinə əlavə edib ki, guya "jurnalistdir" və guya jurnaistik fəaliyyətinə görə şərlənib. Hətta vəkili vasitəsilə bəzi ölkələrə müraciət edərək, "təqibə məruz qalan jurnalist" qismində siyasi sığınacaq da istəyib. Şikayətçi MŞ-yə gəldi, konfliktli tərəfin, yəni "məhbus jurnalistin" vəsiqəsini bizə təqdim etdi. "Reallıq.info" saytının vəsiqəsi idi, İkram Rəhimovun imzası ilə verilmişdi. Məsələ ondadır ki, vəsiqə həmin şəxsə, məhbəs həyatı yaşadığı zaman verilib (Surəti MŞ-də saxlanılır). Deməli İkramın işinin bir tərəfi saxta vəsiqələrlə, saxta sənədlərlə siyasi sığınacaq düzəldən və Azərbaycan adını xaricdə rüsvay edən şəbəkəyə bağlanırdı. MŞ-nin bu mövzuda əlavə təhqiqat aparmaq mexanizmi yoxdur. Sadəcə həmən vaxt İkramı yenidən MŞ-yə dəvət etdik, iradımızı bildirdik. Adam "yazdığım yazılara görə məndən qisas alırsınız" dedi, üzərimizə şər atdı, böhtan danışdı. Sonda da "kimlərəsə bağlı olduğunu" dilə gətirdi, bizi "ağır cəzalandıracağı" ilə hədələdi və öz şəbəkəsi ilə yeni proses başlatdı. Onun bənzər əməlləri kifayət qədər çoxdur, hamısı da sənədli, sübutlu. Ortaya çıxan nəticə isə birdir: İkramın təxəyyülündəki jurnalistika fərqlidir, nə qanunlara, nə də peşə kodeksinə aidiyyatı yoxdur. Hədəf seçdiyi obyektlərə də, oz prinsipləri ilə yanaşır. Mətbuat Şurası xəbərdarlıq etdi, anlamadı. RNYTN dəfələrlə xəbərdarlıq etdi, onları da saya salmadı. Rəhbərlik etdiyi saytların fəaliyyəti qanunlara sığmadığı üçün dəfələrlə bloklandı, nəticə çıxarmadı. Reallıq.info bloklandı, əvəzində reallıqinfo.az saytını açdı, o da bloklandı, əvəzində reallıq.org açdı... Bu münvalla rəhbərlik etdiyi saytlar barədə 6 dəfə inzibati ölçü götürüldü, nəticə çıxarmadı.

İnsanlar reallıq.info səhifələrində şərə, böhtana, təhqirə məruz qaldılar. Hara üz tutsunlar, dərdlərini kimə desinlər bu insanlar? İkram Mətbuat Şurasını dinləmir, Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini dinləmir, məhkəmə dinləmir...Onun şərindən əziyyət çəkənlər, məcbur qalıb sonda DTX-ya müraciət etdilər. Əgər bu da nəticə verməsəydi, yəqin ki, İkramla "ənənəvi qaydada" hesablaşacaqdılar. Yaxşı ki, ölkəmiz hüquqi dövlətdir, məsələlər hüquq müstəvisində həll edilir. Əgər İkram ilk mərhələdə, Mətbuat Şuasından xəbərdarlıq aldığı zaman nəticə çıxarsaydı, fəaliyyətini qanuni müstəvidə qursaydı, yaxud, ikinci mərhələdə RNYTN -in inzibati tədbirlərinin mahiyyətini başa düşsəydi, indiki duruma düşməzdi. İndi həbsdədir (https://axar.az/news/toplum/348937.html). Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşların müraciətini geniş şəkildə araşdırdı, İkram Rəhimovun rüşvət tələb edən səs yazılarını əldə etdi, onları ictimailəşdirdi. Sonucda Rəhimov 2018-ci ilin oktyabr ayında həbs edildi. Aparılan istintaq əməllərindən sonra Səbail Rayon Məhkəməsi 2019-cu ilin iyun ayında onun barəsində 5 il 5 aylıq həbs cəzası tətbiq etdi. DTX-nın açıqlamasında deyilir: " Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatlar dərc etdirib, dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər DTX tərəfindən araşdırılıb. Ölkə ərazisində "reket" nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb, bu əməlləri törədən İkram Rəhimov saxlanılıb".

Nə deyək? Allah qapısını açsın. Arzu edək ki, islah olunsun, azadlığına qovuşsun.

Amma problem odur ki, İkram Rəhimovun islah olunmasını istəməyənlər, onu daha dərin bataqlığa sürükləyənlər var. Jurnalistika prinsiplərindən qətiyyən xəbəri olmayan "Reallıq.info" təsisçisinin indiki halı yuxarıda bəhs edilən şəbəkə üçün potensial gəlir mənbəyidir, yeni-yeni qrant layihələridir, qara pullardan ibarət investisiyanı cəlb etmək üçün obyektdir. Lokal və transmilli KİV qurumlarını, beynəlxalq statuslu hüquq -müdafiə təşkilatlarını, bəzi donor institutlarını öz tərkibində birləşdirən bu şəbəkələr öz qaranlıq, çirkin niyyətlərini gerçəkləşdirmək üçün nəinki İkram kimilərini axtarırlar, tapırlar, onları öz torlarına salıb istismar edirlər, hətta zərurət yarananda İkram düşüncəli qurbanları süni şəkildə yetişdirirlər, onları real varlıqlar kimi qələmə verməyi bacarırlar. Çünki bu, təkcə maliyyə məsələsi, qanunsuz gəlir məsələsi deyil, həm də bir tapşırıqdır. Ölkəmiz üzərində geosiyasi, geoiqtisadi maraqları olan güc mərkəzlərinə, həmçinin, ermənipərəst dairələrə bağlı olan bu şəbəkələr uzun müddətdir ki, fəaliyyətdədirlər. Onlar yeri gələndə "İkram kimilərin timsalında insan haqları pozuntuları üzrə" hesabatlar tərtib edir, belə qondarma hesabatları ölkəmizin beynəlxalq imicinin ləkələnməsi üçün istifadə edir, hansısa siyasi-iqtisadi maraqlarının təmin edilməsi üçün Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bəzən də ölkədə ictimai etimad mühitinin zəiflədilməsi, sabitliyin pozulması üçün istifadə edirlər. Uzun illərin təcrübəsi imkan verib ki, bütün bu mexanizmlər milli institutlar tərəfindən araşdırılsın, ifşa edilsin və qabaqlayıcı addımlar atılsın. Amma indi, fərqli, yeni nüanslar ortaya çıxır.

Yeni nüanslar

İkram Rəhimovun fəaliyyətindəki neqativlər barədə peşəkar müstəvidə qiyməti 2017-ci ildə Mətbuat Şurası verib. Onun təsis etdiyi saytın fəaliyyətinə inzibati məhdudiyyəti 2017-2018-ci illərdə Rabitə, Nəqliyyat, Yüksək Texnologiyalar Nazirliyini tətbiq edib. İkramın saxlanılmasını 2018-ci lin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti təşkil edib. Barəsində 5 il yarımlıq məhkumluq hökmünü isə, 2019-cu ildə Səbail Rayon Məhkəməsi verib. Bunlardan hər biri tamamilə fərqli, tam müstəqil qurumlardırlar. Heç biri hüquqi-subardinasiya baxımından digərinə bağlı, asılı deyil. Onları bu məsələdə birləşdirən yeganə xətt vətəndaşların müraciətləridir. Amma İkram Rəhimov açıqlamalarında bildirir ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovun göstərişi ilə həbs olunub. Burada bir məntiq varmı? Xeyr, heç bir məntiq yoxdur. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, bu qurumların bir qismi tamamilə müstəqildirlər, bir qismi də yalnız ölkə Prezidentinə tabedirlər. Onda İkram Rəhimov niyə belə düşünür, niyə həm özünü, həm də ictimai rəyi çaşdırır? Mürəkkəb göründüyü qədər də, sadə sualdır. Bu, İkramın düşüncəsi deyil, onu belə "düşünməyə", belə "danışmağa" yönləndirirlər. Amma başqa bir sual öz aktullığını qoruyur: kimdir İkramı yönləndirənlər? Nədir onların marağı?

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR