Bakı, 12 may, AZƏRTAC
Azərbaycanın “Baku HOG Azerbaijan” komandası Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev yolu ilə” motoyürüşündə iştirak ediblər.
Baykerlərimiz Naxçıvandan, İrandan keçərək ümumilikdə 1200 kilometrdən çox məsafə qət edib Bakıya çatıblar.
ANS Şirkətlər Qrupunun prezidenti və “Baku HOG Azerbaijan” komandasının rəhbəri Vahid Mustafayev yürüşlə bağlı deyib: “Səfər çox uğurlu alındı və xoş anlarla yadda qaldı. Bu səfərdə bizə kömək edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Əhali tərəfindən çox gözəl qarşılandıq. Ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarındakı vəziyyət ürəkağrıdıcıdır. İnanıram ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək və növbəti yürüşümüzü Zəngilandan və Cəbrayıldan keçərək reallaşdıracağıq”, - deyə Vahid Mustafayev vurğulayıb.







