Fransanın "Alstom" şirkəti Azərbaycanda yeni istehsal müəssisəsi yaratmaq istəyir

18:58 12 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, Gülnar Bəşirova, AZƏRTAC
Fransanın "Alstom" şirkəti Bakıda ofis açmaqla yanaşı, Azərbaycanda yeni istehsal müəssisəsi yaratmaq istəyir.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın “Alstom” şirkətinin MDB ölkələri üzrə vitse-prezidenti Martin Vojur deyib.
M. Vojur bildirib ki, buna səbəb Azərbaycanın artan iqtisadi imkanları və regionun lider dövlətinə çevrilməsidir: “Hesab edirik ki, Azərbaycanda istehsal müəssisəsi açmaqla Rusiya və Qazaxıstan bazarına daxil olmaq imkanını da əldə edəcəyik. Bu məqsədlə hazırda "Bakı Metropoliteni" QSC ilə danışıqlar aparırıq. Burada əsas məqsəd “Bakı Metropoliteni” QSC-nin vaqonlarının, platformasının müasir tələblərə uyğunlaşdırılmasıdır. Bu işləri şirkətin mütəxəssisləri ilə paralel olaraq, yerli mütəxəssisləri də cəlb edərək həyata keçirmək istəyirik. Müqavilənin imzalanması ilin sonuna kimi planlaşdırılır. İşlərin 2030-cu ilə qədər davam etdirilməsi nəzərdə tutulub”.
O qeyd edib ki, "Bakı Metropoliteni” QSC-nin deposunun yenilənməsi ilə bağlı danışıqlar davam etdirilir. Təkliflərdən biri köhnə deponun yenilənməsi, digəri isə şəhərdən kənarda yeni deponun inşa edilməsidir.
M. Vojur onu da əlavə edib ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə də əməkdaşlıq etmək niyyətindədirlər.
Qeyd edək ki, imzalanması nəzərdə tutulan müqaviləyə əsasən “Alstom” şirkəti Bakı-Tbilisi-Qars dəmiryolu xəttində yük daşımalarını həyata keçirmək üçün lokomotivlərlə də təmin etmək arzusundadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransanin__quotAlstom_quot_sirketi_Azerbaycanda_yeni_istehsal_muessisesi_yaratmaq_isteyir-854349

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR