Azərbaycanıni səbri artıq tükənir

Azərbaycanıni səbri artıq tükənir
22:17 12 May 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Düz 21 ildir ki, sizə hər gün atəşkəs haqqında məlumat veririk. 21 il bundan əvvəl Azərbaycanla Ermənistan arasında imzalanan protokola əsasən tərəflər birinci Qarabağ müharibəsində atəşkəs elan ediblər. Əslində bu atəşkəs sözdədir. Çünki 21 ildə elə gün olmayıb ki, Ermənistan silahlı bölmələri mövqelərimizi hədəf seçməsinlər. Atəşkəs haqda sazişin imzalanması Azərbaycan ordusunun artıq Füzuli istiqamətində ciddi irəliləyişə nail olması və Horadiz stansiyasına nəzarəti bərpa etdiyi dövrə təsadüf etmişdi.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, atəşkəs imzalanarkən əslində onun müəyyən bir dövrü əhatə etməsi nəzərdə tutulurdu. Bu ay da ola bilərdi, il də. Amma 21 il ola bilməzdi. Çünki adətən belə ümumi atəşkəsdən sonra mütləq vasitəçi dövlətlərin köməyi ilə böyük sülh müqaviləsi bağlanır. Bizdə isə vasitəçilərin missiyası sadəcə yol ölçmək oldu. Onlar böyük sülh yarada bilmədilər. Atəşkəs isə 21 ildir davam edir. Bu illər ərzində həm itirdik, həm qazandıq. Qazandıqlarımızdan sonra danışacam. Hələ ki, itkilərimiz barədə...
 
Atəşkəs olsa da, bu illər ərzində mövqe döyüşləri ardıcıl olaraq davam elədi. Bu bəzi hallarda, hətta geniş döyüş əməliyyatlarının bərpa olunması təhlükəsinə qədər yüksəldi. Təkcə, ötən ilin avqustunu xatırlamaq yetər. Ermənistan silahlı birləşmələrinin ərazilərimizə soxulmaq cəhdlərinin qarşısını alarkən 8 hərbçimizi itirdik. Düşmən tərəfin itkiləri isə bizdən dəfələrlə çox oldu.
 
Atəşkəsin bizə vurduğu ziyan xüsusilə özünü snayperlərin fəallığında göstərdi. İş o yerə çatdı ki, fövqəl dövlətlər belə snayperlərin geri çəkilməsi ilə bağlı bəyanatlar verdilər. Əlbəttə bu bəyanatlar nə balaca Farizi anasına qaytardı, nə itirdiyimiz torpaqları anamız Azərbaycana. Amma təcrübə qazandıq. Döyüş təcrübəsi, ordu təcrübəsi və s.
 
Ordunun NATO ölçülərinə uyğunlaşdırılması, qoşunların güc və döyüş imkanlarının artırılması, yeni silah və hava hücumundan müdafiə sistemlərinin alınması, gənc zabit kadrlarının formalaşdırılması baxımından Azərbaycan atəşkəsdən müəyyən mənada səmərəli istifadə edə bildi. Bura xüsusi ilə hərbi sənayemizin formalaşmasını əlavə etmək istəyirəm. Bu gün Azərbaycan təkcə öz silahını istehsal etmir, bu silahlar üçün lazım olan sursat ehtiyatını da özü təmin edə bilir. Halbuki, 20 il əvvəl silah sarıdan vəziyyətimiz bax beləydi.
 
Atəşkəsin bağlandığı illərdə özünü müdafiə etmək qabiliyyətindən məhrum olan Naxçıvanı da artıq bu gün öz ordusu qoruyur. Yəni, sabah müharibə başlasa, Naxçıvan ordusu Azərbaycan Silahlı Qüvvələrinin böyük bir hissəsi olaraq bu əməliyyatlara qoşula bilər.
 
“Əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunsaydı, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir, belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır”, – deyə prezident İlham Əliyev bildirib.
 
İnşallah, o gün uzaqda deyil.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/340011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR