x
Loading...

Qarabağ ərazisindəki silahlı daşnak dəstələrini darmadağın edən sərkərdəyə həsr olunmuş açıq dərs

Qarabağ ərazisindəki silahlı daşnak dəstələrini darmadağın edən sərkərdəyə həsr olunmuş açıq dərs
17:23 12 May 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 12 may, AZƏRTAC
“Naxçıvan” Universitetinin xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə Cəmşid Naxçıvanskinin ev-muzeyində generalın anadan olmasının 120 illik yubileyinə həsr olunmuş açıq dərs keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ingilis dilində keçirilən açıq dərsdə ali təhsil ocağının xarici dillər fakültəsinin dekanı Hüseyn Bağırsoylu tələbələrə görkəmli sərkərdənin həyat yolu barədə ətraflı məlumat verib.
Bildirilib ki, Naxçıvan şəhərində dünyaya göz açan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabit kimi gümüş silahla mükafatlandırılıb, 2-ci, 3-cü, 4-cü dərəcəli “Müqəddəs Anna”, 2-ci, 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif olunub.
Cəmşid Naxçıvanski türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə 1918-ci ildə Bakını daşnaklardan təmizləyib, Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarov 1920-ci il 24 mart tarixli əmri ilə I süvari “Tatar alayı”nın komandiri podpolkovnik Cəmşid Naxçıvanskini II Qarabağ süvari alayının komandiri təyin edib və onun rəhbərliyi ilə Azərbaycan Ordusu qısa zamanda Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələrini darmadağın edib.
Muzeyin baş elmi işçisi Gülnaz Hüseynova tələbələrə məlumat verərək bildirib ki, muzey 1981-ci ildə Kəngərli xanları nəslinin nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılıb. Muzeydə C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları qorunub saxlanılır. Ümumiyyətlə muzey fondunda 6 minə yaxın eksponat var ki, bunun da 900-dən çoxu ekspozisiya zalında nümayiş etdirilir. Bunların içərisində C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_erazisindeki_silahli_dasnak_destelerini_darmadagin_eden_serkerdeye_hesr_olunmus_achiq_ders-854340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR