Oqtay Əsədov: “Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”

Oqtay Əsədov: “Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”
17:42 12 May 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 17:38 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentdən APA-ya verilən məlumata görə, O. Əsədov eyni soy kökünə, mədəniyyətə malik xalqlarımız arasında dostluq əlaqələrinin sarsılmaz olduğunu bildirib.

 

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunə ola biləcək səviyyədədir: “Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Ölkələrimiz arasında imzalanmış 200 sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. 27 sənəd isə baxılmaq üzrədir”.

 

İqtisadi əlaqələrimizin də qürurverici olduğunu deyən O. Əsədov bildirib ki, bu gün Türkiyədə 1300-dən çox Azərbaycan şirkəti, ölkəmizdə isə 2400-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir: “Bu il Qarsda TAP qaz layihəsinin təməlqoyma mərasiminin keçirilməsi iqtisadi əməkdaşlığımızın yüksək səviyyədə olmasının əyani göstəricilərindəndir. Enerji sahəsindəki əməkdaşlığımız Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır”.

 

Parlamentlərarası əlaqələrdən söz açan spiker deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini müsbət dəyərləndirib. Bildirilib ki, “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı forumdan şou düzəltmək istəyən ermənipərəst qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Bunun əvəzində türk ordusunun Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş tədbir təntənəli şəkildə baş tutub və dünya ictimaiyyətinin diqqətini cəlb edib.

 

Öz növbəsində Ə. Babacan ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən  məmnun qaldığını bildirib. O, tarixən sarsılmaz təməllər üzərində qurulmuş dostluğumuzun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Ə. Babacan Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu əməkdaşlıq bölgəyə əmin-amanlıq, firavanlıq gətirəcək. Qonaq TAP və TANAP kimi iri qaz layihələrinin, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin reallaşması ilə hər iki ölkənin regionda nüfuzunun daha da artacağını söyləyib.

 

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR